Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev () — Azərbaycan teatr və kino aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı,Faiqqızı, L. Əbədiyaşar sənətkar ömrü: [Xalq artisti Yaşar Nuri haqqında] //525-ci qəzet.- 2015.- 20 noyabr.- S.8. Azərbaycanın xalq artisti (1989), Azərbaycan Respublikasının dövlət mükafatı laureatı (1991).
Həyatı Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.
Səhnədə ilk addımları Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.İlham Rəhimli. Sənətdə keçən ömür. Bakı: 1992, səh. 203.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
…İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Məşhur kino ustası Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir.
Yubileyləri Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını — əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.
Teatrda Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.
2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı. Akademik Milli Dram Teatrının tamaşaçı zalına H. Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərdi. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilmədi.
Səhnə fəaliyyəti Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır.Sənətdə keçən ömür. İlham Rəhimli. Bakı: 1992, səh. 209 Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.
Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.
İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.
Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.Rəzalət burulğanında ümid işığı. Eldar Quliyev; "Kommunist" qəzeti, 20 oktyabr, 1988-ci il
Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyniadlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.İlham Rəhimli. Sənətdə keçən ömür. Bakı: 1992, səh. 224.
Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.
Ümumi və fərdi aktyor fəndləri
Səhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Izləyici teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan izləyicilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir. Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə… Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz. Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir (pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları ilə duyur. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində "donur". Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının salamlarını alır.Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 211
Alqış "qoparıb" sonra səhnədən getmək Açığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə varaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə(yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asanlıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir.
Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bədahətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 212
Pauzanı saxlamaq İlk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?
Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq Kazımov tamaşalarını(illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları…) bu cür "çoxdanışan sükutlarla" özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi "rəngini" verib.