Şahin Abdulla oğlu Mustafayev () — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2019-cu ildən), Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2008–2019), Tarif Şurasının sabiq sədri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti.
Həyatı və fəaliyyəti Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə Ermənistan SSR Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. Atası Abdulla Mustafayev Qazax qəzasının Qaymaqlı kəndindəndir.1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991–1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.
2008–2013-cü illərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycanın iqtisadiyyat nazirləri Kateqoriya:Azərbaycan baş nazirinin müavinləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Kateqoriya:Ermənistan azərbaycanlıları