Əbu İshaq İbrahim ibn Səyyar ibn Həni ən-Nəzzam (; ) – Bəsrə mötəziləsinin tanınmış kəlamçısı, mötəzilənin nəzzamiyyə qolunun banisi.

Həyatı Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur.

Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbül-Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur. Nəzzam bir çox şəhərlərə səfər etmiş, həcc ziyarətində olmuşdur.

Onun ölümünə dair fərziyyələr də bir-birindən xeyli fərqlənir. Bəziləri sərxoş olub, özünü yaşadığı evin damından atdığını, bəziləri isə alimin öz ömrünü dindar kimi tamamladığını qeyd edirlər.

Görüşləri Nəzzam mötəzilə məzhəbinin "üsuli-xəmsə" (beşlik üsulu) sistemini qəbul etmişdir. Onun fikrincə, ancaq insana məxsus olan elmilik hissetmə və ağıl yolu ilə əldə edilir. O, insanda əsl idrak obyektinin ruh olduğunu və bunu duyğu orqanlarının əşyalara təması ilə həyata keçirdiyini bildirmişdir. Duyğuların köməyi ilə xeyir və şər əməllərin qavranılmasının mümkünlüyünü isbat etməyə çalışmışdır. O, kainatın məhdud və sonlu olduğu fikrinin tərəfdarı idi. Əşyaların təbiətcə özünəməxsusluğunu qeyd edən Nəzzam, onların ilk baxışda idarəolunmaz görünmələrinə baxmayaraq, Allahın hökmünə tabe olduqlarını bildirmişdir. O, insanın iki ayrı substansiya kimi bədən və ruhdan ibarət olduğu fikrini rədd edərək, bədəni ruhun qəlibi və daşıyıcısı adlandırmış, insanın yalnız ruhdan ibarət olduğunu iddia etmişdir. Onun fikrincə, lətif cisim olan ruh, bölünməyən və zidd hissəciklərə parçalanmayan cövhərdir.

Nəzzam bildirmişdir ki, Allah varlıqları bir dəfəyə və gördüyümüz şəkildə yaratmışdır. O qeyd etmişdir ki, ağlı olan hər şəxs, təbiəti müşahidə etməklə Allahın varlığını təsdiq edə bilər. Pis şeyləri insan özü edir, Allah şəri yaratmamışdır. Beləliklə, Allah ədalətinə əsasən, Cəhənnəmdəkilərin əzabını, Cənnətdəkilərin isə mükafatını nə artırar, nə də azaldar. Çünki bunlar zülm hesab olunur, o da ehtiyac və ya cahillikdən doğar. Allah bunların ikisindən də uzaqdır. Nəzzam nübuvvəti insan üçün vacib hesab etmişdir. O, Qurandadə Məhəmmədin peyğəmbərliyinə dair qəti dəlillərin olduğunu vurğulamışdır. Məhəmmədin özündən sonra işarə ilə Əlini imam təyin etdiyini nəzərə çatdırmışdır. Bütün bunlara əsasən Əliyə qarşı savaşanların xəta etdiklərini bildirmişdir. O, habelə bir sıra səhabələri yalançılıqda və əhli-beytin Məhəmməd mirasını almasındakı rollarına görə, tənqid atəşinə tutmuşdur. Bəzi tədqiqatçılar onun imamət mövzusunda Hişam ibn Hakimdən təsirləndiyini qeyd etmişlər.

Dini hökmlərin qəti dəlillərə istinad etməsinin vacibliyini vurğulayan Nəzzam, xilasın imanla yanaşı, böyük günahlardan uzaqlaşmaqla mümkünlüyünü bildirmişdir. Onun fikrincə, böyük günahlar yalnız vəhy yolu ilə qadağan edilənlərdir. Nəzzamın bunlardan əlavə, ərəblərlə qeyri-ərəblərin evlənməsinin haram olduğunu, 200 dirhəmə qədər oğurluğun günah sayılmadığını, qəsdən tərk edilən namazın qəzasının olmadığını bildirən fiqhi düşüncələri də mövcuddur.

Nəzzamın qırxadək əsəri olduğu qeyd edilmişdir. Lakin bunların heç biri dövrümüzədək gəlib çatmamışdır. Yalnız tələbəsi Cahiz öz kitablarında onlardan sitatlar gətirmişdir. Nəzzam İslam fəlsəfəsi və kəlam sahəsinə bir sıra yeniliklər gətirmiş, bu elmlərin inkişafında özünəməxsus rol oynamaqla yanaşı, ziddiyyətli şəxsiyyəti və düşüncə tərzinin təkrarolunmazlığı ilə İslam tarixində iz qoyan şəxsiyyətlərdən olmuşdur.

Əsərləri Mənbələrdə Nəzzamın qırxa yaxın əsərinin adı çəkilsə də, onların heç biri dövrümüzə gəlib çatmamışdır. Onun tələbəsi Cahiz bu əsərlərin bəzilərindən sitatlar gətirmişdir. Nəzzamın əsərlərinin ən geniş siyahısı "əl-Fihrist" adlı əsərdə verilmişdir. Burada qeyd olunan əsərləri mövzularına görə aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

Müxtəlif din, məzhəb, fəlsəfi cərəyan və şəxslərə yazdığı rəddiyələr:

Kitabür-Rəd alə əshabil-İsneyn, Ər-Rəd aləd-dəhriyyə, Ər-Rəd alə əsnafil-mülhidin, Kitab alə əshabil-həyulə, Ər-Rəd aləl-Mürciə, Nəqdü Kitabi-Aristotalis, Ər-Rəd aləl-Mücbirə, Kitabül-Məanu fi Muəmmər.

Üsuli-xəmsəyə aid əsərləri:

Kitabül-Mərifə, Kitabün-Nükət, Kitabüt-Tövhid, Ət-Tədil vət-təcvir (Kitab fil-ədl), Kitabül-Qədər (Kitabüt-Təqdir), Kitabüs-Sifət, Kitab fil-Quran mə hüvə, Kitabü İsbatir-rüsul, Kitabül-Müstəti, Kitabüt-Təvəllüd, Kitabül-Vəd vəl-vəid, Kitabü Hərəkəti əhlil-cənnə.

Təbiət fəlsəfəsiylə bağlı olanlar:

Kitabül-Cüz, Əl-Cəvahir vəl-əraz, Kitabül-Aləm (Kitab fil-aləmil-kəbir, Kitab fil-aləmis-səğir), Kitabül-Hadəs, Kitabü Xəlqiş-şey, Kitabüt-Təfrə, Kitabül-Mükamənə, Kitabül-Müdaxələ.

Digər əsərləri:

Kitabül-İnsan, Kitabül-Hərəkət, Kitabül-Əfail, Kitabül-Məntiq, Kitabül-Muhəl, Kitabül-Ərus, Kitabül-Ərzaq.

Tənqidi Nəzzamın əliaçıq, geniş təfəkkürlü, hazırcavab olması ilə yanaşı, tərifdə və tənqiddə ifrata yol verdiyi də tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Buna görə də dostları kimi, düşmənləri də az olmamışdır. Onun ən məşhur tələbəsi Cahiz müəllimi haqqında demişdir:

Əbdülqadir əl-Bağdadi və İsfərayini kimi kəlam alimləri isə, onun həyatını günahlar içərisində keçirən insan olduğunu, hətta bir sıra məşhur alim tərəfindən küfrdə ittiham edildiyini rəvayət etmişlər.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Mötəzilə Kateqoriya:İslam filosofları Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri