Həsən ağa Bakıxanov — Rusiya imperiyasının generalı, general-mayor (1880).

Həyatı Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada, Cəfərqulu ağa Bakıxanovun ailəsində anadan olmuşdur.

Hərbi təhsili və xidməti On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir.

1850-ci illərin əvvəllərində mənşəyinə baxmayaraq Dağlı milisinin süvari dəstələrində sıravi və unter-ofiser kimi xidmət etmişdir. 1859-cu ildə milis yunkerliyindən müntəzəm orduya — Əlahəzrətin Leyb-qvardiya Kazak alayına kornet rütbəsində keçirilmişdir. 1860-cı ildən Leyb-qvardiya Kazak alayının ofiseri qalmaqla Qafqaz Ordusu nəzdində xidmətə təyin edilmiş, 1860–1861-ci illərdə Qafqaz Ordusu Baş Qərargahının növbətçi generalının idarəsində çalışmışdır. Həsən ağa Bakıxanov hərbi xidmət dövründə poruçik (1861), ştabs-rotmistr (1863), rotmistr (1867), polkovnik (1871) və general-mayor (1879) zabit rütbələri almışdır. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsində fəal iştirak etmişdir.

Son illəri və vəfatı 1879-cu ildə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov sonrakı dövrdə Qubadakı mülklərini idarə etmiş, ömrünün son üç ilini isə Bakıda yaşamışdır. O, 28 noyabr 1898-ci ildə vəfat etmiş və vəsiyyətinə əsasən Bibiheybət məqbərəsində, atası Cəfərqulu ağanın yanında dəfn olunmuşdur. Onun dəfn mərasimi barədə "Kaspi" qəzetində belə bir məlumat dərc edilmişdir:

Ailəsi 1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba-Nisə bəyimlə (1831–1894) ailə qurmuşdur. İkinci dəfə 1869-cu ildə digər əmisi, Hacı Qədir ağanın qızı Ümmü Sələmə ilə evlənib. Onun Ümmü Sələmədən iki qızı dünyaya gəlib, Fatma xanım (d. 1870) və Reyhanət xanım. Reyhanət xanım sonralar Adil xan Ziyadxanov ilə ailə qurmuşdur. Bu evlilikdən Mahrux bəyim (Hüseynqulu xan Xoyskinin oğlu İsgəndər xan Xoyski ilə evlənib) də daxil olmaqla 5 qızları olub.

Mükafatları 1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə təltif olunduğu orden və medallar qeydə alınmışdır: Müqəddəs Vladimir ordeni, 3-cü dərəcə; Müqəddəs Anna ordeni, 4-cü dərəcə (“İgidliyə görə” yazısı ilə, 1861); Müqəddəs Stanislav ordeni, 2-ci və 3-cü dərəcələr (1879); “1853–1856-cı illər müharibəsinin xatirəsinə” medalı, Georgi lentində; "Müqəddəs Georgi ordeninin yüzilliyi münasibətilə" bürünc medal; “1877–1878-ci illər Rusiya–Türkiyə müharibəsinin xatirəsinə” açıq bürünc medal; “Qafqazda xidmətə görə” xaçı;

"Şir və Günəş" ordeni (bir müddət Rusiyanın İranda səfirliyində xidmətinə görə).

Mənbə

İstinad siyahısı

Ədəbiyyat

Həmçinin bax

Kateqoriya:Bakıxanovlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:XIX əsr Azərbaycan şəxsləri