Cəbrayıl Rəhimov və ya Cəbrayıl Rəhimoğlu () — Cümhuriyyət tələbəsi, siyasi mühacir.

Şamaxı Real Məktəbində orta təhsil alıb. 1912-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, 1920-ci ildə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə təhsil alıb. Aprel işğalından sonra Fransada fəaliyyət göstərən Azərbaycan Tələbələri Birliyinin sədri olub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Həyatı Rəhimov Cəbrayıl Məhəmmədrza oğlu 1892-ci ildə Bakı şəhərində anadan olub. 1909–1912-ci illərdə Şamaxı Real Məktəbində orta təhsil alıb. 1912-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olub. 1916–1917-ci dərs ilində Bakı şəhərində yerləşən 8-ci rus-türk məktəbində müəllim kimi fəaliyyət göstərib.150px|left|frameless1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib. 1919-cu il noyabrın 15-də Cəbrayıl Rəhimov maarif nazirinə yazdığı məktubda Berlin şəhərindəki Kommersiya institutunda dövlət hesabına ali təhsil almaq istədiyini bildirib. 1919-cu il dekabrın 29-da təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 13-də Cəbrayıl Rəhimova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 501 saylı vəsiqə verilib.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Cəbrayıl bəy Fransada qalıb və Parisdə ali təhsil alıb. Aprel işğalından sonra Fransada fəaliyyət göstərən Azərbaycan Tələbələri Birliyinin sədri olub.

1922-ci ildə Cəbrayıl Rəhimov və İsrafil Əşrəfov Fransada təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi kimi Azərbaycan SSR-yə gəliblər. Onlar tələbələrin vəziyyəti haqda məruzə təqdim edərək təqaüdün artırılmasını xahiş ediblər. Lakin onlara istədikləri məbləğ ayrılmayıb, üstəlik də 1 il verilməli olan təqaüd cəmi 3 ay verilib. Daha sonra isə humanitar elmlər öyrənən tələbələrin geri çağırılması haqqında qərar verilib.

Cəbrayıl Rəhimovun sonrakı həyatı haqda heç bir məlumat yoxdur.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri