Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.
2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır.
Ümumi məlumat Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.
8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.
Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir. left|180px|thumb|Xınalıq bələdiyyəsinin emblemi right|220px|thumb|52 saylı Quba seçki dairəsinin 64 saylı seçki məntəqəsinin dislokasiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır. Xınalıq kənd orta məktəbinin binasında həmin dairənin 64 saylı seçki məntəqəsi yerləşir.
Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Xudat Sərhəd Dəstəsinin "Xınalıq" sərhəd zastavası, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, Azercell və Bakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir.
Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.
Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir.
Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır.
2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.
Adının mənası "Xınalıq" sözü oykonimdir.
Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50–60-cı illərindən sonra işlənməyə başlanmışdır.
Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "-lıq" şəkilçisindən düzəlib, "Xenidən olanlar, xenililər" mənasındadır.
Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir.
Tarixi Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.
Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2180 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.
Nuh peyğəmbərin nəsli Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.
Eramızdan əvvəl I əsr Bəzi müəlliflərin fikrincə eramızdan əvvəl I əsrdə bu ərazidə "get" tayfaları yaşamışdır.
Strabonun 17 cildlik "Coğrafiya"sında Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir.
Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.
VII–X əsrlər
Musa Kalankatlının "Alban tarixi" əsərində Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir.
Yaqut əl-Həməvi Xınalıq haqqında Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur.
Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan" () adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edir. Həmin "Coğrafiya" lüğətindən aydın olur ki, Xınalıq kəndi VII–X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox alimlər yetişmişlər.
Şirvanşahlar dövləti dövründə Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi.
Nadir şah Əfşar Xınalıqda Kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir. "Gülüstani–İrəm" əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altı–Ağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O, buradan oğlu Rzaqulu mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir və buradakı qaçaqları cəzalandırır. Həmin ərazilərdə qətl-qarət törədən Nadir qayıdıb Qubanın Gilyar adlı yerində öz ordusuna yetişir.
Quba xanlığı dövründə
Xınalıq mahalı
Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi.АВПРИ, f. 77, siy.7, iş 159, v. 35 və a.ü. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.
F. F. Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P. Q. Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır. Buduq, müəllifin sözünə görə, həmin kəndlərin ən böyüyüdür. Xınalıq mahalında cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi.
XIX əsr Qubanın ticarət mərkəzi kimi şöhrəti artana qədər, XIX əsrin əvvəllərində Xınalıqlıların geniş dünya ilə əsas əlaqəsi Qəbələ vasitəsi ilə olmuşdur.
XIX əsrin 40-cı illərində Buduğun inzibati ərazi baxımından mövqeyi daha da genişlənir və kənd Anaqdarin, Buduq və Xınalıq mahallarından təşkil olunmuş "Sahə" mərkəzinə çevrilir. Buduq sahəsinə 34 kənd (Anaqdarin və Xınalıq mahallarının hər birində 9 kənd və Buduq mahalında 16 kənd) daxil idi.
XX əsr Uzun illər gediş-gəlişin çətin olduğu bu məkanda yaşayan xınalıqlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saxlamalarının əsas səbəbi, məhz başqa xalqlarla inteqrasiyada olmamalarıdır. Lakin buna baxmayaraq, onlar heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmamış, ölkənin digər xalqları qədər bu hadisələrin iştirakçısı olmuş və problemlərin həllinə öz töhfələrini verməklə yanaşı, bu problemlərin yaratdığı fəsadlardan da öz nəsiblərini almışlar.
Digər şahdağlılar kimi xınalıqlılar da Birinci və İkinci dünya müharibələrində, həmçinin Birinci Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Xüsusilə, 1941–1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi onların demoqrafik inkişafına ciddi təsir göstərmişdir. Belə ki, əsasən Quba–Qusar–Şabran zonasında 1941-ci ilin oktyabrında təşkil edilmiş 223-cü diviziyanının tərkibində müharibəyə yollanmış yüzlərlə şahdağlıların çox böyük əksəriyyəti cəbhədən öz doğma yurdlarına dönməmişdir. Lakin onların müharibədə iştirakı barədə lazım olduğu qədər informasiya toplamaq çox çətindir. Bunun əsas səbəbləri indiyə qədər bu sahədə heç bir fundamental tədqiqatın aparılmamasıdır. Xüsusilə də şahdağlıların özlərinin mövzunu araşdırmaması bu sahədə həqiqətlərin üzə çıxmaması ilə nəticələnmiş və boşluqlarla müşahidə olunan bir müstəvi yaratmışdır.
Qəsəbə statusu 1987-ci ildə Azərbaycan SSR hakimiyyət orqanlarının xüsusi qərarına əsasən Xınalıq kəndinin qəsəbəyə çevrilməsi məsələsi Sentrosoyuzlayihə İnstitutunun Bakı filialına həvalə olunmuşdur. Arxitektorlar Xınalıq qəsəbəsinin baş planını və layihəsini hazırlamışlar. Həmin baş plana əsasən qədim Xınalıq kəndi tarixi dövlət qoruğu kimi saxlanılmalı və kəndin cənub sahilində qəsəbə salınmalı idi. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Xınalığın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair verilmiş xüsusi sərəncamda ayrı-ayrı nazirliklər, idarə və təşkilatların yerinə yetirəcəkləri vacib vəzifələr konkret göstərilmişdir.
Lakin Azərbaycan SSR Nazirlər Sovetinin 23 sentyabr 1987-ci il tarixli sərəncamı tam icra olunmamış və Xınalıq qəsəbə statusunu ala bilməmişdir.
XXI əsr