Cahangir Bağırov və ya Vladimir Bağırov () — azərbaycanlı Sovet hərbi pilotu, hava taranı həyata keçirmiş ilk azərbaycanlı hərbi pilot, "Lenin" ordeni laureatı.
Həyatı Mircəfər Bağırovun böyük oğlu Cahangir, atasının Həştərxanda işlədiyi dövrdə ailə qurduğu zadəgan mənşəli Mariya Alekseyevna-Sergeyeva ilə nikahından 6 oktyabr 1919-cu ildə anadan olmuşdur. Anasını erkən yaşlarında, 1926-cı ildə itirən Cahangir uşaqlıq illərini Qubada bibilərinin himayəsində keçirmişdir. Atasına Qubadan göndərdiyi məktublarda Ömər Xəyyam və Mirzə Şəfi Vazehin əsərlərini mütaliə etdiyini qeyd etmişdir.
Təhsili 200px|thumb|left|Cahangir hərbi məktəbdə oxuduğu illərdə Cahangir Bağırov orta təhsillə yanaşı Bakıda fəaliyyət göstərən 10 illik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) fortepiano sinfində də təhsil almışdır. Həmin məktəbdə gələcək bəstəkar Tofiq Bakıxanovla birlikdə oxumuşdur. Bakıxanovun xatirələrinə görə, Cahangir Bağırov ciddi və nizam-intizamlı şagird olmuş, dərslərdə əsas diqqətini fortepiano məşğələlərinə yönəltmişdir. O, həmçinin Cahangirin sadə xarakterli olduğunu, lakin Azərbaycan KP MK-nın birinci katibinin oğlu olduğuna görə ona xüsusi nəzarət edildiyini və bu səbəbdən sinif yoldaşları ilə yaxın ünsiyyət qurmadığını qeyd etmişdir.
Uşaqlıq illərindən hərbi pilot olmağı qarşısına məqsəd qoyan Cahangir Bağırov orta təhsili ilə paralel olaraq Bakı aeroklubunda aviasiya hazırlığı keçmiş, 1938-ci ildə isə həmin aeroklubda Leyla Məmmədbəyovanın təyyarəçilik kursunu müvəffəqiyyətlə bitirmişdir. Onunla birlikdə həmin məktəbdə təhsil almış gələcək pilot Məzahir Abbasovun xatirələrinə görə, Cahangir Bağırov orta boylu, enlikürəkli, gözləri maviyə çalan, üz cizgiləri bir qədər kobud və fiziki cəhətdən möhkəm quruluşlu bir gənc idi. O, sadə və istiqanlı xarakteri ilə seçilir, atasının Azərbaycan SSR rəhbəri kimi tutduğu yüksək vəzifədən şəxsi üstünlük əldə etməyə çalışmır və buna arxalanmırdı. Həmin il təhsilini davam etdirmək üçün İ. V. Stalin adına Yeysk Hərbi-Dəniz Təyyarəçilik Məktəbinə göndərilmişdir. 1939-cu ildə isə V. İ. Lenin adına Daşkənd Qırmızı Bayraqlı Piyada Məktəbinə keçirilmiş, İkinci dünya müharibəsinin başlanmasından sonra isə leytenant hərbi rütbəsi ilə SSRİ Hərbi Hava Qüvvələrinin qırıcı aviasiya hissələrində xidmət etmək üçün cəbhəyə göndərilmişdir.Bəzi mənbələrdə Cahangir Bağırovun müharibədən əvvəl Moskva Dövlət Universitetinin Beynəlxalq fakültəsinin tələbəsi olduğu da qeyd edilir.
