Hacı İsmayılov (tam adı: İsmayılov Hacı Məcid oğlu; ) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000), Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini (2014) və İttifaqın sədr vəzifələrini müvəqqəti icra edən (2023), Teatr Xadimləri İttifaqının sədri.
Həyatı Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.
Ailəlidir, iki övladı və üç nəvəsi var.
Teatr səhnəsindəki rolları
Filmoqrafiya
Xatirəsi 2026-cı ildə mədəniyyət yazarı Vasif Ayanın Hacı İsmayılova həsr olunmuş "Hacı İsmayılovun xatirələri" adlı kitabı nəşr edilmişdir.
İstinadlar
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Hacı İsmayılovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Hacı Ismayilov — 72 — LiderTvOnline Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016 Səda — "Qürbətdən gələn məktublar" tamaşası təqdim edilib (23.06.2016) "Stullar" tamaşası təqdim olundu "Almaz" tamaşasının yeni səhnə həyatı
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Teatr Xadimləri İttifaqının sədrləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları