Oğlanqala – Şərur rayonu ərazisində e.ə. II – I minilliklərə aid yaşayış yeri.

Memarlıq xüsusiyyətləri Abidə Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşir. Oğlanqala yaşayış yerinin sahəsi 40 hektar, mədəni təbəqənin qalınlığı isə 3 metrdən artıqdır. Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnmişdir. Divarlar uzunluğu 1,5 – 3 metrdir. Qalınlığı isə 1 metrdən çox olan kobud yonulmuş daşlardan tikilmişdir. Bu baxımdan Oğlanqalanı siklop tikililərinə aid edən tədqiqatçılar da vardır.А. Алекперов – Исследования по археологии и этнографии Азербайджана, Баку, 1960 Divarların bəzi yerlərində üst – üstə qoyulmuş 4 cərgə daş qalmışdır.

Dağın cənub – qərbində kiçik berclərə oxşar yarımdairəvi tikilər vardır. Tikinti üslubuna görə Oğlanqala, assurların dağ qalalarına oxşayır.В. Керимов – Оборонительные сооружение Азербайджана (историко – архитектурный очерк), Баку, 1998 Oğlanqalanın mərkəzindəki, sahəsi 70×100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur.

Oğlanqalada 1988–1989-cu illərin qazıntıları zamanı qalanın Erkən və Orta Dəmir dövründə bu ərazidə mühüm siyasi mərkəz olması ilə bağlı inkaredilməz dəlillər aşkar olunmuşdu. 2008–2011-ci illərdə Azərbaycan-Amerika ekspedisiyasının dörd il ərzində apardığı qazıntılar nəinki bu ilk mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, Oğlanqala Erkən Dəmir dövründə müstəqil dövlətin paytaxtı olmuşdur. O, qonşu Urartu dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamış, Əhəməni imperiyasının dağılmasından sonrakı yüzilliklərdə güclü müdafiə sistemi ilə əhatə olunmuş şəhər-dövlətin paytaxtı olmuşdu. 1988–1989-cu illərdə aparılan qazıntılar 280 m² sahəni əhatə etmişdir. Qazıntı zamanı yaşayış yerində dörd tikinti dövrü müəyyən edilmişdir. Arxеoloji tədqiqatlar 150 m² sahədə ana torpağadək davam etdirilmişdir. Məlum olmuşdur ki, qalanın müdafiə divarları təbii qayalıq üzərində salınmışdır. Mədəni təbəqənin qalınlığı yerin relyefindən asılı olaraq 2,5–4,5 m arasındadır. Araşdırmalar müdafiə divarının müxtəlif tikinti dövrlərində fəaliyyət göstərdiyini sübut edir. İri qaya parçalarından hörülən divar relyefdən asılı olaraq 1–2,7 m hündürlüyündə saxlanmışdı.

Divarın ətrafında xeyli miqdarda çiy kərpic və möhrə qalıqlarının aşkar olunması, onun yuxarı qisminin çiy kərpiclə hörülərək tamalandığını göstərir.2008–2011-ci il mövsümündə aparılan qazıntılar zamanı əsas məqsəd Oğlanqalanın sitadelini və şimal bürcü yaxınlığındakı istehkamları açmaqdan ibarət idi. 2010-cu ildə şimal-qərbdəki dairəvi bürcün şimal divarının təməlindən götürülən kömür analizi göstərdi ki, bu müdafiə istehkamları təqribən e. ə. 800-cü ildə inşa olunmuşdur. Bu o deməkdir ki, Oğlanqalanın istehkamları Urartu imperiyasının Türkiyədə möhkəmləndiyi [təqribən e. ə. 850–600-cü il], Qafqazda və Şimal-Qərbi İranda. hərbi əməliyyatlar apardığı dövrdə tikilmişdir. Tapıntılardan daha çox müdafiə istehkamlarının tikinti texnikası maraq doğururdu. Oqlanqalanın mühəndisləri qalanı tikərkən Erkən Dəmir dövrü texnikasından, yoxsa öz nüfuzlu qonşuları olan urartuların tikinti texnikası və üsullarından istifadə etmişdilər? Urartu istehkamları fövqəladə dərəcədə standartlaşdırılmışdır, onlar müntəzəm möhkəmləndirmə, yonulmuş daşlardan ibarət və standart ölçülü kərpic tikinti ilə xarakterizə olunur. Ehtimal ki, Urartu arxitektorları dövlətin daimiliyini təmin etmək üçün imperiya ərazisindəki bütün istehkamların tikintisini layihələşdirmişdilər.

Oğlanqalanın tədqiqi zamanı şimal istehkamların xüsusiyyəti 215 metrlik məsafədə izlənmişdi. Araşdırma göstərdi ki, Oğlanqalanın istehkamları Dəmir dövrünün erkən mərhələsinin tikintilərini xatırladır. Lakin ola bilsin ki, Urartunun bəzi xüsusiyyətləri də təqlid edilmişdir. Urartu divarlarının düz və dördkünc, topoqrafiyaya uymayan xüsusiyyətlərindən fərqli olaraq Oğlanqala istehkamları Qaratəpə dağının topoqrafiyasına uyğun olaraq inşa edilmişdir. Şimal divarlarının araşdırılması ciddi düşünülmüş, lakin bəzən qeyri-müntəzəm möhkəmləndirilmiş istehkamları ortaya çıxardı. Uzunluğu 7 m, eni 4 m olan divarın qərb tərəfinin təməli kifayət qədər davamlıdır. Onlar bir-birindən 15 m aralıda idi. Lakin şərqə doğru bu nümunə qırılır. Möhkəmləndirilmiş divarlar əvəzinə qeyri-müntəzəm işlənmiş divar ziqzaqları ortaya çıxır. Möhkəmləndirilmiş divarların Urartu arxitekturasının xüsusiyyəti olmasına baxmayaraq, onların bənzərləri Cənubi Qafqazın Dəmir dövrü arxitekturasından da mövcuddur.

Şimal istehkamlar blok halına salınmış əhəngdaşı parçalarından inşa olunmuş, daş blokların arasındakı boşluqları doldurmaq və divarı düzəltmək üçün isə kiçik həcmli daşlardan istifadə edilmişdir. Divarın müxtəlif hissəsindəki daşlar səliqə ilə düzülmüş yonulmamış daşlardan ibarətdir. Lakin divarın bəzi hissələrində, əhəngdaşı parçalarının boyük hissəsi kvadrat və düzbucaqlı blok şəklində yonulmuşdur. Bu tip blokların ölçüsü 30 və 70 sm2 arasındadır. Digər hissələrdə isə divarlarında bir qədər yonulmuş və yonulmamış daşlardan istifadə edilmişdir. Daşyonanlar IV Dövrdə, ümumiyyətlə, divarlara yaxşı yonulmuş küncləri olan daşlar qoymağın qayğısını çəkməmişlər, ehtimal ki, bu hissələr zəif olduğundan eroziyaya məruz qalmışdır. Divar boyunca istifadə olunan kiçik həcmli daşların da miqdarı dəyişmişdir. Bu müdafiə divarı ana qaya üzərində tikilmiş, bununla belə müxtəlif tikinti üsullarından istifadə edilmişdir. Ümumiyyətlə, divar inşa edilməzdən əvvəl təməldəki otlar yandırılmış və buna görə də birbaşa divarların altında tünd boz rəngli kül layı saxlanmışdır. Təməlin üzərindəki bitki örtüyünün yandırılması əhəngdaşının keyfiyyətini dəyişdirmiş, onların üzərində daş ovuğu və çatlaqlar qalmışdır. Bundan sonra bənnalar əhəngdaşı bloklarını təməlin üzərinə qoymaq və müxtəlif üsullardan istifadə etməklə səviyyəni düzəltməyə və düzgün səth almağa çalışmışlar Bəzən böyük blokların altı kiçik həcmli daşlarla düzəldilir, bəzən isə daş bloklar birbaşa qayanın üzərinə qoyulurdu. Urartu qalalarında olduğu kimi təməl üçün birbaşa qayanın düzəldilməsinə heç vaxt rastlanmamışdır. Urartularda pilləkən formasında yonulan qayalar birbaşa təməlin əsasını təşkil edirdi. Oğlanqalanın bu istehkamında müxtəlif tikinti üsullarının istifadə edilməsi qalanı inşa edən arxitektorlar və daşyonanlar haqqında müəyyən fikirlər deməyə imkan verir. Belə hesab edirik ki, qalanın müxtəlif hissələrinin tikilməsinə ayrıca şəxslər cavabdeh olmuş və tikintidə Urartu qalalarında olduğu kimi heç bir standartlaşdırmaya ehtiyac duyulmamışdır.

