thumb|200px|Kilsənin rəmzi Vəhdət kilsəsi — müasir dini cərəyan.
Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur.
2025-ci ildə məhkəmə bu kilsəni Yaponiyada ləğv etməyə əmr vermişdi. 2026-cı ilin martında Tokio Ali Məhkəməsi həmin qərarı təsdiqləmişdi.
Yaranması
1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır.
Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür.
Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır. O, hərbi düşərgədə də ideyalarını yaymış, buradan çıxdıqdan sonra isə fəaliyyətini genişləndirmişdir. Zaman keçdikcə Munun təbliğatı öz bəhrəsini vermiş və təsiri Koreya hüdudlarından kənara çıxmışdır.
1954-ci ilin mayında Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyətini, yəni Vəhdət Kilsəsini yaradaraq Mun ardıcıllarını (munçuları) vahid idarə altında birləşdirmiş və üç il ərzində 30-dan artıq kilsə açmışdır.
1957-ci ildə Mun Bibliyaya əlavə mahiyyəti daşıyan və munçuların əsas dini əsərinə çevrilən "İlahi prinsiplər" adlı kitab yazmış və yeni dini cərəyanın etiqadını formalaşdırmışdır.
Qarşısına qlobal məqsədlər qoyan və missionerlik fəaliyyətinə böyük önəm verən Mun Yaponiya və Qərb dünyasında, xüsusilə Amerika Birləşmiş Ştatlarında özünə tərəfdar qazanmağa çalışmışdır. O, həmin regionlara missionerlər göndərmiş, beynəlxalq konfranslar təşkil etmiş və bu yolla məşhur adamları öz tərəfinə çəkmişdir. ABŞ-də munçuların təsir dairəsinin genişləndiyini görən Mun dünyanı iki dəfə səyahət etdikdən sonra buraya köçmuşdür.
Müxtəlif iri korporasiyalara sahib olan, günü-gündən zənginləşən və nüfuzu artan Mun dini iddialarında daha da irəli gedərək, 1992-ci ildə özünü və dördüncü arvadı Hak Dja Munu bəşəriyyətin "həqiqi valideyn"ləri elan etmiş, Əhdi-Cədid erasının bitdiyini və yeni dövrün, yəni Mun erasının başlandığını bəyan etmişdir.
İstinadlar
Mənbə Müəllif: Anar Əlizadə - "Cəmiyyət və din" qəzeti
Kateqoriya:Yeni dini hərəkatlar Kateqoriya:Xristianlıq Kateqoriya:Antikommunizm Kateqoriya:Xristian yeni dini hərəkatlar