Rza bəy Lətifbəyov (Rza Zaki; ) — pedaqoq, yazıçı.

Həyatı Şəkidə üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906–1909), Göyçayda müsəlman cəmiyyətinin "İqbal" məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910–1914) və rus-müsəlman məktəbində (1915–1920) Azərbaycan dilindən və şəriətdən dərs demişdir. Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, "Zavallı Cavad" (1912), "Fədayi-eşq" (1912), "Koroğlu" (1913) romanlarını, "Sultan Ədbülhəmidin xəli" (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərbaycan adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir. Rza Zaki Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919-cu il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi movzuda "Azərbaycan" pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" pyesi də tamaşaya qoyulmuşdu.

Kitabları Rza Zaki Lətifbəyov. Seçilmiş əsərləri. (Transfoneliterasiya edən: Xanım Mehdixanlı). Bakı, 2025. 216 səh. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun fondunda olan "Zavallı Cavad", " Nakam qız", " Oxuyun, qızlarım", Bədbəxt gəlin", "Haqq yerini tapar", "Sultan Əbdülhəmidin xəli", "Mənzumeyi-hicran" adlı kitablarını həmin İnstitutun elmi işçisi Xanımbacı Məlikzadə(Xanım Mehdixanlı) əski əlifbadan transfoneliterasiya edərək ön söz və luğətlə bərabər çapa hazırlamışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar