Ədalət Səfərəli oğlu Vəzirov () — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998).

Həyatı Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.

Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.

5 oktyabr 2002-ci ildə İstanbulda ürək tutmasından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Qardaşı da həmçinin musiqiçidir. Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur.

Xatirəsi 2026-cı ildə musiqiçinin 75 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzinda xatirə gecəsi keçirilmişdir.

Həmçinin bax Ağaxan Abdullayev — Bayatı Kürd təsnifi (Firuz Əliyev — Tar, Ədalət Vəzirov — Kamança)

İstinadlar

Xarici keçidlər Vəzirov Ədalət Səfərəli oğlu

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Ürək tutmasından ölənlər