Məhərrəm Abış oğlu Əliyev () — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən).

Həyatı Məhərrəm Abış oğlu Əliyev 1951-ci il oktyabrın 20-də hazırkı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1973-cü ildən daxili işlər orqanlarında xidmət etmiş, 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.

1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirmişdir. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007–2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2012–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin olunmuşdur.

2019-cu ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilmişdir.

9 dekabr 2023-cü ildə Prezidentin Sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Prezidentin daha bir Sərəncamı ilə o, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.

Ailəsi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.

Mükafatları 24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub

İstinadlar

Xarici keçidlər Məhərrəm Əliyev(Arxivləşdirilib) General rütbəli əsgər — Məhərrəm Əliyev Prezident Məhərrəm Əliyevə yüksək vəzifə verdi(Arxivləşdirilib) General Məhərrəm Əliyevə yeni vəzifə verildi(Arxivləşdirilib) "Heydər Əliyev Azərbaycana qayıdanda qalmağa evi yox idi" — Generalın xatirələri(Arxivləşdirilib)

Kateqoriya:Bakı Şəhər Baş Polis İdarəsinin rəisləri Kateqoriya:Azərbaycanın Tacikistandakı səfirləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan generalları