Əbdülxalıq Qafarzadə və ya Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi, maarifçi, klassik şeirlə realist və romantik cərəyanlar arasında körpü yaradan, poetik turançılıq ideyasını irəli sürən şəxslərdən biri.

Bakıda fəaliyyət göstərən "Məcməüş-Şüəra" ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin "Qız qalası", "Qılınc və qələm" poemalarının müəllifidir.

Həyatı Əbdülxalıq Cənnəti Qafarzadə Azərbaycan klassik poeziyasının XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindəki davamçılarından biri kimi tanınır. O, 1855-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Həyatı haqqında geniş və ardıcıl məlumatlar az olsa da, mövcud mənbələr əsasında onun şəxsiyyəti və ədəbi fəaliyyəti barədə müəyyən təsəvvür formalaşdırmaq mümkündür.

Əbdülxalıq Cənnətinin ailə mühiti müxtəlif sosial təbəqələrin izlərini daşıyırdı. Ana babası Səfərəli vaxtilə Bakı xanı Hüseynqulu xanın ovçubaşısı – yəni şikarisərdarı olmuşdur. Atası isə ağır fiziki işlə – daş karxanasında fəhləliklə məşğul olmuşdur.

Şair 9 yaşından təhsilə başlamış, 2–3 il mollaxanada oxuduqdan sonra xüsusi müəllim yanında da təhsil almışdır. Lakin ailə vəziyyətinin ağır olması səbəbilə o, artıq 12 yaşından işləməyə məcbur olmuş və bu dövrdən etibarən müxtəlif sənət sahələrinin ustalarının yanında şagirdlik etməyə başlamışdır.

Ədəbiyyata və poeziyaya marağı təsadüfi bir tanışlıqla başlamışdır. Belə ki, bir gün dəllək dükanında şeirə həvəsi olan bir şəxslə tanış olmuş və atasının icazəsi ilə bu şəxsin ədəbi söhbətlərində iştirak etməyə başlamışdır. Bu mühit onun poetik düşüncəsinin formalaşmasına ciddi təsir göstərmiş və o, şeir yazmağa başlamışdır. 18 yaşından etibarən poeziya ilə məşğul olmağa başlayan Əbdülxalıq gündüzlər işləyir, axşamlar isə müxtəlif ədəbi məclislərə gedərək ədəbiyyat barədə müzakirələrə qulaq asırdı.

Əbdülxalıq Cənnətinin şəxsi həyatı da bir sıra sarsıntılarla dolu olmuşdur. O, övladlarını vaxtsız itirmiş, bu hadisə isə onun mənəvi sarsıntı keçirməsinə və nəticədə əsəb xəstəliyinə tutulmasına səbəb olmuşdur.

Əbdülxalıq Cənnəti 1931-ci ildə doğulduğu şəhər – Bakı şəhərində vəfat etmişdir.

İrsinin tədqiqi Əbdülxalıq Cənnətinin (1855–1931) yaradıcılığı və ədəbi irsi sovet dövründə nə qədər az öyrənilmiş olsa da, bir sıra tədqiqatçılar onun əsərləri və poeziyasına maraq göstərmiş, zaman-zaman bu irsin tədqiqi ilə bağlı təşəbbüslər olmuşdur. Şairin həm fars, həm də Azərbaycan dillərində yazdığı çoxsaylı əsərlər barədə sovet dövründə bəzi alimlər tərəfindən məlumat verilmişdir.

1946-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının "Ədəbiyyat və Dil İnstitutunun Əsərləri"nin birinci cildində romantizmin görkəmli tədqiqatçılarından biri olan Mir Cəlalın Cənnətinin yaradıcılığı haqqında ilk elmi məqaləsi nəşr olunmuşdur. 1956-cı ildə isə "Ədəbiyyat qəzeti"nin 10 iyun tarixli nömrəsində Cəfər Xəndanın məqaləsi dərc olunmuşdur. Bu məqalədə müəllif Cənnətinin poeziyasına yüksək qiymət verərək yazırdı: "Cənnəti böyük irs qoyub getmişdir, onun bir çox şeirləri indi də öz əhəmiyyətini itirməmişdir. Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən toplanmış bu şeirləri çapa hazırlayıb şairin seçmə əsərlərini buraxmaq lazımdır."

Lakin həmin dövrdə Cənnətinin toplanmış əsərlərinin taleyi ilə bağlı konkret addımlar atılmamış, bu irs nə geniş şəkildə nəşr olunmuş, nə də sistemli şəkildə araşdırılmışdır. Bunun bir sıra səbəbləri olmuşdur. Əsas səbəblərdən biri, sovet dövrü ədəbiyyatşünaslığında Cənnətinin yaradıcılığının "mürtəce romantiklər" sırasına aid edilməsi idi. Bu anlayış daxilində XIX əsr sonu və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bəzi şairlərə qarşı fikir formalaşdırılmış, onların poeziyası müasirlikdən uzaq, geridəqalmış, yalnız eşq, məhəbbət duyğuları ifadə edən əsərlər kimi təqdim olunmuşdur. "Azərbaycan ədəbiyyatı tarixi"nin üç cildliyinin ikinci cildində bu barədə yazılırdı: "Bunların (mürtəce romantiklər nəzərdə tutulur) əksəriyyəti XIX əsrin axırlarında şeir deməyə nəzirəçi şairlər kimi başlamış, yeni əsrin əvvəllərində də yenə müasir dünyadan xəbərsiz nəzirəçi şairlər olaraq qalmışdılar… Bunlar müasirlikdən çox-çox uzaq düşmüş adamlar idi…"

Bu baxış, Cənnətinin irsinin araşdırılmasına və nəşrinə ciddi maneələr yaratmışdır.Əslində, Cənnətinin şeirlərində yalnız subyektiv və romantik hisslər deyil, həm də millilik, vətənpərvərlik və azadlıq motivləri də qabarıq şəkildə əks olunmuşdur. Bu cəhətlər, xüsusilə sovet ideologiyası ilə uyğun gəlmədiyindən, onun irsi uzun müddət susqunluqla qarşılanmışdır. Ə. Cənnətinin "Füyuzat" dərgisində nəşr olunması da onun mürtəce romantiklər sırasında qiymətləndirilməsinə gətirib çıxarmışdır. Sovet ədəbiyyatşünaslığında "Füyuzat" dərgisi ilə əlaqədar olan şair və yazıçılara qarşı neqativ mövqe sərgilənməsi bu irsin obyektiv tədqiqini əngəlləmişdir.

Buna baxmayaraq, 1963-cü ildə "Respublika Əlyazmalar Fondunun Əsərləri" toplusunda Cənnətinin ədəbi irsi ilə bağlı daha bir məqalə nəşr edilmişdir. Əlyazmalar İnstitutunun mərhum əməkdaşı Nəsrəddin Qarayev öz məqaləsində şairin müxtəlif şifrlər altında saxlanılan əlyazmalarından bəhs edir. Onun verdiyi məlumata görə:

B-1545 şifrəli ümumi dəftərdə Cənnətinin ictimai xarakterli şeirləri; B-2700 şifrəli avtografda Azərbaycan və fars dillərində yazılmış aşıqana qəzəllər; B-1199 şifrəli ümumi dəftərdə "Qız qalası", "Qılınc və qələm" poemaları, "Qurd və tülkü" təmsili, "Bülbül", "Kəhər at" və digər əsərləri; M-152 şifrəli ümumi dəftərdə isə onun "Vasifi" təxəllüsü ilə yazdığı Azərbaycan və fars dillərində qəzəlləri saxlanılır.

Avtoqrafların heç birində onların yazılış tarixi qeyd edilməmişdir. Bundan əlavə, Əlyazmalar İnstitutunun xəzinəsində:

B-7791 şifrəsi altında Cənnətinin Salman Mümtaza müraciəti və şeirləri; B-1530 şifrəsi altında "Vasifi"nin şeirləri; D-760 şifrəsi altında isə müxtəlif mətbuat orqanlarından Əliabbas Müznib tərəfindən toplanmış digər şeirləri saxlanılır.

