Ümumi məlumat İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransa, Ispaniya və Almaniyadan geri qalır.

İtaliya əhalisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i italyanlardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xaricdə yaşayır (əsasən ABŞ, Fransa, AFR və Argentinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə materiallarının idxalından kifayət qədər güclü asılılıqda qalır, emaledici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İtaliyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dəyizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – Siciliya və Sardiniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əlaqələrin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spesifikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möhkəmləndirilməsini diktə edir.

İkinci Dünya müharibəsindən sonra İtaliya iqtisadiyyatı çox möhkəmlənmişdir. Ölkə dünya bazarında bərqərar olmuş və kök salmışdır. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövrdə İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhsuldarlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. XX əsrin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.

ÜDM-in 30,3%-i sənayenin, 3,2%-i kənd təsərrüfatının, 66,5%-i xidmətlərin payına düşür. Ona görə də keçən illərdə İtaliya iqtisadiyyatının ümumi inkişafının zəif göstəriciləri sənayedəki vəziyyətlə, xüsusi halda geyim istehsalı, tekstil, ayaqqabı, mebel, kimya sənayesi, metallurgiya, elektrotexnika sənayesi və maşınqayırmanın bəzi digər növlərindəki vəziyyətlə şərtlənirdi. Son illər ərzində daxili tələbatın, xüsusi halda əhalinin istehlak tələbatının artım templərinin və sənayenin daxili tələbatının azalması işgüzar aktivliyin məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bunun nəticəsində ümumi investisiyaların artımı da azalmışdır. Maşın, avadanlıq və nəqliyyat vasitələrinə yönələn ümumi investisiya 1,2%-ə qədər, tikintiyə yönələn isvestisiyalar isə 3%-ə qədər azalmışdır. Real ÜDM-in aşağı artımı həm də ixracatın azalması ilə izah olunur. Ekspertlərin fikrincə ixracatın azalması birinci növbədə avro kursunun artımı üzündən baş vermiş və bu da ilk növbədə İtaliyanın və Almaniyanın ixrac imkanlarını azaltmışdır.

İtaliyanın əmək bazarı mürəkkəb struktura malikdir. 1970-ci illərin neft şokundan sonra başlayan qlobal texnoloji yenidənqurma prosesi digər sənaye ölkələrində olduğu kimi, məşğulluğun qeyri-tipik formaları sektorunun (natamam iş günü, müvəqqəti, təsadüfi məşğulluq və başqaları) genişlənməsi ilə müşayiət olunurdu. Əmək bazarının qeyri-bircinsliyi təkcə onun regional hissələrinin müxtəlif dinamikasında yox, həm də ixtisaslaşmış və ixtisaslaşmamış işçi qüvvəsinə olan tələbatın daimi disproporsiyasında, əmək haqqının böyük differensiallaşmasında büruzə verilir. İtaliya kadrların hazırlıq sahəsində digər lider ölkələrdən geri qalır. Ona görə də milli əmək bazarı üçün tələb və təklifin xroniki uyğunsuzluğu xarakterikdir və bu xüsuiyyət gənclərin əksər hissəsinin marginallaşması ilə müşahidə olunur. 1995-ci ildə 900 minə qədr ixtisaslaşmamış işçi istehsal sferasından çıxardılmış, struktur işsizlik 80%-ə çatmışdır. Bu isə digər sənaye ölkələrində olduğundan xeyli yüksəkdir. Əmək bazarında dövlət siyasətinin imkanları məhduddur. Bu, bir tərəfdən, büdcə vəsaitlərinin çatışmazlığından, digər tərəfdən, işçi yerlərinin korporativ müdafiəsindən doğur.

1997-ci ilin Asiya böhranından sonra dünya ticarətindəki vəziyyətin pisləşməsi İtaliyanın xarici iqtisadi əməliyyatlarında da əks olundu. 2000-ci ildə ödəniş balansının bütövlükdə profisitlə yekunlaşmasına baxmayaraq, cari əməliyyatlar hesabının mənfi saldosu və ticarət balansının müsbət qiymətinin düşməsi qeyd olunmuşdur. Beləliklə, ümumi profisit əsasən investisiyanın ölkəyə axını ilə və yeni kredit axınlarının yaranması ilə izah olunur. İtaliya iqtisadiyyatının müasir vəziyyətini əsasən avronun tətbiqinin nəticələrinin aradan qaldırılması kimi xarakterizə etmək olar. Əgər əvvəllər ölkə öz iqtisadiyyatındakı durğunluğu milli valyutanın qiymətdən düşməsinin və dövlət xərclərinin artırılmasının köməyi ilə aradan qaldıra bilirdisə, indiki zamanda Avropa monetar ittifaqının üzvü olan İtaliya onun tələblərinə tabe olmalı və öz valyutasının stabilliyini saxlamalı, sərt vergi siyasətini aparmalıdır. Bununla eyni zamanda, həm ənənəvi bazarlara (məsələn, Almaniya), həm də inkişaf edən bazarlara ixracatın nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. Əsas problem ondan ibarətdir ki, Maastrixt razılaşmasının tələblərinin yerinə yetirilmə zərurəti iqtisadi artımın stimullaşdırılması üçün hakimiyyətə az imkan verir. Bu, əsasən dövlət borcunun azalmasına aiddir (ÜDM-un 120%-dən 60%-ə qədər). Nəticədə, borc yükünü çəkməyən digər ölkələrlə müqayisədə İtaliya daha çətin vəziyyətdə qalır.

İtaliyanın dövlət vergilərinin xüsusiyyətləri İtaliyanın dövlət büdcəsinin gəlirlərinin 80 faizini vergidaxilolmaları təşkil edir. Vergitutmanın mühüm prinsipləri İtaliya Respublikasının Konstitusiyasında qeyd olunmuşdur. Əsas Qanunda(Konstitusiyada)dövlət hakimiyyəti orqanlarının vergiləri müəyyən etmək, vergitutma ilə bağlı qanunvericiliyə hər hansı əlavə və dəyişikliklər etmək səlahiyyətlarinin olmaması qeyd edilmişdir. Hal-hazırda bu hüquq bütövlükdə ölkənin qanunverici orqanı olan parlamentə məxsusdur. Eyni zamanda ölkə parlamenti vergitutma ilə bağlı normativ-hüquq aktları və normaları təsdiq edir. Beləliklə, vergilərin təyin edilməsi və stabil saxlanılması aşağıdakı əsas normativ aktlara əsasən tənzimlənir: qanun (hər iki palatanın razılığı ilə qəbul edilmiş aktdır); qanunvericilik dekreti (dövlət tərəfindən təqdim edilmiş hüquqi aktdır); dekret-qanun (fövqəladə hallar və ya təbii fəlakət nəticəsində qəbul edilmiş aktdır). Bu hüquqi akt qəbul edildikdən sonra 60 gün müddətində baxılması üçün parlamentə verilir.

Vergitutmanın digər mühüm prinsipləri Konstitusiyada təsbit olunmuş vergilərin proporsionallığı və mütərəqqiliyi prinsipləridir. Mövcud vergi qanunvericiliyinin ləğv edilməsi və dövlət büdcəsi təsdiq edildikdən sonra vergilərin müəyyən edilə bilməməsi barədə referendumun keçirilməsinin qanunsuz olması Konstitusiyanın müvafiq maddələrinə öz əksini tapmışdır.

İtaliyanın vergi sistemində vergi qruplaşdırması sisteminin mərhələləri açıq mövzu kimi qalsa da, hal-hazırda iki həlqəli vergi sistemi mövcuddur. Bununla bağlı olaraq vergilər dövlət vergilərinə və yerli vergilərə bölünür. Dövlət vergilərinə əlavə dəyər vergisi, gəlir vergisi, mənfəət vergisi, gömrük rüsumları və s. daxildir. Qeyd edək ki, yerli vergilər "şəxsi" xarakter daşımaqla, daşınmaz əmlakın satışının artımından əldə edilən gəlirdən tutulan vergilərdən (dəyərinin yüksəldilməsinə görə), avtonəqliyyat vasitələri üçün vergilərdən ibarətdir. Bir sıra mənbələrdə göstərilənlərə əsasən deyə bilərik ki, İtaliyanın vergi sistemi regional (ərazi) vergilərinə də bölünür. Bunların tərkibinə daşınmaz əmlak üçün kommunal vergilər, yenidən istehsala məruz qalmış bərk tullantılara görə vergilər, daşınmaz əmlakın dəyərinin yüksəldilməsinə (artırılmasına) görə vergilər daxildir.

İtaliyanın gəlir vergisi Bir çox dövlətlərdə olduğu kimi İtaliyada da büdcə daxilolmalarının əsasını gəlir vergisi təşkil edir. Gəlir vergisi fiziki şəxslərdən tutulduğu kimi hüquqi şəxslərdən də tutulur.

Fiziki şəxslərdən gəlir vergisi gəlir vergisi ödəyicilərindən, İtaliya mənbəyindən və xarici mənbələrdən gəlir əldə edən rezident və qeyri-rezident fiziki şəxslərdən tutulur.

İtaliya mənbələrindən və ya xarici mənbələrdən əldə edilməsindən asılı olmayaraq rezident fiziki şəxslər gəlir vergisinin bütün növlərindən vergi ödəyirlər. Qeyri-rezidentlər isə yalnız İtaliya mənbələrindən əldə etdikləri gəlirlərdən vergi ödəyirlər. Bütün fiziki şəxslərdən tutulan gəlirlər əldə olunma mənbələrinə görə 5 əsas kateqoriyaya bölünür ki, bunlar da öz növbəsində özünəməxsus əlamətləri ilə fərqlənir. Bu mənbələr aşağıdakı kimi fərqlənir və seçilir: torpaq mülkiyyəti, daşınmaz əmlak və tikililər; kapital; muzdlu iş və sərbəst peşə; sahibkarlıq; digər mənbələr. Birinci kateqoriyaya məxsus olan gəlirlər torpaq mülkiyyətindən, həmçinin torpaq üzərindəki tikinti işlərindən alınan gəlirlərdir ki, bu da kadastr metodu ilə müəyyən olunur. Hər bir daşınmaz əmlakın onun real olaraq alınıb alınmamasından asılı olmayaraq faktiki gəlir ölçüsü vardır. Kadastr əmsallarına hər 10 ildən bir baxılir, müstəsna hallarda Maliyyə Nazirliyinin həmin əmsallara dəyişiklik etmək hüququ vardır. Tikililər üzrə vergitutma obyektlərinə şəhər evləri, bağlar, təmir emalatxanaları və başqa tikililər daxildir ki, bu tikililər şəxsi yaşayış və icarə kimi də verilə bilər. Mövcud praktika kənd təsərrüfatı sahəsində tətbiq olunmur. Əgər tikili müəyyən olunmuş qaydada istifadə oluna bilmədikdə və ya faktiki sahibinin razılığı olmadan icarəyə verildikdə, kadastr qiyməti 70 faizə qədər məhdudlaşdırılır. Əgər mənzil 300 min nəfərdən çox əhalisi olan ümumi yaşayış məntəqəsində yerləşərsə və həmin mənzil faktiki sahibi tərəfindən istifadə edilməzsə və ya kirayəyə verilməzsə kadastr qiyməti 300 faizədək artırılır. Tariflər həmçinin faktiki mülk sahibinin ikinci mənzilinə görə də 30 faizədək artırılır.

İkinci kateqoriya pul vəsaitləri mənbələridir ki, bura kreditlər üzrə verilmiş faiz mənbələri (faizlər) bankda olan depozit hesabları, qiymətli kağızlar və istiqrazlar, lotereya uduşları və s. daxildir. Bu kateqoriyanın mahiyyəti və əsası ondan ibarətdir ki, tutulacaq verginin mənbəyi bəllidir. Bundan başqa, vergi dərəcəsi onun hansı vergi ödəyicisindən tutulmasından asılı olmayaraq vahiddir. Üçüncü kateqoriya bütün faktiki görülmüş işlər üzrə gəlirləri birləşdirir. Bu növ gəlirlər də öz növbəsində 2 yerə bölünür: muzdlu işlə əlaqədar əldə edilən gəlir-bu gəlir növü bütünlüklə vergi sistemində gəlir vergisinin 80%-dən çoxunu təşkil edir ki, bu da ən çox muzdla işləyən fiziki şəxslərdən tutulur. sərbəst peşə fəaliyyəti ilə məşğul olan şəxslərin gəliridir.

Dördüncu kateqoriyaya xırda gəlirlər daxildir ki, bu da şəxsi kommersiya müəssisəsi olan şəxslərin əldə etdikləri gəlirlərdir. Bu növ gəlirlərə müəssisənin sahibinin şəxsi gəliri daxil olduğu üçün müəssisələrin əldə etdiyi gəlirlər qismində vergiyə cəlb olunmur.

Mülki Məcəlləyə uyğun olaraq ailə müəssisəsi yaratmiş vergi ödəyicilərinin əldə etdikləri gəlirlər onların bu müəssisədəki işlərinin keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun olaraq verilir. Ancaq, vergi orqanları isə öz növbəsində əldə edilmiş gəlirləri fərq qoymadan mütənasib şəkildə bölür və vergiyə cəlb edir. Müəs-sisə iştirakçıları arasında bölüşdürülən gəlir ümumi əldə edilmiş gəlirin 49 faizindən çox ola bilməz. Kiçik müəssisələr mühasibat uçotu aparmasına baxmayaraq bütün xərcləri sənədlərlə təsdiq edilmir. Bu xərcləri müəyyən etmək üçün aşağıdakı qaydalardan istifadə edilir: