Fikrət Məşədi Cəmil oğlu Əmirov () — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir.

Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.

1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib.

1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.

Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.

1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün "Azərbaycan qravürləri" əsərini, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını, "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazır.

1984-cü ilin yanvarında "Nizami" baletini tamamlayır. Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub.

Həyatı

İlk illəri və təhsili Əslən Şuşadan olan Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. Fikrət ailənin ikinci övladı idi. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır." Əlavə edir ki, "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir."

1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olur. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi. Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayırlar.

Fikrət Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı Olimpiadalarına qatılmağa başladı. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov, burada Məşədi Cəmil Əmirovun övladlarının istedadı ilə tanış olur. Yaxşı xanım Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiada da qardaşı ilə birincilər sırasına yazılır. Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub, lakin Fikrət ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəldilər. Fikrət burada konservatoriyaya daxil oldu. Tələbəlik dövrlərində də onlar ifaları ilə konsertlərə gedərək çıxışlar edirdilər.

Fikrət musiqi məhəbbətini dostları ilə bölüşürdü. O, Zərif Qayıbovla 11-ci sinifdə oxuyarkən məktəbdə orkestr təşkil edirlər. Fikrət Əmirov oxuduğu Maksim Qorki adına məktəbdəHal-hazırda məktəb Zərif Qayıbovun qardaşı İsmət Qayıbovun adını daşıyır. müəllim və şagird heyəti tərəfindən sevilirdi. O məktəbdə əla qiymətlərlə təhsil alır, məktəbdə tarda uğurlar qazanır, bir çox dram dərnəklərində iştirak edirdi. Qazandığı uğurlar və istedadı ilə Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gətirilir.

Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçməsi barədə çox düşünür, lakin anası Dürdanə xanımın məsləhəti ilə konservatoriyaya gedir. Çünki, bir il əvvəl Dürdanə xanım Bakıya gedərkən BülbülləƏsl adı Murtuza Məmmədovdur. qarşılaşmış, Bülbül ona Fikrətin konservatoriyada oxumasını məsləhət görmüşdü. Bunu bəstəkar öz xatirələrində yazır ki, "Mənim yaradıcılığım həyatım daha çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır — 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə düzəldim."Məlumatlar Fikrət Əmirovun "Musiqi düşüncələri" (1971) və "Musiqi aləmində" (1983) kitablarından götürülüb. Təhmirazqızı 21-də istinad edilir. Gənc Fikrət Bakıya Bülbülün yanına gəlir və Bülbül onu Üzeyir Hacıbəyovun yanına aparır. Üzeyir bəy Fikrəti mehribanlıqla qarşılayaraq onun istedadını yoxlayır və ona konservatoriyaya daxil olmasını məsləhət görür. Beləliklə, Əmirovun Üzeyir Hacıbəyov və Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.

Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsindəİndiki Şəmsi Bədəlbəyli küçəsi. bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayır: "Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayasını dəyişdərməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı."

O, Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada "Xalq musiqisi kabineti" təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər. Dövrünün ustad xanəndələrini — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.

1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, həmçinin simfonik orkestrin məşqlərində də iştirak edirdi. Bəstəkar xatirələrində Nikolay Pavloviç Anasov ilə görüşünü belə xatırlayır: "1939–40-cı illər idi. Bir dəfə N. P. Anasov məni konservatoriyada görüb saxladı: "Cavan oğlan gəl tanış olaq." Əvvəlcə mən özümü itirdim və çox həyəcanlandım. Çünki mən bəstəkarlığa yenicə başlamış həvəskar, N. P. Anasov isə məşhur dirijor, amma sən demə, bu diqqətli dirijor məni öz məşqlərində görübmüş. Bunu o özü etiraf edərək dedi: Mən sizi tez-tez orkestr məşqlərində görürəm. Bu gündən etibarən isə siz həmişə mənim orkestr məşqlərimə və konsertlərimə gələ bilərsiz. Mən sizi dəvət edirəm." Bu sözləri eşidəndə mən çox sevindim, çünki bu mənim böyük sənətkarla ilk işim idi."

Həmin gündən etibarən N. P. Anasov ilə başlayan dostluğu sonralar Fikrət Əmirov onun oğlu Gennadi Rojdestvenski ilə davam etdirir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur. Bəstəkarın yaradıcılığının ilk dövrlərində xalq və musiqi janrlarına diqqət kəsilməsi, onları mənimsəməsi bu janrda əsas mənbəyidir.

Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli idi. Tələbəlik dövründə, o Üzeyir bəydən musiqi barədə elmlər öyrənib. Bu barədə bəstəkarın xatirələri mövcuddur. Bəstəkarın formalaşmasında Boris Zeydmanın da böyük rolu olub. 1930-cu illərdə Üzeyir bəyin dəvəti ilə müxtəlif şəhərlərdən dərs deməyə gələn müəllimlərin içərisində Boris İshakoviç Zeydmanın xidmətləri böyükdür. O, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova və daha bir neçə bəstəkarların müəllimi olmuşdur ki, həmin bəstəkarlardan biri də Fikrət Əmirovdur.

İkinci Dünya müharibəsində iştirakı 200px|thumb|right|Fikrət Əmirov gənclik illərində

1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır. O, rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətində Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir. O vaxt bəstəkar anasına məktub yazır və məktubda bildirilir ki, "Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət."

Fikrət Əmirovun cəbhə illəri onun həyat və yaradıcılığının əsas dövrü olub. O bacısını Yaxşı xanıma da məktublarında döyüş təəssüratlarını ətraflı şəkildə izah edir. Məktubda qeyd edilir ki, "Brjanska, Voronej cəbhəsinə gəldikdən sonra hissə rabitəçisi vəzifəsinə başladım. Qış günlərinin birində bizə məsul tapşırıq verildi. Cəbhə komandanlığı ilə əlaqə yaratmaq tapşırığı. Keçmiş yuxarı kurs yoldaşlarımla birlikdə hissə komandanlığının bizə həvalə etdiyi tapşırığı yerinə yetirməyə yollandıq. Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Xoşbəxtlikdən qarşımızda daş-qaya vardı. Biz onun arxasında düşməndən görünməmək üçün gizlənmişdik. Bir qədər sonra keçmiş dostlarımdan biriUkraynalı dostu nəzərdə tutulur. faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və mənim dostum yerə sərələndi, güllə onun başını yaralamışdı. Açıq havada soyuq qış günündə qaldığımızdan çox donmuşduq və yaralı yoldaşımızı çıxara bilmirdik. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq. Şaxtalı havada, açıq yerdə qaldığımız müddətdə bizim ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapıb, döyüş bölgəsindən çıxardılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər."Şəxsi məktublar arxivdə saxlanılır. Qasımova və Abdullayeva kitablarında istifadə ediblər. Təhmirazqızı 25-də istinad edilir.