9-cu surə
ət-Tovbə (Tövbə) surəsi (Mədinədə nazil olmuşdur, 129 ayədir)
Bu surə Quranın "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamayan yeganə surəsidir.
1 (Bu,) Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır.
2 Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.
3 (Bu,) Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ.
4 Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. On-larla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
5 Haram aylar bitdikdə müş-riklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
6 Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.
7 Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.
8 Necə (ola bilər)?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.
9 Onlar Allahın ayələrini ucuz qiymətə satır və (insanları) Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!
10 Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.
11 Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik.
12 Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə böhtan atsalar, onlarla vuruşun, çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə, (küfrdən)əl çəkələr.
13 Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
14 Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin
15 və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.
16 Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.
17 Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara)Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.
18 Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar.
19 Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz.
20 İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlar-dır.
21 Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.
22 Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah dərgahındadır.
23 Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.
24 De: 'Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yo-lunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz'.
25 Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu)sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız.
26 Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.
27 Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
28 Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
29 Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din (olan İslam) etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.
30 Yəhudilər: 'Üzeyr Allahın oğludur'– dedilər. Xaçpərəstlər də: 'Məsih Allahın oğludur'– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də (haq-dan) döndərilirlər!
31 Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul et-dilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.
32 Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.
33 Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.
34 Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ.
35 O gün bu (yığdıqları sərvətlər) Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) 'Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!'(– deyiləcəkdir.)
36 Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu)da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
37 (Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.
38 Ey iman gətirənlər! Sizə nə olub ki, 'Allah yolunda döyüşə çıxın!'– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.
39 Əgər döyüşə çıxmasanız, (Allah) sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.
40 Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: 'Qəm yemə, Allah bizimlədir!' (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
41 (Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.
42 Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: 'Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!'(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.
43 Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin?
44 Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
45 Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.
46 Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: '(Evdə) oturanlarla bərabər, siz də oturun!'– deyildi.
47 Əgər onlar sizinlə birgə (döyüşə) çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.
48 Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axırı ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.
49 Onlardan eləsi də var ki: 'Mənə izin ver (döyüşə getməyim), məni günaha batırma!'– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.
50 Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: 'Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!'– deyər və sevinə-sevinə çıxıb gedərlər.
51 De: 'Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!'
52 De: 'Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz də sizinlə birlikdə gözləyirik'.
53 De: 'İstər könüllü, istərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir qövm oldunuz!'
54 Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər.
55 Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.
56 Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır.
57 Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.
58 Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.
59 Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: 'Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik'– deyəydilər.