Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat.
Haqqında "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№ 176).
İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.
Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən "Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə" kitabının (müəllif H. Nərimanoğlu) Praqada, "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının (müəllif H. Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı "Bir yanı Şah dağı, bir yanı Xəzər" və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı "Gəl bizim yerlərə…" kitab — almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. 2025-ci ildə QHT Agentliyinin maliyyələşdirdiyi "Zəngəzur yazarlarının Zəfər çələngi" layihəsi çərçivəsində 412 səhifəli toplu nəşr edilib, bu topluda Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin Zəfər ovqatlı şeir, hekayə, esse, publisist yazıları, roman və poemalarından parçalar toplanıb. Müəlliflərin 40-dan çoxu şəhidlər, şəhid ata, ana, qardaşları, qazilərdir. Layihə haqqında 40-dan çox informasiya yayılıb, feysbukda 50-dən çox paylaşım, 5 minə qədər oxunma, bəyənmə olub, e-variantı Prezident Kitabxanası, Milli Kitabxananın internet resursuna yerləşdirilib. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 9 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.https://zengezur.com/index.php/kh-b-rl-r/345-30-illik-yol
Birlik QHT Agentliyinin donorluğu ilə icra edilən layihələr çərçivəsində 2022-2026-cı illərdə "Şəhidlər", "Şərqi Zəngəzur", "Qardaşlığın Zəfəri", "Şuşa-270", "Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı", "Zəngəzur yazarlarının Zəfər çələngi", "Oleq Babak, Azərbaycan səni unutmayacaq!" (Azərbaycan və ukrain dillərində) kitablarını nəşr edib (müəllif: Hacı Nərimanoğlu), bu nəşrlərin Bakı, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər, Sumqayıt, eləcə də Ukraynanın Poltava, Dnepropetrovsk ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatları olub, layihələr barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 200-dək informasiya yayılıb, sosial şəbəkədə 50-dən çox paylaşma, 20 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə).
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Birliyin 30 illiyi münasibətilə Sumqayıtdakı Qubadlı və Bakıdakı Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) toplantılar və Birliyin nəşr etdiyi kitabların sərgisi, təqdimatları təşkil olunub.
Birliyin sədri H. Nərimanoğlu 25 elmi, publisist kitabın, ingilis, rus, türk, Azərbaycan dillərində dərc olunmuş 100-dən çox elmi-publisist məqalənin müəllifi, Qarabağ müharibəsi veteranıdır. 16 ildən çox AzərTAc-ın "Zəngəzur" İnformasiya Mərkəzinin direktoru və AzərTAc-ın buraxılış redaktoru olub. 2020-ci ilin sentyabrından indiyədək müəllifi olduğu Vətən müharibəsinə, Qarabağ və Zəngəzurun tarixinə, "Şuşa İli"nə həsr olunmuş 23 məqalənin hər biri Azərbaycan Dövlət Tərcümə Mərkəzi xəttilə tərcümə edilərək 12 dildə 150-dən çox xarici mediada yayılıb, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilib. Müəllifin Türkiyə Prezidentinin iştirakı ilə təqdimatı keçirilən "Rəcəb Tayyib Ərdoğan" kitabı Türkiyə Prezidenti Kitabxanası — Cumhurbaşkanlığı Külliyesinin fonduna daxil edilərək Oxu zalında nümayiş olunur. Hacı Nərimanoğlunun 2011-ci ildə Azadlıq radiosunun "Ədəbi azadlıq" ən yaxşı hekayə müsabiqəsində "Anamın yanına aparın haaa..." hekayəsi 200-dək hekayə arasında oxunma sayına görə 1-ci, münsiflərin qərarına görə 3-cü yerə layiq görülüb (https://www.azadliq.org/a/2289173.htm), 2025-ci ildə Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş "Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması"nda 5 ölkədən 173 müəllifin qatıldığı müsabiqədə 2-ci yerə layiq görülüb, noyabrın 7-də Qars şəhərində keçirilən təntənəli musiqili-ədəbi tədbirdə ona mükafatlar təqdim olunub.
Rəhbərlik Tarix elmləri doktoru Kamran Hüseynov (1992–2006) Tofiq Mehdiyev (2006–2010) Tarix üzrə fəlsəfə doktoru Hacı NərimanoğluZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİNƏ YENİ SƏDR SEÇİLİB (2010-h.h).
İstinadlar
Kateqoriya:Azərbaycanın ictimai təşkilatları