Bakı — Azərbaycan Respublikasının paytaxtıdır və Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı şəhəri ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir. Orta temperatur yanvarda 3–4 °C, iyulda isə 38–42 °C-dır. İllik yağıntı 210 mm-dir. Bakı üçün güclü şimal küləyi — xəzri və cənub küləyi — gilavar səciyyəvi xüsusiyyət daşıyır.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan "Nafta" adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir.
Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin "Avropada səyahət edilməli ən maraqlı məkanları" reytinqində 7-ci sırada, The New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşdırılıb. Globalization and World Cities Research Network-un 2020-ci il hesablamalarına görə Bakı inkişafına görə Gamma+ kateqoriyasına daxil edilir və dünyanın ən inkişaf etmiş 145-ci şəhəridir.
Tarixi
Etimologiya Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş "Yegipet i Kavkaz" adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən "Ölülər kitabı" Misir mifologiyası toplusunda əksini tapmış "Bakhav" toponiminin Qafqazda formalaşmasıdır. Sözün kökü olan "Baka" — "Günəşin doğulduğu yer" və ya "Səhər şəfəqi" kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir.
Bəzi mənbələrə görə, Bakı adına isə ilk dəfə V–VIII əsr mənbələrində "Baqavan" və ya "Baquan", "Atşi Baqavan" və ya "Atşi Baqvan", yəni "Atəşi Baquan" kimi rast gəlinib. Baqa sözün kökü, "an" və "van" isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə "Bakuyə" sözündən götürülüb.
Bakının adlarından biri də fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranması ehtimal olunur. Söz farsca "bad" (külək, yel) və "kubidan" (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər iddia edir.. Bəzi tarixçilər Qədim fars dili etimologiyasında "Bagydad" sözünün Paytaxt Bakı ilə əlaqədar olduğunu söyləsə də, ərəb tarixçilər bunun Bakı ilə heç bir əlaqəsi olmadığını və bu sözün İraqın paytaxtı Bağdad olduğunu söyləyirlər.
Professor Sara Aşurbəyli Bakının ən qədim adının "Xunsar" olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. Xunsarın mənası "günə sarıhttps://azerdict.com/izahli-luget/sar%C4%B1", yəni "Günəşə doğru çevrilmiş" kimi açıqlanır.
Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü "baki"-dən (təpə deməkdir) əmələ gəlir. Maraqlısı odur ki, "təpə" mənasında qədim türkcədə də "baqu" sözü mövcuddur. Bu hipotezə görə, Bakı təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov da iddia etmişdir.
Həmçinin müxtəlif mənbələrdə Böyük Bakı kimi də qeyd olunur.
Gerbi thumb|Bakı quberniyasının gerbi
Bakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəş təsvirinin ortasında həkk olunan buğa şəkli olmuşdur. Buğa təsviri əvvəlcə bayır qala divarının qiriş qapısı üzərinə həkk olunubmuş. Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında — Şah Abbas darvazasında yenidən inşa olunmuşdur. Bakının qədim simvolu olan buğa təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur. Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir. Bəzi tədqiqatçılar şir təsvirlərinin Səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər.
Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur. Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir.
Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir.
14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilmişdir. Gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı "Odlar yurdu" kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. 1975-ci ildə həmin gerbə əlavələr edilmişdir. Bakının bugünkü gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir.
Qədim dövr thumb|right|İçərişəhərdə, Qız qalası yaxınlığında 1964-cü ildə Ömər İsmizadə tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış e.ə. IV–VII əsrlərə aid balıq/əjdaha fiquru, AMEA Arxeologiya və Etnoqrafiya Muzeyi.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər.
Orta əsrlər thumb|Şirvanşahlar türbəsi, Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən biridir.
Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.
X əsrin sonunda və XI əsrdə Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu — XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşayırdı. 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra Şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü.
XII əsrin sonu — XIII əsrin əvvəli Bakı şəhərinin feodal inkişaf dövrü idi. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər. XII əsrin birinci yarısında Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Şəhərin müdafiə sisteminə Qız Qalası da daxil idi. 1232–1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu. XIII əsrin sonunda, XIV–XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Şirvanşahlar dövləti Dərbəndilər sülaləsinin paytaxtı olduqdan, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. Bu, feodal şəhərinin tərəqqi dövrü idi.
1501-ci ildə Şah İsmayıl Xətai Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI–XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa — Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı.