Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; ) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini.
Həyatı
Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib.
Fəaliyyəti Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir. O, partiyanın birinci (1918, aprel) və ikinci (1920, yanvar) qurultaylarında Mərkəzi Komitə üzvü seçilib. Bu partiyada fəaliyyətinə qədər Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib. Mehdiyev İttihad Partiyasını təmsil edərək Zaqafqaziya Seyminin üzvü seçilmiş və Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi.
1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın 1918-ci il noyabrdın 19-da verdiyi "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmiş və məclis üzvü kimi fəaliyyətə başlamışdır. Parlamentdə "İttihad" fraksiyasının üzvü olub. Mir Yaqub Mehdiyev Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer alıb. Bu tarixi hadisənin iştirakçısı olan Mehdiyev sonralar yazırdı: thumb|Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Əlimərdan bəy Topçubaşov|left
Tədqiqatçı Ömər Özcan Mir Yaqub Mehdiyevin müxtəlif mətbuat orqanlarındada çıxan 85 məqaləsini müəyyənləşdirərək siyahısını hazırlayıb.
Mühacirət Beləliklə, Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvarın 11-də de-fakto tanındı. Bu tanınmada Mir Yaqub bəyin də xidməti olub. 5 mart 1920-ci ildə Azərbaycan hökumətinin verdiyi qərarda bildirilir ki, Qərbi Avropa dövlətlərində xüsusi diplomatik heyətlərin yaradılması ilə bağlı olaraq, Paris diplomatik missiyası öz təyinat yerinə çatınca hökumətin 28 dekabr 1918-ci il tarixli qərarı ilə Avropaya göndərilmiş Sülh Nümayəndə Heyəti ləğv edilsin. Lakin bu qərarın icra edilməsi mümkün olmur, nümayəndə heyətinin üzvləri Parisdə mühacirət həyatı yaşamağa məcbur olurlar. Beləliklə də, Mir Yaqub Mehdiyevin mühacirət həyatı başlayır.
On səkkiz ildən artıq Fransada yaşayan Mir Yaqub Mehdiyev burada yaşadığı illərdə təhsilini davam etdirir. O, elmi səviyyəsini artırmaq məqsədilə Monpolye-3 Universitetinin Hüquq fakültəsinin doktorantı olur. "SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl bitirərək hüquq elmləri doktoru elmi dərəcəsini qazanır. Ərəb, fars və rus dilləri ilə yanaşı alman, fransız və ingilis dillərini də öyrənməsi Mir Yaqub Mehdiyevin Fransadakı fəaliyyətində müsbət rol oynayır
1926-cı ildə Fransada yaşayan və müxtəlif millətləri təmsil edən mühacirlərin təşkil etdiyi "Prometey" cəmiyyətinin mətbu orqanı olan "Prometey" jurnalı fransız dilində nəşr olunur. Mir Yaqub Mehdiyev də bu jurnalın redaksiya heyətinin üzvlərindən biri olmuşdur. Onun jurnalda vaxtaşırı məqalələri dərc olunurdu. Bu məqalələr əsasən Azərbaycanda baş verən hadisələrə, ölkəmizin mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə həsr olunurdu. thumb|1920-ci illərdə M. Mehdiyevin "Prometey" jurnalının 1932-ci il dekabr ayında çıxan 73-cü nömrəsində fransız dilində "San-Remo konfransı və Qafqaz respublikaları", 1933-cü ilin mart ayındakı 76-cı nömrəsində isə "Erməni məsələsi" məqalələri çap edilmişdir. "Erməni məsələsi" məqaləsi müəllifin 1933-cü ildə fransız dilində çap etdirdiyi irihəcmli "Qafqaz problemi" adlı kitabına olduğu kimi daxil edilmişdir. İkinci Dünya müharibəsi illərinə qədər Mir Yaqub bəy Avropada Azərbaycanla bağlı qurulan təşkilatlarda, birliklərdə mübarizə aparır, müxtəlif mövzulu konsfranlar təşkil edirdi. M. Mehdiyev 1927-ci ildə Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Milli Mərkəzində təmsil olunurdu.
Mühacirətdəki "İttihad" liderlərindən biri nə qədər səy göstərsə də partiyanın xarici ölkələr bürosunun yaradılmasına nail ola bilməmişdir. Məhəmməd Məhərrəmovla birlikdə Cenevrə və Lozanna konfranslarında iştirak etmiş, Azərbaycan neftini heç kimin hərraca qoymağa səlahiyyətli olmadığı barədə kəskin etiraz notaları ilə çıxış etmişdir. SSRİ-nin Millətlər Cəmiyyətinin (MC) üzvlüyünə daxil olunması ilə bağlı MC-nin XVIII ümumi toplantısının rəisinə ünvanlanmış etiraz notasını Azərbaycan adından imzalamışdır.
Ölümü Mir Yaqub Mehdiyev 7 noyabr 1949-cu ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. O, Feriköy məzarlığında dəfn edilmişdir.
Mir Yaqub Mehdiyevin ölümü ilə bağlı yayımlanan nekroloqda onun Türkiyədə qazandığı nüfuzu öz əksini tapmışdır:
Kitabları Mir Yaqub Mehdiyevin 1928-ci ildə İstanbulda "Beynəlmiləl siyasətdə petrol" kitabı nəşr edilmişdir. Kitab Məhəmməd Əmin Rəsulzadənin İstanbulda yaratdığı Milli Azərbaycan nəşriyyatının sayca 9-cu kitabı idi. Məhəmməd Əmin Rəsulzadənin ön söz yazdığı kitab bir neçə başlıqdan ibarətdir: "Petrolun cahan hərbindəki rolu", "Cenevrə Konfransında Azərbaycan", "İngiltərə-Amerika rəqabəti", "Bolşeviklərə qarşı müştərək bir cəbhə", "Neft rəqabətinin təvəllüd etdiyi məhzurlar".
Kitabda Bakı neftindən və onun uğrunda beynəlxalq aləmdə gedən mübarizədən söhbət gedir. Əsər İstanbul nəşrindən az sonra fransız dilinə, 1931-ci ildə isə çin dilinə tərcümə edilmişdi. Milli Kitabxanada əldə olunan faktlara əsasən, "Beynəlmiləl siyasətdə petrol" əsəri Amerikada ingilis dilində çap olunmuş, sonralar isə həmin əsər 1992-ci ildə Azərbaycan dilində Bakıda nəşr edilmişdir.
Müəllifin növbəti irihəcmli kitabı olan "Qafqaz problemi" 1933-cü ildə Parisdə "Amerika və Şərq kitabxanası" seriyası altında fransız dilində nəşr olunmuşdur. Kitab 1996-cı ildə Əziz Gözəlsoyun tərcüməsində "Azərbaycan" nəşriyyatında azərbaycanca işıq üzü görmüşdür. "Qafqaz problemi" 200 səhifəyə yaxındır və "Giriş", "Rusiya tərəfindən Qafqazın işğal edilməsi", "Azərbaycan türklərinin intibahı", "Gürcüstanda milli hərəkat", "Şimali Qafqazda milli hərakat", "Erməni məsələsi", "Avropada separatistlərin fəallığı", "Zaqafqaziya Federasiyası", "Qafqaz və Brest-Litovsk sülhü", "Milli respublikaların formalaşması", "Qafqaz respublikalarının müstəqilliyinin tanınması", "Qafqaz respublikaları arasında əlaqələr", "Qafqaz respublikaları və Türkiyə", "Bolşeviklər tərərfindən Qafqazın işğalı", "Qafqazda siyasi cəbhə birliyi" və "Nəticə" kimi yarım sərlövhələrdən ibarətdir. "Qafqaz problemi" Fransanın Milli Kitabxanasında saxlanılır. Əsərin nüsxəsi üzərində müəllif türk dilində öz dəsti xətti ilə yazmışdır:
Bundan əlavə, Mir Yaqub Mehdiyevin "Sovet rejimi. Qaynaqlar və mahiyyəti" (Paris, 1926) "Beynəlxalq vəziyyət və SSRİ-də milli problem" (Paris, 1934) və "Avropada və Asiyada siyasi vəziyyət" (Paris, 1936) kitablarının müəllifidir.
Əsərləri Sovet rejimi. Qaynaqlar və mahiyyəti (). Montpellier, impr. Causse, Graille et Castelnau, 1926. Beynəlmiləl siyasətdə petrol (). İstanbul: Orxaniyyə mətbəəsi, 1928. Qafqaz problemi (). Paris: G.-P. Maisonneuve; Librairie Orientale et Americaine, 1933. Beynəlxalq vəziyyət və SSRİ-də milli məsələ (). Paris: "Prometey" nəşri, 1934. Avropa və Asiyada siyasi vəziyyət (). Paris: "Prometey" nəşri, 1936. Beynəlmiləl siyasətdə petrol. Transliterasiya edəni, ön söz və lüğətin müəllifi. S. İbrahimli. Bakı: Azərnəşr, 1994. Qafqazın problemləri. Fransızcadan tərcümə edəni: Ə. Gözəlsoy. Bakı: Azərbaycan, 1996.
Xatirəsi 2018-ci ildə İstanbulun Feriköy qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Mir Yaqub Mehdiyevin də qəbri bu ildə təmir olunub və məzarlığın girişindəki abidənin üzərinə adı həkk olunub.
2024-cü ildə müəllifi Dilqəm Əhməd olan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı işıq üzü görüb. Kitab Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr olunub və Aprel işğalından sonra Türkiyəyə köçərək ömrünün sonunadək orada mübarizə aparıb İstanbulda dəfn olunmuş 60-dan çox mühacir haqqındadır. Kitabda Mir Yaqub Mehdiyev haqqında da məlumat yer alıb.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Mir Yakub Mehdiyev’e görü uluslararsı siyasette petrol ve Azerbaycan petrolleri — academia.edu saytında. Tanış olun — Mir Yaqub Mehdiyev / İctimai radio
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Sankt-Peterburqda təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı Şəhər Dumasının X çağırış üzvləri Kateqoriya:Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri