Kulturologiya (, ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.

Kulturologiya – mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.

Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir.

Mahiyyəti Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır. Üst Paleolit dövründən – yəni "Homo Sapiyens"in ("Ağıllı insan"ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir.

Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,"Kitabi-Dədə Qorqud", "Manas", "Bilqamıs", "Altunyarıq", "Maday Kara" sırasından olan bahadırlıq dastanları; habelə yazılı təcrübənin "Divani lüğatit-turk" (Mahmud Qaşğarlı), "Qutadğu bilik" (Balasaqunlu Yusif Has Xacib)," Ətabətul-həqayir" (Əhməd Yuğnəki),"Divani-Hikmət (Əhməd Yəsəvi) və s. kimi örnəkləri kulturologiya elminin zəngin ənənəyə və tarixi bir kökə malik olmasını bir daha təsdiqləyir.

Yer üzündə yaşayan insanlar zaman-zaman müxtəlif ictimai – iqtisadi formasiyalarda öz həyat, məişət və davranış tərzləri ilə bağlı olaraq zəngin bir tarixi – kulturoloji irs qoyub getmişlər. Tarixi keçmişimizi əks etdirən məhz bu maddi mənbələr və yazlı qaynaqlar vahid bir küll halında cəmləşərək mədəni sərvət toplusu kimi tariximizi kulturoloji baxımdan öyrənməyə və dərk etməyə əsas verir. Bu baxımdan bizə miras qalan kitabələr, yazılı qaynaqlar, qayalar, daşlar, sümük və gil lövhələr və s. məhz bu gün tarixi – kulturoloji mənbələr kimi xüsusi əhəmiyyətə malikdir.

Müxtəlif tipli qəbir abidələri : daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar məhz bizə qədim insanların adət – ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. Doğru deyiblər ki,"keçmişini bilməyən, bu gününü başa düşməz".

Qədim Daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya digər formada özünü büruzə vermişdir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz yaratdığını unutmamış, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün layiqli varislər yetişdirmişdir. Mənəvi sərvətlərin qorunmasında varislik prinsipi böyük rol oynamışdır. Xalqımızın möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qayaları üzərindəki təsvirlərin çoxu, eramızdan əvvəlki dövrlərə aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan çoxlu sayda şəkillər və kulturoloji təsvirlər vardır.

Tarixi Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi formasiyalarda mədəni həyatı öyrənir, əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir.

Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ kulturantropoloqu və kulturoloqu Lesli Alvin Vayt (1900–1975) xüsusi rol oynamışdır. Lesli Alvin Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Alvin Vaytın bu elmi tədqiqatı "insan və kulturologiya" anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. Kulturologiya ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva etdiyi halda, kulturologiya tarixi elmin keçdiyi yolu tədqiq edir, kulturoloji fikrin inkişaf mərhələlərini təsnif edir, müxtəlif elmi istiqamətlərə aid kulturoloji nəzəriyyə və müddəaları ümumiləşdirir.

Müasir mədəniyyətşünaslığın əsas məktəbləri, cərəyan və istiqamətləri Müasir mədəniyyətşünaslığın bir neçə məktəbi vardır. Onların arasında tədqiqata yanaşma tərzlərinin müxtəlifliyi vardır. Əsas məktəblər aşağıdakılardır:

Simvolik məktəb Bu cərəyan mədəni irsi insanlar tərəfindən yaradılmış simvollar kimi təsəvvür edirlər. Sonra isə bu simvollar informasiya şəklində nəsildən nəsilə və başqa adamlara keçir. Mədəniyyətin bütün prosesləri, insan dilində olducu kimi, kommunikativ (simvolları ötürmə) mahiyyəti qəbul edilir. Bu simvollar başqa simvollarla (elmdə, incəsənətdə və s.) birlikdə dünyanın tamlıcını verir. Tanınmış nümayəndələri De Sossür, Kassirer və Levi-Strosdur.

Naturalist məktəb Bu cərəyanın nümayəndələri mədəniyyəti insanın ətraf mühitə uyğunlaşması kimi təsəvvür edirlər. Onların fikrincə mədəniyyət insanın bioloji tələbatlarından irəli gəlir. Mədəniyyət insanın dünyaya uyğunlaşması vasitəsindən bir şey deyil, necə ki heyvanlar instinktlər vasitəsilə həyat sürürlər. Bu cəhətdət bu məktəb darvinizma yaxınlaşır. Tanınmış nümayəndələri F. Hamilton, Q. Spenser, Z. Freyd, B. Malinovski, K. Lorens, K. Yunqdur.

Psixoloji məktəb Bu cərəyanın nümayəndələrinə görə, mədəniyyət xalqın ruhudur.

Sosioloji məktəb Burada mədəniyyətin mənşəyini tarixdə, ilahi vəhydə, bioloji zərurətdə, psixologiyada deyil, insan cəmiyyətində və təşkilatlarında təsəvvür edirlər. Tanınmış nümayəndələri T. Eliot, P. Sorokin, A. Veber, T. Parsonsdur.

Aksioloji məktəb Bu cərəyan mədəniyyətşünaslıqda ən çox yayılıb. Yəni burada mədəniyyət mənəvi və maddi dəyərlərin toplusudur. Tanınmış nümayəndələri Rik-kert, Koqen, Münsterberq, Vundt, Brentano, Meynonq.

Tarixi məktəb Burada mədəniyyətin mənşəyini tarixi proseslərdə görürlər. Tanınmış nümayəndələri O. Penqler, A. Toynbidir.

Sosioloji cərəyanlar Təkamülçülük (mədəniyyətə təkamül qanunlarında baxışı); Diffuzionalizm (mədəniyyətin axması — ticarət, köç, istila və s.) təkanlı proseslər nəticəsində yayılmasıdır. Funksionalizm (mədəniyyət bir tamlıqdır, onun tədqiqi tamlığı hissələrə bölmək vasitəsilə həyata keçirilir, hissələrə əhəmiyyət verilir, bir-birləri ilə müqayisə olunarlar). Strukturalizm (mədəniyyəti dil qrammatikası struktur şəklində kimi tədqiq etmə).

Kulturoloji problemlərin tədqiqi Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiya dünyada gedən qlobal prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan və mürəkkəb qlobal proseslərdən baş çıxara bilən kulturoloq kadrların hazırlanması isə bu gün ölkəmiz üçün daha vacib əhəmiyyətə malikdir.

Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər isə bu gün cəmiyyətdə mübahisə doğuran "mədəniyyətşünaslıq" və ya "kulturologiya" kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır. kulturologiya insanın mədəni mövcudluğunun müxtəlif formalarını əsaslı şəkildə əlaqələndirən və cəmiyyətdə şəxsiyyətin əxlaqi keyfiyyətlərini hərtərəfli tədqiq edən bir elmdir. İnsanın mədəni mövcudluq formalarının nəzərdən keçirilməsinin tarixi və nəzəri üsulları kulturologiyada özünün əməli həlli yollarını tapır.

Kulturologiya ( — becərmə, tərbiyə etmə, ehtiram etmə; (logos) – məna, səbəb) – insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir. O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlarını aşkarlayır. O, idrakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə yiyələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır

Kulturologiyanın yeri və predmeti haqqında hətta XXI əsrin əvvəllərində də vahid fikir formalaşmamışdır. Əsasən iki –təcrid etmə və inteqrativ mövqelər geniş yayılmışdır. I mövqeyə görə kulturologiyanın özünün, yəni başqa elmlərin heç birinə bənzəməyən baxışı vardır. II mövqeyə görə isə əksinə, kulturologiya mədəniyyət haqqında sosial və humanitar biliklərin sintezidir. Kulturologiya fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir.

Mədəniyyətin əsas tarixi tipləri, qanunauyğunluqları, funksiyası, strukturu və mahiyyəti haqqında zəruri olan minimum biliklərin verilməsi; Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi, peşə etikası və mənəviyyatın işlənilməsi yardım göstərilməsi; Müxtəlif milli-mədəni, etno –konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışına imkan yaradılması; Mədəni simvollar dünyasında, incəsənət, ədəbiyyatda musiqidə və s.-də istiqamətlərdən baş açmağa, kömək edilməsi; Mədəniyyətin sosial-dəyişdirici funksiyalarını dərk edilməsi və qavranılması metodların işlənib hazırlanması;

İnkişafı Kulturologiyanın inkişafı ictimai, humanitar və təbiət elmlərinin metod və nailiyyətlərinin istifadəsi ilə əlaqədardır. Onlar arasında tarix, fəlsəfə, məntiq, psixologiya, sosiologiya, etika, estetika, etnoqrafiya, dinşünaslıq, arxeologiya, coğrafiya, filologiya, sənətşünaslıq, linqvistika, hermenevtika, semiotika, numizmatika, toponimika, sinergetika, politologiya, iqtisadiyyat, ekologiya, ontologiya, qnoseologiya, dövlətşünaslıq, hüquqşünaslıq, ölkəşünaslıq, futurologiya, diplomatiya tarixi, inzibati idarəetmə, menecment, qlobalistika, riyaziyyat. informatika və digər elmlər vardır.

Müasir həyatda sosial və humanitar elmlərin ənənəvi metodlarına tabe olmayan mürəkkəb sosial-siyasi problemləri düzgün konseptual görmək, planlaşdırmaq və sistemli həll etmək məsələsi cəmiyyətmizin aktual problemlərindən biridir.