Əbdürrəhman bəy Fətəlibəyli, Fətəlibəyli Düdənginski və ya Abo Düdənginski () — azərbaycanlı hərbçi, siyasətçi, siyasi mühacir.

Leninqrad Hərbi Mühəndislik Ali Məktəbində və Moskva Hərbi Mühəndislik Akademiyasında hərbi təhsil alıb. Qış müharibəsində iştirak edib. SSRİ Latviyanı işğal etdikdən sonra Riqada xidmət edib. Döyüşlərdə göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Riqanın Almaniya ordusu tərəfindən işğalından sonra almanlara əsir düşüb.

Əsir düşmüş azərbaycanlılardan formalaşdırılmış 804-cü taborda komandirin yavəri və komandir kimi xidmət edib. Qafqaz cəbhəsində döyüşlərdə iştirak edib. Almaniya tərəfindən SSRİ-yə qarşı vuruşan Azərbaycan Könüllülər Ordusunun komandiri olub. Döyüşlərdə göstərdiyi şücaətə görə "Hücum əməliyyatlarına görə" nişanı və "Dəmir xaç" ordeni ilə təltif olunub. Azərbaycan Milli Birlik Məclisinin rəhbəri seçilib və Almaniyadakı azərbaycanlı siyasi və hərbi təşkilatların fəaliyyətində iştirak edib.

Müharibədən sonra Azərbaycan Könüllü Ordusunun əsgər və zabitlərinin SSRİ-yə təhvil verilməsinin qarşısını almaq məqsədilə fəaliyyət göstərib. İtaliyada, Misirdə və daha sonra Qərbi Almaniyada mühacir kimi yaşayıb. Münxendə iki dildə nəşr olunan Milli Birlik Məclisinin mətbuat orqanı "Azərbaycan" jurnalının və 1953-cü ildə fəaliyyətə başlayan "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının ilk baş redaktoru olub.

1954-cü ildə SMERŞ-in sifarişi ilə Münxendə qətlə yetirilib və Nyu-Ulm şəhərində dəfn olunub.

İlk illəri Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli 1908-ci il iyunun 12-də Düdəngə kəndində anadan olub.189x189px|thumb|left|Qırmızı Orduda xidmət edərkən1923–1926-cı illərdə Bakıda hərbi məktəbdə, 1926–1929-cu illərdə Leninqrad Hərbi Mühəndislik Ali Məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 1929-cu ildə Bakıda zabit kimi hərbi xidmətə başlayıb. Daha sonra, 1930-cu illərdə Moskva Hərbi Mühəndislik Akademiyasında təhsilini davam etdirib. 1936-cı ildə sosial mənşəyini tərcümeyi-halında düzgün göstərmədiyi əsas gətirilərək Sovet İttifaqı Kommunist Partiyasından və Qırmızı Ordudan xaric edilib. O, özünü kəndli mənşəli kimi göstərsə də, əslində bəy nəslindən idi.

1939-cu ildə SSRİ–Finlandiya müharibəsinin başlanması ilə yenidən hərbi xidmətə bərpa olunub. 7-ci Ordunun tərkibində Finlandiyaya qarşı döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Daha sonra Leninqrad Hərbi Dairəsinin qərargahında 6-cı şöbənin rəisi vəzifəsində çalışıb. 1940-cı ildə SSRİ-nin Latviyanı işğal etməsindən sonra xidmətini davam etdirmək üçün Riqada yerləşən hərbi qərargaha göndərilib.

1941-ci ildə mayor hərbi rütbəsi alıb. Həmin il Riqanın Almaniya ordusu tərəfindən işğalından sonra əsir düşüb. Əbdürrəhman bəyin şəxsi yavəri Kərrar Ələsgərlinin yazdığına görə, Riqa alman qoşunları tərəfindən işğal edilərkən Əbdürrəhman bəy həyat yoldaşı ilə birlikdə könüllü şəkildə almanlar tərəfinə keçib.

İkinci Dünya müharibəsində 186x186px|thumb|804-cü taborda xidmət edərkən Əsir alındıqdan sonra Əbdürrəhman bəy Fətəlibəyli 8 ay əsir düşərgəsində saxlanılıb. 1942-ci ilin mayında Yedlnia bölgəsində əsir düşmüş azərbaycanlılardan 804-cü tabor formalaşdırılıb. Alman mayor Kurt Qloger taborun komandiri, Əbdürrəhman bəy Fətəlibəyli isə onun yavəri təyin olunub. Taborun tərkibində 963 azərbaycanlı və 40 alman hərbçi olub. 1942-ci ildə tabor Qafqaz cəbhəsində döyüşlərdə iştirak edib.

Kurt Qlogerin 1943-cü il fevralın 4-də döyüşlərdə həlak olmasından sonra Əbdürrəhman bəy Fətəlibəyli onun yerinə tabor komandiri təyin olunub. Tabor Taqanroqdan Psebaya qədər gedən döyüşlərdə iştirak edib. Fətəlibəyli və onun komandanlığı altında olan legionerlərin fəaliyyəti Alman komandanlığı tərəfindən yüksək qiymətləndirilib, onlar yalnız könüllülər üçün xüsusi olaraq təsis edilmiş "Şərq xalqları üçün igidliyə görə" nişanı ilə deyil, həmçinin həmin dövrdə legionerlərə verilən yeganə alman mükafatı olan "Hücum əməliyyatlarına görə" nişanı ilə də təltif olunublar. Bundan başqa göstərdikləri şücaətə görə tabor "Aslan" adını alıb. Bundan başqa formalaşdırılmış digər Azərbaycan batalyonlarına da rəsmi adlarla yanaşı milli adlar verilib. 806-cı batalyon "İgid", 819-cu batalyon "Cavad xan", 1/111-ci batalyon "Dönməz", 2/111-ci batalyon isə "Qorxmaz" adlandırılıb.

Döyüşlərdən sonra Fətəlibəyli Vermaxtda mayor rütbəsi alıb. Daha sonra isə "Dəmir xaç" ordeni ilə təltif olunub. Azərbaycanlı hərbçi, siyasətçi və Əbdürrəhman bəyin şəxsi yavəri olan Kərrar Ələsgərlinin yazdığına görə, Əbdürrəhman bəy Dəmir xaç ordeninin hər iki dərəcəsi ilə təltif olunub.

Əbdürrəhman bəy Fətəlibəyli, Fuad Əmircan və Abbas bəy Atamalıbəyovla birlikdə 1943-cü ildə yaradılmış "Azərbaycan Rabitə Heyəti"nin üzvü olub. Bu heyətdə Əbdürrəhman bəy Alman ordusundakı legionçuları, Atamalıbəyov SD birliklərindəki legionçuları, Fuad Əmircan isə Şərq Nazirliyindəki Azərbaycan idarələrində işləyənləri təmsil edirdi.

Müharibə dövründə Azərbaycan Milli Birlik Komitəsi tərəfindən Azərbaycan legionu üçün həftəlik "Azərbaycan" qəzeti nəşr olunurdu. Əbdürrəhman bəy Fətəlibəyli də qəzetdə məqalələri ilə çıxış edib.

Milli Azərbaycan Qurultayı və Milli Birlik Məclisi 200px|thumb|Milli Azərbaycan Qurultayında çıxış edərkən|left1943-cü il noyabrın 6-dan 11-dək Berlində Milli Azərbaycan Qurultayı keçirildi. Qurultay 300 nəfər azərbaycanlının iştirakı ilə baş tutub. Qurultayın əsas məqsədi Almaniyada fəaliyyət göstərən azərbaycanlı təşkilatlarının vahid siyasi struktur ətrafında birləşdirilməsi idi. Həmin dövrdə Almaniyada Milli Birlik Məclisi ilə yanaşı, Milli Azərbaycan Komitəsi, Azərbaycanın Gənc Millətçilər Qrupu və digər təşkilatlar da fəaliyyət göstərirdi. Qurultay "Azad və müstəqil Azərbaycan naminə" şüarı altında keçirildi. Tədbirin keçirildiyi zalda Almaniya bayrağı ilə yanaşı, Azərbaycan Cümhuriyyətinin bayrağı da asılıb. Qurultayın açılış nitqini Gəncə üsyanına rəhbərlik etmiş Cahangir bəy Kazımbəyli edib. Ardınca Zabit Süleymanov və Abbas bəy Atamalıbəyov da çıxış etdikdən sonra Azərbaycan Könüllülər Ordusunun rəhbəri Əbdürrəhman bəy Fətəlibəyli çıxış edib. Onun çıxışı 1 saat 10 dəqiqə davam edib. Fətəlibəyli çıxışında XII əsrdən 1918-ci ilədək Azərbaycanın tarixinə nəzər salaraq, xüsusilə Rusiya imperiyasının Azərbaycanı işğal etməsindən və azərbaycanlı ziyalıların müstəmləkəçiliyə qarşı mübarizəsindən bəhs edib. O, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətini Azərbaycanın dövlətçilik tarixinin ən mühüm mərhələsi kimi qiymətləndirib, sovet hakimiyyəti dövrünün isə milli dəyərlərin zəifləməsinə səbəb olduğunu qeyd edib. Çıxışında Qafqaz xalqlarının əməkdaşlığını müdafiə edib, panislamizmi tarixi mərhələ kimi dəyərləndirib, türkçülüyü isə milli dövlətçilik və mədəni inkişaf ideologiyası kimi təqdim edib. Sonda Fətəlibəyli Azərbaycanın azərbaycanlılar tərəfindən idarə olunmalı olduğunu bildirərək, bunun xalqın rifahı üçün zəruri olduğunu vurğulayıb. Qurultayda aparılan müzakirələrin nəticəsində beş bənddən ibarət qətnamə qəbul olunub. Qətnamənin ilk bəndində 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən şərəfli mərhələsi kimi qiymətləndirilirdi. İkinci bənddə qeyd olunurdu ki, 1920-ci ilin Aprel işğalından sonra Azərbaycan xalqı həm ölkə daxilində, həm də xaricdə 23 il ərzində dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb. Üçüncü bənddə Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsi yad olunub. Dördüncü bənddə bildirilirdi ki, İkinci Dünya müharibəsi Azərbaycanın müstəqilliyinin bərpası üçün əlavə imkanlar yaradıb və bu mübarizədə tarixən böyük türk xalqları ilə dostluq etmiş Azərbaycanın yanında olmaq zəruridir. Beşinci bənddə isə Azərbaycanın Qafqaz və türk xalqları ilə əməkdaşlığının əhəmiyyəti vurğulanıb.200px|thumb|Əbdürrəhman bəy və Abbas bəy Atamalıbəyov 1943-cü ilQurultay qətnamənin beş bəndini gələcək fəaliyyətin əsas istiqamətləri kimi qəbul etdi və Fətəlibəylinin məruzəsini azərbaycanlıların siyasi xətti elan etdi. Bununla yanaşı, Azərbaycana qayıdaraq milli azadlıq hərəkatına rəhbərlik etmək məqsədilə Azərbaycan Milli Birlik Məclisinin (MBM) və onun Mərkəzi İcra Orqanının yaradılması qərara alındı. Mərkəzi İcra Orqanına rəhbərlik Əbdürrəhman bəy Fətəlibəyliyə həvalə edildi. Qurultaydan sonra, 1943-cü ilin noyabrından etibarən Fətəlibəyli azərbaycanlılardan təşkil olunmuş bütün hərbi dəstələrin rəhbərliyini də həyata keçirməyə başladı. 50 nəfərdən ibarət Milli Birlik Məclisinin üzvləri arasında Vəli Əkbərov, İslam Əliyev, Abbas bəy Atamalıbəyov, Rəhim Babayev, Ceyhun bəy Hacıbəyli, Hacı Hacınski, Cahangir bəy Balakişiyev, Cahangir bəy Kazımbəyli, Cəlil İsgəndərli, İsrafil bəy İsrafilov, Ənvər Qazıyev, Məcid Qarsalanlı, Nüşi bəy Zülqədərov, Cabbar Məmmədov, Səbzəli Məmmədov, Fərman Məmmədov, Oruc Süleymanov, Zahid xan Xoyski və Fuad Əmircan var idi.

MBM-nin yaradılmasından sonra təşkilatın Paris və Varşavada filialları fəaliyyət göstərməyə başladı. 1944-cü il yanvarın 24-də Fətəlibəyli Parisdə yaşayan azərbaycanlılarla görüşüb. Görüş zamanı o, iştirakçılara Azərbaycan Könüllülər Ordusunun fəaliyyəti haqqında məlumat verib. Fransadakı azərbaycanlı mühacirlər də çıxış edərək 25 illik mühacirət həyatının çətinliklərindən və Azərbaycan azadlıq hərəkatında iştiraklarından danışıblar. Onlar həmin mərhələdə azadlıq mübarizəsində əsas vəzifənin əsgərlərin üzərinə düşdüyünü bildiriblər. Parisdə yaşayan azərbaycanlılar Azərbaycana qayıtmaq arzularını ifadə etməklə yanaşı, MBM-yə yaxından dəstək göstərəcəklərini də bəyan ediblər.frameless|225x225px|left1944-cü ildə Azərbaycan Könüllülər Ordusunun yaradılmasının ikinci ildönümü münasibətilə Almaniya ordusunda xidmət edən könüllülər üçün təsis edilmiş ən yüksək orden olan "Şərq xalqları üçün igidlik və xidmət nişanı" ilə təltif olunub. Mükafatı Əbdürrəhman bəy Fətəlibəyliyə "Şərq" ordu qrupunun generalı Ralf fon Haygendorf təqdim edib.

1944-cü il mayın 17-də Milli Birlik Məclisinin rəhbərliyi Berlində yerləşən "Esplanada" mehmanxanasında reyx naziri Alfred Rozenberqlə görüş keçirdi. Görüş zamanı Əbdürrəhman bəy Fətəlibəyli Rozenberqə "Əgər biz azərbaycanlılar rusların əvəzinə almanların Azərbaycanda ağalıq edəcəyini öyrənsək, sizinlə bir addım belə atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırıq". deyib. Rozenberq isə Reyxin verdiyi sözə sadiq qalmalı olduğunu bildirib, müstəqilliyin mübarizə və qan bahasına əldə edildiyini vurğulayıb.

1944-cü ilin iyununda Fətəlibəyli Milli Birlik Məclisinin adından xarici ölkələrdə yaşayan azərbaycanlılara türk mənşəli olmayan əcnəbilərlə nikah bağlamağı qadağan edən əmr imzalayıb. Əmrin əsaslandırılmasında bu qərarın türk mədəniyyətinin, adət-ənənələrinin və milli kimliyin qorunması məqsədi daşıdığı bildirilir, azərbaycanlılardan "türk qanının saflığını" qorumaq tələb olunurdu.

1944-cü il iyulun 10-da Azərbaycan Milli Birlik Məclisinin sədri Əbdürrəhman Fətəlibəylinin Berlində imzaladığı qərara əsasən, "Azərbaycan İstiqlal Ulduzu" və "Bozqurd" ordenlərinin təsis edilməsi nəzərdə tutulub. Qərarda ordenlərin Azərbaycanın milli azadlıq mübarizəsində xidmətləri olan siyasi, ictimai və hərbi xadimlərə, eləcə də qəhrəmanlıq göstərən şəxslərə verilməsi məqsədi qeyd olunurdu. "Azərbaycan İstiqlal Ulduzu" ordeni rəsmi olaraq 1944-cü il noyabrın 6-da, Azərbaycan Milli Qurultayının ildönümündə, "Bozqurd" ordeni isə 1944-cü il sentyabrın 15-də Bakının azad edilməsinin ildönümündə təsis edilib.

1945-ci ilin martında Nasional Sosialist Alman Fəhlə Partiyasının ideoloqu Alfred Rozenberqin təşəbbüsü ilə Əbdürrəhman bəy Fətəlibəylinin rəhbərlik etdiyi Azərbaycan Milli Birlik Məclisi Azərbaycanın müvəqqəti hökuməti kimi tanındı. Lakin həmin ilin mayında Almaniyanın müharibədə məğlub olması səbəbindən bu qərar praktiki olaraq həyata keçirilmədi.

Mühacirətdə