Bu şeirlər qara və bənövşəyi mürəkkəblə, maşın vərəqlərinə və şəkilli vərəqlərə yazılmışdır. Oxucuların istifadəsinə verilən bu əlyazmalar əsasında kitabın nəşrinə hazırlıq işləri görülmüşdür.

Yalnız 1980-ci illərdə Cənnətinin yaradıcılığına qayıdış baş vermişdir. Bu dövrdə N. Qarayevin "Poetik məclislər", Səfər Rəmzinin "Deyilən söz yadigardır" və Məmməd Nuru oğlunun "Azərbaycan qəzəlləri" kitablarında şairin bir neçə şeiri və haqqında qısa məlumatlar verilmişdir. Bundan başqa, Nəsrəddin Qarayev XIX əsrin poetik məclislərinə həsr etdiyi dissertasiyasında Cənnətinin yaradıcılığını dəyərləndirmiş, Ağabəy Əsgərov isə şairin poeziyasına dair ayrıca namizədlik işi yazmışdır.

Yaradıcılığı Şeir yaradıcılığına gənc yaşlarından başlamışdır. Yaradıcılığının ilk dövründə klassik üslubda məhəbbət qəzəlləri, mərsiyələr yazmışdır. Klassik Şərq poeziyasına dərindən bələd olan şair Firdovsi, Nizami, Rumi, Cami, Sədi, Xəyyam, Füzuli kimi şairlərin əsərlərini mütaliə etmiş, fars dilini də bu əsərləri oxumaqla öyrənmişdir. "Məcməüş-Şüəra" cəmiyyətinin fəal üzvlərindən olmuşdur. O zaman şeir məclislərinə qatılan gənc şairlərlə şeirləşmələrdə yaxından iştirak etmiş və uğurlar qazanmışdır. O, şeirlərini müxtəlif təxəllüslərlə yazmışdır. Bu təxəllüslər içərisində "Vasif", "Əttar", "Həccarzadə", "Daşkəsənoğlu" və b. mühüm yer tutur. Yaradıcılığının ən yetkin çağında "Cənnəti" təxəllüsünü işlətmiş və bu təxəllüslə tanınmışdır.

Ə. Müznib əlyazmasını araşdıran tədqiqatçıların yazdığına görə, şairin dini mövzuda "Mühəssənati-şəriət" adlı risaləsi, nəsihətnaməsi, "Yənbuii-hikmət", "Təhvilül-övzan" adlı ədəbiyyat qaydaları kitabı, əxlaq elminə dair üçcildlik əsəri, altı min beytlik divanı və "Əs-səfər fil-həzər" adlı romanı olmuşdur.

Əbdülxalıq Cənnətinin poetik irsində XX əsrin əvvəllərindən etibarən cəmiyyətin ictimai-siyasi reallıqlarının təsiri ilə ictimai məzmunlu motivlər güclənməyə başlamış, şeirlərində dövrün aktual məsələlərinə geniş yer verilmişdir. Onun qələmə aldığı poetik nümunələrin əhəmiyyətli bir qismi azadlıq və hürriyyət ideyalarının təbliğinə həsr edilmişdir. Ə. Cənnəti, vətən və millət mövzusunu klassik poeziya formasında işləyən ilk sənətkarlar sırasında yer alır. Bu fakt xüsusilə diqqətəlayiqdir, çünki klassik ədəbi formalar çərçivəsində bu kimi mövzuların ifadəsi dövr üçün olduqca nadir hadisə hesab olunurdu.