Şimal müdafiə divarlarının daş istehkamları bəzi yerlərdə 2 m yüksəkliyində saxlanmışdır. Lakin, ümumiyyətlə, onların hündürlüyü 1–1,5 m-dən aşağı olmuşdur. Əlavə olaraq bu istehkamların üzəri ölçüləri 40 X 40 X 20 sm olan kərpic tikinti ilə tamamlanmışdır. Onlar həm inşa olunmuş divarların hündürlüyünü yüksəltmiş, həm də divarlar üçün terras rolunu oynamışdır. Divarların daş fasadı arxadan çınqılla doldurulurdu. Kərpic tikintilər daş təməl üzərində inşa olunurdu. Oğlanqalanın şimal tərəfinin araşdırılması göstərir ki, bu hissə kərpic terraslardan ibarət olmuş, divarların möhkəmliyini artıran çınqıl, daş divarlar kimi əsas tikinti materialı olmuş və təqribən e.ə. 800-cü ildə tikilmişdir. Terraslanmış sahənin ölçüsü təqribən 78 X 164 m olmuşdur. Sitadelin xarici divarı ilə müdafiə divarı arasındakı yüksəklik 35 m olmuşdur. Bu 2, 42 ha olan sahənin terraslaşdırılmasına, karxana işlərinə, böyük əhəng blokları və milyonlarla kərpicin daşınmasına xeyli işçi qüvvəsi cəlb edilmişdir. Bu təqribən milyonlarla işçidən ibarət böyük işçi qüvvəsi tələb edirdi. Bu tikinti layihəsinin monumentallığı IV Dövr Oğlanqala liderlərinin böyük qüvvəsindən xəbər verir. Tikintinin möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir.

Araşdırma zamanı şimal-şərq tərəfdə qapı olduğu zənn edilən bir boşluğa rast gəlinmişdir. Bu boşluğun eni 8, 3 m idi. IV Dövrdə burada inşa olunan divar, ehtimal ki, sitadelə gedən orijinal qapı olmuşdur. Bu divarın şimal yamacın ən əlverişli mövqeyində yerləşməsi irəli sürülən ehtimalı təsdiq edir. Əlavə olaraq demək olar ki, burada çay daşlarından işlənmiş təmələ rastlanmamış, çay daşlarını kiçik hissələrə bölünmüş əhəng daşı ilə birləşdirən başqa bir üsuldan istifadə edilmişdir. Bu aralıqda, qərb tərəfdə ana qaya üzərində açılmış oyuq, böyük ehtimalla qapı oxu üçün nəzərdə tutulmuşdur. Bu pilləkənli sahə, ola bilsin ki, III Dövrdə sitateldə rastlanmış divara bənzər tikinti zamanı doldurulmuşdur. IV Dövrün son cərgələri kiçik həcmli yastı daşlarla işlənmiş və səviyyəni düzəltmək üşün istifadə edilmişdir. Bu tikintinin üzərinə iki cərgə kərpic tikinti, ondan sonra isə üç cərgə böyük daş bloklar qoyulmuşdur. Daş blokların əksəriyyəti IV Dövrdəki bənzərlərinə nisbətən çox kiçik idi. Ümumiyyətlə, yan-yana qoyulmuş 20–30 sm2 ölçülü daşlar pis inşaat texnikasından xəbər verirdi, belə ki, bu tikintidə daşların bir çoxu bloklarla uyğun deyildi.

Ərazisi 1,2 ha olan sitadelin əsas binası şimal tərəfdə yerləşir və təqribən 4700 m² sahəni əhatə edir. Burada Sovet dövründə, 1988–1989-cu illərdə və bizim 2008–2011-ci illərdə apardığımız araşdırmalar zamanı binanın 1800 m² sahəni əhatən edən hissəsi açılmışdır. Radiokarbon analizlər göstərir ki, sitadel, əvvəlcə, təqribən e.ə. 800-cü ildə Oğlanqala IV dövründə tikilmişdir. Bu bürclərin və müdafiə istehkamlarının yaradılması ilə üst-üstə düşür. İstehkamların inşasında istifadə edilən tikinti üsulları həmçinin sitadeldə istifadə olunmuşdur.

Oğlanqalanın IV Dövrünə aid sarayı ölçüləri 33 X 34 m, yaxud 1122 m² olan böyük daxili həyətin ətrafında inşa olunmuşdur. Bu demək olar ki, Türkiyədəki Altıntəpə məbədini əhatə edən daxili həyətlə eyni ölçüdədir. Daxili həyət, ehtimal ki, sitadeldə ən mühüm ictimai yerlərdən biri olmuşdur. Onun hədsiz dərəcədə böyük ölçüsü qala hökmdarının güclü siyasi hakimiyyətini göstərir. Daxili həyətdən şərqə doğru bir neçə uzunsov, ensiz binalar aşkar edilmişdi.

Biz daxili həyətdə IV Dövrə aid, qalanın inzibati funksiyaları ilə bağlı olan böyük küplərin qalığına və Azərbaycanda ən qədim mixi yazı olan keramika üzərindəki kitabələrə rast gəldik. Lakin heç bir təsərrüfat küpü bütövlükdə aşkar edilmədi. Təsərrüfat küplərinin parçaları bədii cəhətdən olduqca yüksəksəviyyəli hazırlanmışdı. Üzərində mixi yazı olan parçalar isə demək olar ki, bu sahənin bütün kontekstlərindən aşkar olunurdu. Küplərin üzərində fraqment halındakı yazılar, şübhəsiz ki, onların tutumunu göstərirdi. Biz rəqəmlərə aid a-q [ar] və ru kimi bəzi işarələri bərpa olunmuşdur, ehtimal ki, onlar aqarqi i terusi işarələrini və həcm ölçüsünü bildirmişdir.

2011-ci il mövsümündə tədqiqatlar zamanı şərqdə sitadelin IV Dövrə aid istehkamları aşkar olunmuşdu. Burada müəyyən ara verilməklə divarlar qərbə doğru yönəlmişdi. Bu divarlar arasındakı məsafə qeyri-müntəzəm olub şərqə doğru 6,5 m – dən 7,5 m – dək genişlənirdi. Ehtimal ki, bu tikinti sitadelə daxil olan əsas girişin qalığıdır. Burada aparılan qazıntılar zamanı daha əvvəlki dövrə aid divar qalıqları aşkar olunmuşdur. Lakin divarların əksəriyyəti kobud işlənmiş standart əhəngdaşı bloklarından inşa edilmişdir. Bu tip tikinti texnikası istehkamın və sitadelin inşasında izlənmişdir. Bu divarda da ustalıqla yonulmuş yeddi daş blok var idi, onların ikisi standartlaşdırılmış formada olub 90 Х 60 sm və 45 Х 60 sm ölçüdə idi. Bu tip daş bloklar Bastam, Torpakqala, Çavuştəpə, Ayanis daxil olmaqla Türkiyə ərazisindəki Urartu yaşayış yerlərində və Şimal-Qərbi İranda aşkar edilmişdir. Bu bloklar Oğlanqalada olduğu kimi inzibati binanın təməlinin inşasında istifadə edilmişdir. Torpaqqalada belə bloklardan inşa edilmiş platforma üzərində Xaldinin məbədi inşa olunmuşdur. Ayanisdə bu tip texnika sitadelin cənub istehkamlarının təməlinin inşasında istifadə