Hacı Mirzə İsmayıl Əmirxizi və ya Məhəmməd İsmayıl Əmirxizi () — İran azərbaycanlısı yazıçı, şair, araşdırmaçı. O, İran Məşrutə hərəkatında aktiv iştirak edən siyasətçi və ziyalılardan biri olmuşdur. Onun qardaşı Əli Əmirxizi Məşrutə hərəkatının iştirakçılarından biri olmuş, eyni zamanda yazıçılıqla da məşğul olmuşdur. O, Tudə Partiyasının Mərkəzi Komitəsinin üzvü də olmuşdur.

Həyatı İsmayıl Əmirxizi 1873-cü ildə İran Azərbaycanının Sufiyan bölgəsində Arvanağ adlanan yerdə dünyaya gəlmişdir. O, Təbrizin şimal-qərbində yerləşən Əmirxiz məhəlləsində yaşadığı üçün Əmirxizi olaraq tanınmışdır. O, müxtəlif məktəblərdə fars və ərəb ədəbiyyatının əsaslarını öyrənmiş, 14 yaşından etibarən isə atası ilə birlikdə çalışmağa başlamışdır. O, gənclik dövründə Azərbaycanda ən məşhur və bacarıqlı şairlərdən biri hesab edilirdi. 1904-cü ildə Həcc ziyarətinə getmiş və bu ziyarət zamanı İstanbulda da olmuşdu. İstanbulda qaldığı zaman ilk dəfə respublika idarəetmə üsulu və konstitusiya kimi məsələlər barədə mətbuat və insanlar vasitəsilə məlumat almışdır.

İranda Məşrutə hərəkatı başladıqdan sonra o, mücahidlərin sırasına qatılmış və Azərbaycan Əyalət Əncüməninə Ərdəbil şəhərinin nümayəndəsi olaraq qatılmışdır. Daha sonra isə Səttar xanın katibi təyin edildi. Bununla o, əslində Səttar xanın müşaviri olaraq fəaliyyət göstərməyə başladı. Səttar xan bir çox məsələni onunla məsləhətləşərək həyata keçirirdi.

Tehranda ikinci çağırış məclisin işə başlamasından sonra Əmirxizi Səttar xan ilə birlikdə Tehrana gəldi. Səttar xanın yaralanması və bir neçə il sonra da bu yaradan ölməsi ilə nəticələnən Atabəy parkı hadisəsindən sonra Əmirxizi Təbrizə geri döndü. Onun Təbrizə dönməsinə icazəni Səttar xan özü vermişdi. 1912-ci ildə Təbrizin Rusiya tərəfindən tutulmasından və edilən təzyiqlər nəticəsində Əmirxizi İstanbula getməyə məcbur oldu. İstanbuldan isə Seyid Həsən Tağızadənin dəvəti ilə Berlinə getdi. 1915-ci ildə Bağdada gedərək Almaniyaya yaxın qüvvələrin işlərinə yardım etməyə başladı. Bağdadın Britaniyanın əlinə keçməsindən sonra İstanbula geri döndü və iki il orada qaldı. Birinci Dünya müharibəsinin sonunda rusların Təbrizi tərk etməsindən sonra Əmirxizi 7 ildən sonra öz şəhərinə geri dönə bildi. 1920-ci ildən etibarən Təhsil Nazirliyində işə qəbul oldu və Təbrizdəki Mahmudiyyə məktəbində müəllim olaraq çalışmağa başladı.

1920-ci ildə Məhəmməd Xiyabaninin üsyana başlamasından sonra Əmirxizi bu üsyana da qatıldı. O, Xiyabaninin təklifi ilə üsyanın "direktorlar heyətinin" üzvü oldu. Əmirxizi Azərbaycan adının Azadıstana dəyişdirilməsini təklif edən şəxslərdən biri idi. 1920-ci ilin 14 sentyabrında üsyanın yatırılmasın qədər Əmirxizi Xiyabaninin dəstəkçisi və məsləhətçisi olaraq fəaliyyət göstərdi.

Xiyabani üsyanının yatırılmasından və özünün də öldürülməsindən sonra Əmirxizi anidən siyasətdən uzaqlaşdı və mədəni fəaliyyətə yönəldi. 1934-cü ilə qədər o, Mahmudiyə məktəbinin direktoru olaraq çalışdı. 1934-cü ildə isə Tehrana göndərildi və Dar ul-Funun məktəbinin direktoru təyin edildi. 1942-ci ildə o, Təbrizə geri döndü və Azərbaycan mədəniyyət mərkəzlərindən birinin direktoru oldu. Lakin 12 ay sonra özünün istəyi ilə Tehrana göndərildi. 1946-cı ildə yenidən Dar ul-Fununun direktoru olaraq seçildi.

1947-ci ildə Əmirxizi Mədəniyyət və İslami Rəhbərlik Nazirliyinin ali müfəttişi seçildi. 1949-cu ildə isə təqaüdə ayrıldı.

Farsdilli əlyazmalar üzrə mütəxəsis, İran Milli Kitabxanasının banisi və Tehran Universitetinin professoru olmuş Mehdi Bayani bildirmişdir ki, Əmirxizi Nəstəliq yazısı üzrə xəttatlardan biri olmuş və məşhur xəttat Mirhüseyn Xoşnevisin tələbəsi olmuşdur.

Ölümü İsmayıl Əmirxizi 1966-cı ilin 16 fevral tarixində Tehran şəhərində vəfat etmişdir.

Əsərləri Əmirxizi ədəbiyyat və tarix sahəsində bir sıra əsərlər yazmışdır:

Divān-e Amirxizi (دیوان امیرخیزی) – Əmirxizinin divanı, 1940–1960 Tashih-e Būstān-e Saʿdi (تصحیح بوستان سعدی) – Sədi Şirazinin "Bustan" əsərinin ilk tənqidi nəşri, 1931 Qeṭʿāt-e Montaxabe az Naẓm o Nasr-e Fārsi (قطعات منتخبه از نظم و نثر فارسی) – Fars şeir və nəsrindən seçmələr, 3 cild, 1931 Tashih-e Divān-e ʿOnsori (تصحیح دیوان عنصری) – Əbülqasım Həsən Ünsuri Bəlxinin divanının korreksiya və xəttatlıqla nəşri Qiyām-e Āzarbāyjān va Sattār Khān (قیام آذربایجان و ستارخان) – Azərbaycan üsyanı və Səttarxan, 1960 Tārix-e Farhang va Adab-e Āzarbāyjān (تاریخ فرهنگ و ادب آذربایجان) – Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixi

Əmirxizinin məqalə və şeirləri müxtəlif jurnallarda nəşr olunmuşdur. Bəzi əsərləri onun vəfatından sonra çap olunmuşdur:

Ashʿār-e Gomşode: Do Qaside az Manuçehri Dāmğāni (اشعار گمشده: دو قصیده از منوچهری دامغانی) – İtmiş şeirlər: Mənuçehri Damğanidən iki qəsidə, məqalə, 1945 Tavqiʿāt-e Kasrā-ye Anuşirvān (توقیعات کسری انوشیروان) – Anuşirəvan Kəsranın fərmanları, məqalə, 1955 Āzari Tusi (آذری طوسی) – Azəri Tusi, məqalə, 1964 Julūs-e Valiʿahd Nāser od-Din Mirzā dar Tabriz (جلوس ولیعهد ناصرالدین میرزا در تبریز) – Vəliəhd Nəsirəddin Mirzənin Təbrizdə taxta çıxması, məqalə, 1972 Yāddāşt-hā-ye Əmirxizi (یادداشت‌های امیرخیزی) – Əmirxizinin xatirələri, məqalələr toplusu, 1972–1975 Nāmeh-ye Hāc Mirzā Āqāsi be Mirzā Tāqi Xān (نامه حاج میرزا آقاسی به میرزا تقی خان) – Hacı Mirzə Aqasinin Mirzə Tağı Xana məktubu, məqalə, 1973 Xodāhāfezi va Bāzgasht-e Amir Kabir be İrān (خداحافظی و بازگشت امیر کبیر به ایران) – Əmir Kəbirin İrandan ayrılması və geri dönüşü, məqalə, 1973 Şuruş va Qūghā-ye Mardom-e Erz-e Rum (شورش و غوغای مردم ارزنة الروم) – Ərzurum xalqının üsyanı və iğtişaşları, məqalə, 1973 Safarnāmeh-ye Əmirkhizi va Taqizadeh (سفرنامه امیر خیزی و تقی زاده) – Əmirxizi və Tağızadənin səfərnaməsi, məqalə, 1974 Safarnāmeh-ye Taqizadeh va Əmirxizi (سفرنامه تقی زاده و امیرخیزی) – Tağızadə və Əmirxizinin səfərnaməsi, məqalə, 1974 Enfeṣāl yā ʿAzl-e Kābineh-ye Nāser ol-Molk (انفصال یا عزل کابینه ناصرالملک) – Nasirül-Mülkün kabinetinin istefası və ya vəzifədən alınması, məqalə, 1974 Qazal-e Ertejali (غزل ارتجالی) – İmprovizə olunmuş qəzəl, məqalə, 1975 ʿAdl-e Mozaffar (عدل مظفر) – Müzəffər ədaləti, məqalə, 1975 Fath-e Āzarbāyjān (فتح آذربایجان) – Azərbaycanın fəthi, məqalə, 1975 Çehre-ye Cahān dar Āyene-ye Şeʿr (چهره ی جهان در آینه ی شعر) – Dünyanın siması şeir aynasında, məqalə, 2003 Ostād Mohammad Naxçavāni; Maqām-e Rafiʿ (استاد محمّد نخجوانی؛ مقام رفیع) – Ustad Məhəmməd Naxçıvani – Uca bir şəxsiyyət, məqalə, 2006

İstinadlar

Mənbələr

Kateqoriya:İran tarixçiləri Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri

Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:İran azərbaycanlısı şairlər