Hərbi xidməti 1941-ci ilin iyulundan Qərb cəbhəsində və Moskva uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin ilin 26 oktyabrında Serpuxov yaxınlığında baş vermiş hava döyüşü zamanı hər iki qolundan yaralanaraq hərbi hospitala yerləşdirilmişdir. Həkim komissiyası onu hərbi xidmətə yararsız hesab etsə də, Bağırov cəbhəyə qayıtmaq istəyirdi. 4 fevral 1943-cü ildə atası Mircəfər Bağırova yazdığı məktubda yenidən ön cəbhəyə göndərilməsini xahiş etmiş, arxa cəbhədə qalmasını özünə yaraşdırmadığını bildirmişdir. Məktubunda, həmçinin, xarici istehsal olan müasir təyyarələrə ehtiyac duymadığını, zərurət yaranacağı təqdirdə U-2 tipli təyyarə ilə də döyüşə hazır olduğunu qeyd etmişdir. Məktubu oxuduqdan sonra Mircəfər Bağırov Azərbaycan SSR Mərkəzi Həkim Ekspertiza Komissiyasının sədri Mustafa Topçubaşovu qəbul etmişdir. Topçubaşov yaralanmanın ağırlığını əsas gətirərək Cahangir Bağırovun təxminən bir il müalicə almalı olduğunu bildirmiş, lakin son qərarın məsuliyyətini Cahangir Bağırovun öz üzərinə götürdüyü qeyd edilmişdir. Bir müddət sonra o, yenidən hərbi xidmətə qayıtmış, əvvəlcədən uçuş hazırlığına malik olduğu üçün Zaqafqaziya cəbhəsinin Rustavi Hərbi Aviasiya Pilot Məktəbinə göndərilmişdir.
Təhsilini başa vurduqdan sonra qvardiya baş leytenantı hərbi rütbəsində 1943-cü ilin may ayından yenidən cəbhəyə qayıdaraq Voronej cəbhəsinin 2-ci Hava Ordusunun 8-ci qırıcı aviasiya diviziyasının tərkibində fəaliyyət göstərən 40-cı qvardiya qırıcı aviasiya alayında xidmət etmişdir.
40-cı qvardiya qırıcı aviasiya alayında xidmət etdiyi dövrdə Cahangir Bağırov düşmən təyyarələrinin qarşısının alınması məqsədilə 19 döyüş uçuşu həyata keçirmiş, ümumilikdə 17 saat 30 dəqiqə döyüş uçuşu vaxtı toplamış və 5 hava döyüşündə iştirak etmişdir. İlk döyüş uğurunu Oboyan şəhəri və Bobrışevo kəndi istiqamətində üstün sayda alman aviasiyasına qarşı aparılan hava döyüşündə qazanmışdır. 2 iyun 1943-cü ildə Kursk şəhərinə hücum edən düşmən aviasiyasına qarşı üç hava döyüşündə iştirak etmiş, düşmənin üstün qüvvələrinə qarşı döyüşmüşdür.
Müasirlərinin xatirələrinə görə, Cahangir Bağırov təyyarəçi yoldaşları arasında "taran ustası" kimi tanınırdı.
Ölümü thumb|right thumb|right|Vladimir (Cahangir) Bağırovun ölümündən sonra "Lenin" ordeni ilə təltif edilməsi haqqında təltif sənədlərində onun tərcümeyi-halı, hərbi xidməti və döyüş fəaliyyətinə dair mühüm məlumatlar öz əksini tapmışdır. 5 iyun 1943-cü ildə Kursk vilayətinin Oboyan rayonu, Belaya kəndi yaxınlığında baş vermiş hava döyüşündə Cahangir Bağırov 14 ədəd La-5 qırıcı təyyarəsindən ibarət qrupun tərkibində alman aviasiyasının hava hücumunun qarşısını almaq üçün döyüşə çıxmışdır. Rəsmi təltif sənədi və döyüş iştirakçılarının xatirələrinə görə, o, döyüş zamanı iki "Junkers Ju 88" bombardmançı təyyarəsini vurmuşdur. Döyüş sursatı və yanacağı tükəndikdən sonra isə düşmənin "Messerschmitt Bf 109" qırıcı təyyarəsinə hava taranı tətbiq etmişdir. Toqquşma nəticəsində hər iki təyyarə havada məhv olmuş, Cahangir Bağırov həlak olmuşdur. Hava taranı tətbiq etməklə döyüş tapşırığını yerinə yetirən Cahangir Bağırov Böyük Vətən müharibəsi illərində bu döyüş üsulundan istifadə etmiş ilk azərbaycanlı hərbi pilot hesab olunur.
Sovet İttifaqı marşalı xatirələrində də Bağırovun həmin döyüşdə iki Ju 88 bombardmançı təyyarəsini vurduğunu, daha sonra isə qarşı-qarşıya hərəkət edən kursda qırıcı təyyarəsinə hava taranı tətbiq etdiyini yazmışdır. Krasovskinin məlumatına görə, toqquşma nəticəsində hər iki təyyarə havada partlamış və pilotlar həlak olmuşlar.
Sovet pilotu Yevgeni Nikolayeviç Sinayski (1921–1987) Kursk döyüşləri ilə bağlı xatirələrində yazır:
Azərbaycan müəlliflərinin irəli sürdüyü başqa bir versiyaya görə, Cahangir Bağırov Oboyan aerodromu üzərində 11 alman təyyarəsinə qarşı hava döyüşü apararaq onlardan yeddisini vurmuş, sursatı və yanacağı tükəndikdən sonra isə düşmən təyyarələrindən birinə hava taranı tətbiq etmişdir.
Döyüş yoldaşı, "Qırmızı Bayraq" ordenli hərbi pilot Məzahir Abbasovun xatirələrində Cahangir Bağırov yüksək hazırlıqlı qırıcı təyyarəçi kimi səciyyələndirilmişdir. Abbasovun sözlərinə görə, o, komandanlığın ən çətin döyüş tapşırıqlarını könüllü olaraq yerinə yetirmiş və ölümlə üz-üzə gəlməkdən çəkinməmişdir.
Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevin xatirələrinə görə, Bağırov 1943-cü ilin may ayında Kursk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yüksək pilotaj və kəşfiyyat məharəti nümayiş etdirmişdir. Digər təyyarəçilərin itki verdiyi mürəkkəb şəraitdə, təyyarəsinin zədəli olmasına baxmayaraq komandirin əmri ilə yenidən havaya qalxan Bağırov, düşmən qüvvələrinin dislokasiya yerlərini dəqiqləşdirmişdir. Geri qayıdarkən düşmən qırıcıları tərəfindən əhatəyə alındığı zaman o, məcburi eniş edirmiş kimi manevr edərək alman pilotlarını çaşdırmış, düşmən dərinliklərinə sızaraq kəşfiyyat uçuşunu davam etdirmiş və daha sonra onların səhra aerodromuna enmişdir. Alman təyyarələrinin də yerə enməsindən və pilotların sayıqlığı itirməsindən istifadə edən Bağırov, soyuqqanlılığını qoruyaraq təyyarəsini qəfildən yenidən havaya qaldırmağa müvəffəq olmuş və əldə etdiyi mühüm kəşfiyyat məlumatlarını qərargaha çatdırmışdır.
Dəfni və nəşinin Bakıya gətirilməsi Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsini təşkil edən Həzi Aslanov onun Dağüstü parkda dəfn olunmasını Mircəfər Bağırova təklif etmişdir. Lakin, Bağırovun cənazəsi Yasamal qəbiristanlığında anası Mariya Sergeyevanın məzarı yanında dəfn edilmişdir. Qəbir üzərindəki sement başdaşında budaqlarından biri sınmış ikibudaqlı ağac təsviri həkk edilmiş, həmçinin Cahangir Bağırovun ölümündən sonra "Lenin" ordeni ilə təltif olunmasına dair fərmanın mətni əks etdirilmişdir.
Mircəfər Bağırovun qardaşı qızı Teyyibə xanımın xatirələrinə görə, dəfn mərasimində Mircəfər Bağırov yaxınlarının göz yaşları içərisində olduğunu görərək, "Niyə ağlayırsınız? Ağlamayın. Mənim oğlum Cahangir xalqın oğludur", — demişdir. Teyyibə xanımın sözlərinə görə, Mircəfər Bağırov həmin gün hamıdan çox göz yaşı tökmüşdür. Azərbaycan SSR xalq şairi Süleyman Rüstəmin xatirələrinə görə, Cahangir Bağırovun yas mərasimində iştirak edən Mircəfər Bağırov oğlunun ölümündən dərin sarsıntı keçirmiş və olduqca pərişan görünmüşdür. Süleyman Rüstəm onun özünü ələ almağa çalışsa da, buna nail ola bilmədiyini qeyd etmişdir. Həmçinin, Məmməd Səid Ordubadinin Cahangir Bağırovun yas mərasiminin aparılmasında iştirak etdiyi bildirilmişdir.
Mircəfər Bağırovun məzarı ziyarəti Mircəfər Bağırov barəsində ölüm hökmü çıxarıldıqdan sonra məhkəmə heyətindən yeganə xahişi oğlu Cahangir Bağırovun məzarını ziyarət etməsinə icazə verilməsi olmuşdur. Məhkəmə prosesi başa çatdıqdan sonra o, mühafizəçilərin müşayiəti ilə Yasamal qəbiristanlığında yerləşən oğlunun məzarını ziyarət etmiş və onunla vida etmişdir. Tarixçi Adıgözəl Məmmədovun yazdığına görə:
Təltifləri SSRİ rəhbərliyi Cahangir Bağırovu ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına təqdim etməyi nəzərdən keçirmişdir. Lakin Mircəfər Bağırov Azərbaycan KP MK-nın birinci katibi kimi SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalininə və fövqəladə komissiyanın sədri Nikolay Şvernikə müraciət edərək oğlunun yalnız "Lenin" ordeni ilə təltif olunmasını xahiş etmişdir. Beləliklə, SSRİ Ali Sovetinin 9 iyun 1943-cü il tarixli əmri ilə Cahangir Bağırov ölümündən sonra "Lenin" ordeni ilə təltif olunmuşdur.
Xatirəsi 1943-cü il 8 iyun tarixində "Kommunist" və "Bakinski raboçi" qəzetlərində Cahangir Bağırovun xatirəsinə həsr olunmuş nekroloq dərc edilmişdir. Həmin nekroloq bir il sonra, 1944-cü ildə nəşr olunan "Azərbaycanın şanlı oğulları" kitabının II cildinə də daxil edilmişdir.
1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə Bakıya səfəri zamanı Azərbaycan SSR rəhbəri Mircəfər Bağırovla birlikdə əvvəlcə Həzi Aslanovun, daha sonra isə Cahangir Bağırovun məzarını ziyarət etmişdir.
Rayon sakinlərinin təşəbbüsü ilə sovet dövründə Quba şəhərində onun adını daşıyan "Cahangir bağı" adlı park salınmışdır. Cahangir Bağırovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə isə 1993-cü ildə həmin şəhərdə onun büstü ucaldılmışdır.
2012-ci ildə Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində ona həsr olunmuş anım gecəsi keçirilmişdir. Tədbirdə rejissor Nazim Rzaisrafiloğlunun 1995-ci ildə çəkdiyi, Böyük Vətən müharibəsində vuruşmuş azərbaycanlı hərbi təyyarəçilərə həsr edilmiş "Ərş qardaşları" sənədli filmindən fraqment nümayiş etdirilmişdir.
Qeydlər
Mənbə
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat Onların xatirəsi əbədi yaşayacaqdır: [Cəsur təyyarəçi Vladimir–Cahangir Bağırov haqqında] // Azərbaycan gəncləri. — 1947. — 9 may. Stalinçi şahinlər: (Hüseyn Bala oğlu Əliyev, Vladimir–Cahangir Bağırov, Hüseyn Bağırov, Rizvan Zeynalov, Məzahir Abasov və başqaları haqqında) // Kommunist. — 1943. — 15 avqust. Stalinçi şahinlər: [Vətənin azadlığı uğrunda vuruşan Azərbaycan şahinləri – Hüseyn Bala oğlu Əliyev, Adil Quliyev, Vladimir–Cahangir Bağırov, Məzahir Abasov haqqında] // Kommunist. — 1945. — 19 avqust. Qaziyev, M. Xalqımızın qəhrəman oğulları [Mətn]: [Təyyarəçilər Məzahir Abasov, Hüseyn Bala oğlu Əliyev və Volodya-Cahangir Bağırov haqqında] / M. Quliyev // Kommunist. — 1943. — 29 oktyabr.