Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə () — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri.

Həyatı Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur.

1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir.

Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir. Bundan sonra "Orconokidzeneft" trestinin 5-ci mədəninin böyük geoloqu, bir il sonra isə həmin trestdə baş geoloqun müavini təyin edilmişdir.

1950-ci ildə Moskvaya oxumağa göndərilən Məmməd Əlizadə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprel ayında vəzifəsində irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul ayından isə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi sədri olmuşdur. Sonralar SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır.

Məmməd Əlizadə 1965-ci ildə Azərbaycan SSR ictimai asayişi mühafizə naziri təyin edilmiş, 1970-ci ilədək bu vəzifədə (1968-ci ildən daxili işlər naziri) çalışmışdır. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR ictimai asayişi mühafizə nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar