Qazi Bürhanəddin Əhməd () — şair, alim və dövlət xadimi. Bürhanəddin əvvəllər qazılıq etmiş, daha sonra Ərətna bəyliyinin vəziri olmuş, ən sonda isə paytaxtı Sivas olmaqla özünün bəyliyini formalaşdırmışdır. Onun qurduğu bəylik "Qazı Bürhanəddinin dövləti" adlandırılmaqda idi. Özünün qurduğu bəyliyin müstəqilliyini qorumaq üçün o, Osmanlı, Məmlük, Qaramanoğulları və Ağqoyunlu dövlətlərinə qarşı 18 il mübarizə aparmışdır. O, müasir Azərbaycan türkcəsinə yaxın türkcədə şeirlər yazmışdır. Bundan başqa onun fars və ərəb dillərində yazılmış şeirləri də olmuş, eyni zamanda İslam şəriəti ilə bağlı araşdırmalar etmişdir. Onun yazmış olduğu divan türk dilində yazılmış ilk divandır. O, ümumiyyətlə müasir Azərbaycan və Türkiyə ədəbiyyatlarının qurucularından biri hesab edilir. O, xüsusilə Azərbaycan türkcəsində olan şeiriyyatın inkişafında xüsusi rol oynamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Qaynaqlar Əziz ibn Ərdəşir Astrabadi (və ya digər adı ilə Əbdüləziz Bağdadi) Qazi Bürhanəddinin saray şairi olmuş və "Bəzm və Rəzm" əsərini yazmışdır. O, bu əsərində özünün himayədarı olan Bürhanəddin barədə məlumatlar da vermişdir. Onun bu əsəri sonrakı əsrin məşhur ərəb tarixçisi İbn Həcərin (1372–1448) əsərində istifadə edilmiş, İbn Həcərin əsərindən isə öz növbəsində XVI əsr Osmanlı tarixçisi Daşkörpüzadə istifadə etmişdir. Məşhurr şərqşünas Gibb özünün əsərində Daşkörpüzadənın İbn Həcərdən almış olduğu materiallardan yararlanmışdır.

Bürhanəddinin həyatı barədə məlumatlar verilən bir digər əsər Dəməşqdən olan İbn Ərəbşahın (1392–1450) əsərində verilməkdədir. O, uzun illər Əmir Teymurun əsirliyində yaşamış, daha sonra isə özünün bioqrafiyasını yazmışdır. Krımski qeyd edir ki, kifayət qədər qəribə bir şəkildə Bürhanəddin barədə xeyli məlumat verilən İbn Ərəbşahın əsəri Gibb tərəfindən istifadə edilməmiş və ya ona bu əsər məlum olmamışdır. Eyni zamanda ibn Ərəbşah da Əziz ibn Ərdəşirin əsəri barədə məlumatlı olmuş, əsərində Əzizin əsərinin Qaramanda saxlandığını, cəmi dörd cilddən ibarət olduğunu yazmışdır.

Bürhanəddinin edam edilməsi və dövlətinin Osmanlı İmperatorluğu tərəfindən tutulması şəraitinin təsviri Bürhanəddinin Nikopolis döyüşündə (1396) ölümündən az əvvəl Osmanlılara əsir düşən, ömürü Bəyazid və oğlanlarının hakimiyyəti dövründə sona çatan İohan Şiltberqerin xatirələrində yer alır. Qeyd edilməlidir ki, İohan özü şəxsən Osmanlı ordusunun Sivası ilhaq etdiyi yürüşdə iştirak etmişdir.

Qazı Bürhanəddinin qonşu dövlətlərin hökmdarları və öz aralarında yazışmaları da Bürhanəddinin həyat və yaradıcılığı haqqında məlumat mənbəyidir.

Tarixi zəmin XIV əsrin əvvəllərində Elxanilər dövlətinin təzyiqlərinə məruz qalan Konya mərkəzi olan Anadolu Səlcuqluları süquta uğradı. Onun yerinə keçmiş dövlətin yerində müxtəlif bəyliklər ortaya çıxdı. 1335-ci ildə Anadoludakı Elxani canişinlərindən biri olan Ərətna bəy özünün müstəqilliyini elan etdi. Lakin o, qısa müddətlik Məmlük sultanından asılılığı qəbul etdi. Onun bəyliyinin ilk mərkəzi Ərzincanda, daha sonra isə Kayseridə yerləşməkdə idi. Ümumiyyətlə bu dövrdə formalaşan bəyliklər tez-tez bir-biriləri ilə müəyyən bölgələr uğrunda müharibələr aparmaqda idilər. Ərətna bəyliyi 1381-ci ildə Qazi Bürhanəddinin özünü müstəqil hakim elan etməsinə qədər Ərətna bəyin övladları tərəfindən idarə edildi.

Həyatı

Mənşəyi və erkən həyatı Bürhanəddinin Anadoluya köç edən ilk əcdadı Xarəzmli Məhəmməd Rəsul Sevinc adlı şəxs olmuşdur. O, Oğuzların Salur boyundan gəlməkdə idi. Əziz Astrabadi Bürhanəddinin soyunu belə qeyd etməkdədir: Şəmsəddin məhəmməd, Süleyman Siracəddin oğlu, Hüsəməddin oğlu, Cəlaləddin Həbib oğlu, Məhəmməd oğlu, Rəsul oğlu, Sevinc oğlu. Bürhanəddinin ulu babası artıq təxminən 1290-cı illərdə Kastamonu tərəflərdə dünyaya gəlmişdi. O, Kayseri qazizi tərəfindən bəyənilmiş, onun qızı ilə evləndirilmiş və buna görə də, vəzifə əldə etmişdir. Əziz Astrabadinin bildirdiyinə görə, ondan sonra onun övladlarının çoxu qazı vəzifəsini tutmuşlar. Beləliklə, Bürhanəddinin ailəsi nəsillər boyu qazı vəzifəsini icra etmişdir. A. Krımski Bürhanəddin barədə "qazının oğlu, qazının nəvəsi, qazının nəticəsi və qazının kötükçəsi" sözlərini yazmaqdadır. Eyni zamanda Bürhanəddinin ulu babası olan Səlcuqlu ailəsindən bir qızla evlənmiş və onun övladı Süleyman Siracəddin artıq çox hörmətli bir şəxsə çevrilmişdir. Buna görə də Süleyman Konya Səlcuqlularının sonuncu sultanının qızı ilə evlənmişdir. Onun övladı Şəmsəddin Məhəmməd isə ailə ənənəsinə uyğun olaraq Kayseridə qazı vəzifisini icra etmişdir. İbn Ərəbşah Ərətna hakimi barədə yazarkən Bürhanəddinin atası barədə də məlumat verməkdədir. O, Ərətna hakiminin vəzirlərini qeydedərkən onların arasında Bürhanəddinin atasının da olduğunu, həm də ən güclü vəzir olduğunu yazmışdır.

Bürhanəddin Ramazan ayının 3-də, yəni 8 yanvar 1345-ci ildə dünyaya gəlmişdir. Onun anası əsilzadə ailəsində dünyaya gəlmiş və Səlcuqlu sultanı Sultan Qiyasəddin Keyxosrovun qohumu idi. Beləki Bürhanəddinin ana tərəfdən babası olan Abdullah Çələbi vəzir olmaqla birlikdə, nüfuzlu səlcuqlu bürokrati Cəlaləddin Mahmud Mustovhinin oğlu idi. Bir başqa müəllif olan və "Tarix-e Olcaytu" əsərinin müəllifi olan Abdullah ibn Əli Kaşaninin bildirdiyinə görə Ərətna bəyin bacısı olmuşdur. O, Bürhanəddin yaş yarım ikən ölmüşdür. Buna görə də Bürhanəddin öz atasının təlim-tərbiyəsi və tədrisi altında böyümüşdü. O, gənc yaşlarında fars və ərəb dillərini öyrənmiş, İslam hüququ, məntiq, at sürmə, qılınc döyüşdürmə və oxçuluq kimi sahələrdə bacarığa sahiblənmişdir.

1356-cı ildə Bürhanəddin atası ilə birlikdə Dəməşqə təhsil almağa getmiş, iki ildən sonra isə oradan Qahirəyə yollanmışdır. Tarixçilər güman edirlər ki, bu səyahətin əsl səbəbi Bürhanəddinin atasının siyasi səbəblərə görə Kayseridən sürgün edilməsinə və ya oranı tərk etməyə məcbur olmasına görə olmuşdur. O, Qahirədə fiqh, hədis və təfsir kimi elmlərə yiyələnmişdir. Daha sonra o, 1362-ci ildə Dəməşqə geri dönmüş və burada şeir sənətini öyrənmək üçün Qütbəddin ər-Razini il yarim müddətinə ziyarət etmişdir. Qütbəddinin 1364-cü ildə ölümündən sonra Bürhanəddinin atası də qısa müddət sonra vəfat edir. Həm atasının, həm də müəlliminin ölümündən sonra Bürhanəddin öz doğma evinə geri dönür.

1364-cü ildə onun Kayseriyə dönməsindən sonra Ərətnaoğlu bəyliyinin hakimi olan Məhəmməd bəy onu qazı təyin edir və qızı ilə evləndirir. 1365-ci ildə Məhəmməd bəy ölür. Onun ölüm səbəbi dəqiq bilinmir. Güman edilir ki, o, Amasyaya Canik Hacı Şadgəldi, Milasa Hacı Əmir İbrahim və ya Qarahisardan Qılınc Arslanın üsyanını yatırmaq üçün etmiş olduğu yürüşdə öldürülmüşdür. Digər bir variant isə onun siyasi münaqişələr nəticəsində öldürüldüyü güman edilir. Bürhanəddinin bu hadisədə nə kimi rol oynadığı bilinməməkdədir. Məşhur şotland şərqşünası E. Gibb İbn Həcərin əsərinə istinad edərək bildirir ki, Bürhanəddin bəylik hakiminin qızı ilə evlənmiş, bundan sonra bilinməyən səbəbləə görə bu dostluq düşmənliyə çevrilmişdir. Buna görə də Bürhanəddin öz qayınatasını öldürmüş və hakimiyyəti öz əlinə almışdır.

Atası öldürülən zaman Məhəmməd bəyin oğlu Ələddin Əli cəmi 13 yaşında idi və buna görə də hakimiyyəti əldə edib idarə edəcək gücə malik deyildi. Bu qarışıqlıqlardan istifadə edən Qaramanoğulları Niğdə və Ağsarayı ələ keçirdilər. 1375-ci ildə Qaramanoğullarından Ələddin Kayserini ələ keçirdi və Ələddin Əli Sivasa qaçmağa məcbur oldu. 1378-ci ildə Bürhanəddin Kayserini yenidən ələ keçirdi və Ələddin Qaramanoğlunu buradan qaçmağa məcbur etdi. Buna görə də, Ələddin Əli Bürhanəddini özünün vəziri vəzifəsinə təyin etdi. Bürhanəddinin hakimiyyətə yiyələnmə istəyi Ələddin Əli ilə arasında problemə səbəb oldu. Bu mübarizədə Bürhanəddin qalib ayrılaraq hərbi və siyasi hakimiyyəti öz əlinə aldı. Onun bu səlahiyyətlərinin təstiqlənməsinin işarəsi kimi Səlcuqlular dövründə istifadə edilən bəylərbəyi və ya məlikül-üməra titulu ona təqdim edildi.

Onun vəzirliyi dövründə Bürhanəddin ölkəsindəki vəziyyətin yaxşılaşdırılması üçün addımlar atdı. Əmir Hacı Şadgəldi Amasyanı Ələddin Ərətnaoğlundan almışdı. Buna görə də şəhərin kimə məxsusluğu məsələsi üstündə Bürhanəddin ilə arasında problem yaşandı. Bu zaman 1380-ci ildə Ələddin Əli Qazabadda yayılmış vəba xəstəliyinə görə vəfat etdi. Bu zaman onun oğlunun cəmi 7 yaşı var idi. Toplanmış xalq məclisi Bürhanəddindən naib olaraq dövləti idarə etməsini istəsə də, o, bu təklifi rədd etdi. Buna görə də naib vəzifəsi Səlcuqlu sultanlı nəslindən olan və Ələddin Əlinin dul arvadı ilə evlənən Qılınc Arslana keçdi. Bu hadisə bir çox şəxsin narazılığına səbəb olmuşdu, çünki bir çoxu, Bürhanəddinin daha yaxşı hakim olacağına inanmaqda idi. Bundan narahat olan Qılınc Arslan əvvəl hərəkətə keçib rəqibini öldürmək qərarına gəldi. Lakin bundan xəbər tutan Bürhanəddin daha cəld davrandı və onu öldürdü. Bu 1381-ci ilin 19 fevralında baş vermişdi. Bundan sonra yenidən toplanan xalq məclisi yenidən Bürhanəddini dəstəklədi və o, naib oldu. Elə həmin ildə, yəni 1381-ci ildə Bürhanəddin özünün əsas düşməni olan Amasyalı Hacı Şadgəldini məğlub etdi və Sivasda özünün hakimiyyətini elan etdi. O, burada öz adına xütbə oxutdurduqdan sonra Anadolu, Suriya və İraqdakı hakimlərə çapar göndərərək taxta çıxdığını bildirdi.

Hakimiyyəti Gibb Xoca Sadəttin Əfəndiyə istinad edərək onun Bürhanəddinin Sivası və Kayserini ələ keçirərək 20–30 il hakimiyyətdə qaldığını bildirir. Lakin bu şişirtmədir. Mənbələrdən verilən məlumatlardan aydın olur ki, Bürhanəddin ya 17 ya da 18 il hakimiyyətdə qalmışdır. Onun sultanlıq illəri davamlı üsyankar bəylərlə münaqişələr, eyni zamanda Osmanlı, Məmlük, Ağqoyunlu kimi güclü dövlətlərlə mübarizə şəraitində keçmişdir.

1383-cü ildə Sivasdakı bəzi bəylərin sui-qəsdindən xilas olan Qazi Bürhanəddin, atası Hacı Şadgəldinin intiqamını almaq üçün qayınatası Candaroğlu Kötürüm Bayeziddən dəstək alaraq hərəkətə keçən Bürhanəddini məğlub etdi (785/1383–84). Ardınca Zülqədəroğulları ilə əməkdaşlıq edərək, müntəzəm hərbi birləşmələr təşkil edərək Sivasdan Aralıq dənizinə qədər uzanan bölgədəki Türkmənləri itaət altına aldı. Türkmən və Monqol təhlükəsini aradan qaldırdıqdan sonra bacısını Tokat Qalası bəyi ilə evləndirdi; bu dəstəklə Amasya üzərinə yürüyərək Amasya əmirlərini ard-arda məğlub etdi (1384).

Osmanlı sultanı I. Muradın onlara qarşı bir səfər təşkil edəcəyini öyrənən Candaroğulları bəyi Kötürüm Bəyazid, Qazi Bürhanəddinə xəbər göndərərək onunla yaxşı münasibətlər qurmaq istədiyini bildirdi. Lakin səmimi olmadığı anlaşıldıqda həm Qazi Bürhanəddin kimi güclü bir müttəfiqi, həm də taxtını itirdi (786/1384). Bu arada Tokat Qalası hakimi də də Sivasa gələrək Bürhanəddinə tabe olduğunu bildirdi. Qazi Bürhanəddin, 1387-ci ildə Kösədağda olduğu zaman Sivas xalqının üsyan etdiyini öyrəndi və komandanlarından birini göndərərək bu üsyanı yatırdı.

Qazi Bürhanəddin bacarıqla ətrafdakı bəylərin bir-birinə qarşı olan iddialarından yararlanmış, birini o birinə qarşı dəstəkləmişdir. Eyni zamanda o, ordusunu gücləndirmək üçün türkmən və monqol köçəri tayfalardakı kişilərdən də yararlanmışdır. O, uğurlu bir şəkildə bəyliyin keçmiş sərhədlərini bərpa etmiş, lakin Malatyanı ələ keçirməsi Məmlüklərlə münaqişəyə yol açmışdır. Çünki bura ənənəvi olaraq Məmlüklərin nüfuz dairəsi hesab edilməkdə idi. İbn Həcərin məlumatına görə, Malatyanın ələ keçirilməsinə cavab olaraq güclü bir Məmlük ordusu ona qarşı göndərilmişdir. Kiçik Asiyadakı bəzi bəylərlə ittifaq halında hərəkət edən Məmlük ordusu 1388-ci ildə Sivası bir neçə ay mühasirədə saxlamış, lakin Bürhanəddini məğlub etməyi bacarmamışdır. Bundan sonra Məmlük hökmdarı Sultan Barkuk onunla sülh imzalamağa məcbur olmuşdur.