Sovet ədəbiyyatşünaslığında adının mürtəce romantiklər sırasında çəkilməsinə baxmayaraq, Ə. Cənnətinin bir sıra poetik əsərləri hələ sağlığında nəşr olunmuşdur. Bu kontekstdə qeyd etmək lazımdır ki, onun 1920-ci illər mətbuatında çap edildiyi məlum olan yeganə poetik nümunə "Dəmir" adlı şeiridir. Sözügedən şeir 1924-cü ilin aprel ayında "Maarif və mədəniyyət" jurnalında dərc olunmuşdur. "Dəmir" şeiri, müəllifin poetik üslubuna sədaqətini qoruduğunu nümayiş etdirməklə yanaşı, eyni zamanda dövrün inqilabi və ideoloji basqıları qarşısında əyilməyən mövqeyini də əks etdirir. Bu poetik nümunədə şairin sual formasında ifadə etdiyi bədii fikirlər oxucunu düşünməyə vadar edir və şeirin fəlsəfi dərinliyini artırır.

Ə. Cənnətinin daha bir mühüm poetik nümunəsi "Fəxriyyə" adlı şeiridir ki, bu əsər 1907-ci il 7 avqust tarixində "Füyuzat" jurnalının 24-cü sayında "Əbdülxalıq Qafarzadə" imzası ilə nəşr edilmişdir. Qeyd edilən bu şeir ədəbi ictimaiyyətdə geniş rezonans doğurmuş və müxtəlif müəlliflər tərəfindən ona nəzirə və təxmislər yazılmışdır. "Fəxriyyə"nin "Füyuzat"da dərc olunması ədəbiyyat tarixində təsadüfi hadisə kimi dəyərləndirilə bilməz. Filologiya elmləri doktoru Ş. Vəliyev özünün "Füyuzat ədəbi məktəbi" monoqrafiyasında qeyd edir: Əgər ‘Füyuzat’ jurnalının nəşrinə qədər Azərbaycan ədəbi-ictimai fikrində turançılığa xalis əxlaqi dəyər, bədii-estetik keyfiyyət kimi baxılır, o yalnız mifik-kosmopolitik məkanı təsvir etmək üçün əsas götürülürdüsə, füyuzatçıların yaradıcılığında bu ideya həm də siyasi-fəlsəfi notlarla, elmi-nəzəri prinsiplərlə zənginləşdi. Füyuzatçılar Turana mifik bir ölkə, super dövlət kimi deyil, real tarixi coğrafiyası olan bir ərazidə türk xalqlarının mədəni-mənəvi birliyini yaşadan ideal bir cəmiyyət kimi baxırdılar.Bununla belə, bu mövzulu bir şeirin "Füyuzat" jurnalında birdən-birə çap olunması müəyyən təəccüb doğurur. Çünki istər həmin dövrdə, istərsə də daha əvvəlki mərhələlərdə Turan anlayışı və turançılıq ideyasının Azərbaycan poeziyasında bu şəkildə aydın və birmənalı şəkildə poetik ifadəsinə rast gəlinmir. XIX əsrin 90-cı illərində Əli bəy Hüseynzadənin yazdığı məşhur bir qitə mövcuddur ki, o da çap olunmamışdır. Bu səbəbdən Ə. Cənnətinin həmin qitədən təsirlənərək bu mövzuda şeir yazması inandırıcı görünmür. Üstəlik, "Füyuzat" jurnalında da buna bənzər ideoloji konturlar daşıyan poetik nümunələrin varlığına dair konkret faktlar yoxdur. Digər mətbuat orqanlarında da bu məzmunda şeirlərlə qarşılaşmaq müşkül məsələdir.

Ə. Cənnətinin "Fəxriyyə" şeirinin "Füyuzat"da dərc olunması bədii təfəkkür tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu şeirdə yalnız turançılıq ideyasının poetik tərənnümü deyil, həm də "turanlılarız" ifadəsi vasitəsilə milli kimliyin bədii inikası verilir. Ə. Cənnəti bu poetik nümunəsini "Fəxriyyə" adlandırsa da, əslində "fəxriyyə" şeirin janr formasıdır. Bu səbəbdən həmin şeiri "Turanlılarız…" başlığı ilə təqdim etmək və onu poetik manifest kimi dəyərləndirmək daha məqsədəuyğun olardı. Şeir altı bənddən ibarət olub, hər bənddə "turanlılarız" anlayışı bir ideya kimi şüura yeridilir və milli ideologiyanın formalaşmasında bədii vasitəyə çevrilir.