Azad Mövlud oğlu Nəbiyev () — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1981), professor (1982), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
Həyatı Azad Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika ixtisasına daxil olub. O, 1967-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurub. Azad Nəbiyev 1968-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul edilib.
Ailəsi Rövşən adlı oğlu və Ülkər adlı qızı var.
Əmək fəaliyyəti Azad Nəbiyev əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında siyasi ədəbiyyat üzrə böyük redaktor kimi başlayıb və 1974-cü ilə qədər orada çalışıb. O, 1974-1976-cı illərdə "Gənclik" nəşriyyatında redaksiya müdiri olub.
Azad Nəbiyev 1976-cı ildən Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlayıb. O, 1976-1989-cu illərdə universitetin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Alimin təşəbbüsü ilə 1989-cu ildə Bakı Dövlət Universitetində Folklor kafedrası açılır və o, həmin kafedranın müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetinin nəşr etdiyi "Folklorşünaslıq məsələləri" jurnalının baş redaktoru olub.
Azad Nəbiyev 1992-2000-ci illərdə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olub. O, 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilib, habelə 1998-ci ildən ölümünə qədər Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin və 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Azad Nəbiyev AMEA Humanitar və İctimai Elmlər Bölməsi Bürosunun və AMEA Folklor İnstitutu Elmi Şurasının üzvü, "Folklorşünaslıq" ixtisası üzrə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi uzun müddət fəaliyyət göstərib. 1992-2000-ci illərdə Dirçəliş və Tərəqqi Partiyasının sədri olub.
Elmi fəaliyyəti Azad Nəbiyev 1972-ci ildə 27 yaşında "Koroğlu dastanı Koroğlu surəti (Azərbaycan-Özbək materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1981--ci ildə 36 yaşında isə "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Ədəbi fəaliyyəti Azad Nəbiyev ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunub. 1972-ci ildən qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış edib.
Azad Nəbiyev İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.
Əsərləri Bağlarda bahar. Bakı: Gənclik, 1969, 87 səh. Qəhrəmanlıq səhifələri. Bakı: Gənclik, 1975, 174 səh. Azərbaycan-özbək folklor əlaqələri. Bakı: Azərnəşr, 1978, 182 səh. Azərbaycan folklorunun janrları. Bakı: BDU nəşri, 1983, 92 səh. El nəğmələri xalq oyunları. Bakı: Azərnəşr, 1988, 172 səh. Sərhəd bilməyən əlaqələr (Azərbaycan-türkmən folklor əlaqələri). Bakı: Azərnəşr, 1992, 112 səh. İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, 112 səh. İlin əziz günləri. Bakı: Maarif, 1999, 121 səh. Azərbaycan uşaq folkloru. Bakı: Elm, 2000, 76 səh. Azərbaycan xalq ədəbiyyatı (ali məktəblər üçün dərslik). I hissə. Bakı: Nəşrlər evi, 2001, 678 səh. Azərbaycan xalq ədəbiyyatı. I kitab.Bakı: Çıraq, 2009. Azərbaycan xalq ədəbiyyatı. II kitab. Bakı: Elm, 2006. Milli təəssübkeşlik yoxsa erməni saxtakarlığı. Bakı: BDU nəşri, 2003, 78 səh. Nəhrələrdən güc alanda. Bakı: BDU nəşri, 2003, 62 səh. Koroğlu (uşaqlar üçün). Bakı: 2001, 37 səh. Qaçaq Nəbi (uşaqlar üçün). Bakı: 2001, 62 səh. Azərbaycan aşıq məktəbləri . Bakı: "Nurlan", 2004, 312 səh.
Ölümü Azad Nəbiyev 13 fevral 2002-ci ildə Bakı şəhərində qəfil ürəktutmadan vəfat edib və Qubanın II Nügədi kəndində dəfn edilib.
Mükafatları Azad Nəbiyev 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adını alıb.
İstinadlar
Xarici keçidlər
Müdriklik dünyası Azərbaycan Xalq Ədəbiyyati II Cild Azərbaycan xalq ədəbiyyatı-II hissə
Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycanlı folklorşünaslar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri