Qarabağ xanlığı — 1748–1822-ci illərdə mövcud olmuş xanlıq. Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu və sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad və ya Şuşa adlandırılırdı.
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.Əmrahov Mais, Çingizoğlu Ənvər, Həsənov Habil. s.172. İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə iki yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi.Potier, Tim (2001). Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal. Martinus Nijhoff Publishers, 1. ISBN 90-411-1477-7. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç olmaqla rus hərbçiləri heç bir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.
İbrahimxəlil xanın ölümündən sonra 1806-cı ildə hakimiyyətə Mehdiqulu xan gəldi.Zemfira Hacıyeva. s.66. 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra Mehdiqulu xana çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdi. Mehdiqulu xan siyasi təzyiqlər səbəbindən 1822-ci ildə xanlığı tərk edərək İrana getdi. Bununla da Qarabağ xanlığı ləğv olundu. Mehdiqulu xan sonradan müraciət edərək, 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. O, 1845-ci ildə vəfat etdi.Mustafazadə Tofiq. s.206.
Mənşəyi Qarabağ salnaməçilərinin hamısı Qarabağ xanlığının yaranmasını sarıcalılı Pənahəli bəyin adı ilə bağlayırlar. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından olduğunu qeyd etmişdir. Mirzə Camal Cavanşir isə onun bu fikrini Cavanşirlərin Sarıcalı oymağından olmasını yazmaqla qəbul edir. Mirzə Camal bəy Qarabaği "Qarabağnamə"sində yazır: "Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli еlinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların atababaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idilər".Mustafazadə Tofiq. s.28.Hüseynov Yunis. s.29–30.
Mirzə Yusif Qarabaği və Rzaqulu bəy əsərlərində Qarabağ xanlarının mənşəyi ilə bağlı məsələdə Mirzə Camalın bu barədə göstərilən mülahizələrinə istinad etmişlər. Ancaq bu salnaməçilərdən Əhməd bəy Cavanşir və Mirmehdi Xəzani əsərlərində əvvəl adları çəkilən müəlliflərdən fərqli olaraq, Qarabağ xanlarının türk-türkmən deyil, monqol-tatar soyundan olmaları ilə bağlı rəvayətlərə üstünlük vermişlər. Ancaq onların bu ehtimallarını mötəbər mənbələr təsdiq etmir.Qarabağnamələr. I kitab. s.209. Belə ki, Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" adlı əsərində sadaladığı mоnqоl tayfalarının sırasında Cavanşir tayfasının adı çəkilməmişdir.
Qarabağın Otuz iki türkmən tayfasının içərisində Cavanşirlərin də adı çəkilmiş və onların XVI–XVII əsrin əvvəllərində Qarabağda məskun olduqları göstərilmişdir.Mustafazadə Tofiq. s.29. Osmanlı hakimiyyəti zamanı yazılmış "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı rəsmi sənəddə isə yazılmışdır: "Cavanşir tayfasının Sarıcalı oymağ Xaçın nahiyəsində, Tərnəküt torpağında qışlayır. Güştağ adlı yerdə yaylayır. Bayat torpağında Doğalan və Zəliyan çayları kənarında əkinçiliklə məşğul olurlar".Hüseynov Yunis. s.30.
Pənahəli xan
Xanlığın əsasının qoyulması
1736-cı ildə Muğan qurultayında Nadirin "şah" seçilməsinə Ziyadoğlular, habelə İyirmidörd, Otuziki, Cavanşir, Kəbirli tayfaları etiraz etmişdilər. Nadir şah bu tayfaları müxalif mövqedə dayandıqları üçün cəzalandırdı.Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 65.: Onlardan bir çoxunu Xorasanın Sərəxs mahalına köçürdü.Tofiq Mustafazadə. s.27–28. 1736-cı ildə Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyiliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi.Ədalət Tahirzadə. s.14. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar.Qarabağnamələr. III kitab. s.79.
Qardaşının taleyinin onu da gözlədiyindən şübhələnən Pənahəli bəy 1745-ci ildə Nadir şahın sarayını tərk edərək Qarabağa qayıdır. Nadir şah Təbriz və Şamaxı hakimlərinə Pənahəli bəyin tutularaq paytaxt Məşhədə gətirilməsini əmr edir. Lakin həmin dövrdə Cənubi Qafqazda baş vermiş siyasi qarışıqlıqdan istifadə edən Pənahəli bəy təqiblərdən yayına bilir.Əmrahov Mais, Çingizoğlu Ənvər, Həsənov Habil. s.65.
1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi.Fuad Əliyev, Urfan Həsənov. s.14. Belə bir tarixi şəraitdə Pənahəli bəy Qarabağ xanlığının əsasını qoydu. Pənahəli bəy 200-ə qədər süvari ilə birgə Qarabağa gəlib özünü xan elan etdi.Zemfıra Hacıyeva. s.41. Bu haqda Həsən İxfa "Şuşanın tarixi" əsərində yazır:Qarabağnamələr. III kitab. s.80.
Nadir şah öldürüldükdən sonra Adil şah adı ilə məşhur olan qardaşı oğlu Əliqulu xan onun yerində taxta çıxdı. Əmiraslan xan onun tərəfindən Azərbaycan hakimi təyin edildi. Əmiraslan xan Pənahəli xanla görüşərək ona Adil şaha tabe olmağı təklif etdi. Pənahəli xan bu təklifi qəbul etdi və Adil şah tərəfindən ona xələt, qılınc və "xan" yazılı hökm verildi.Qarabağnamələr. II kitab. s.20. 1748-ci ildə Adil şahın da öldürülməsindən sonra Əfşarlar imperiyası tamamilə parçalandı və Pənahəli xan tam müstəqil hakimə çevrildi.Cahangir Hüseyn. s.1669–172.
Məliklərlə mübarizə
1747-ci ildə Vərəndə məliki Şahnəzər öz əmisi HüsünüBəzi mənbələrdə ona Osip də deyilir. öldürüb hakimiyyətə keçdiyinə görə digər məliklərlə ədavətdə idi. Digər dörd məlik Şahnəzəri məlik kimi tanımaq istəmədilər və birləşib Vərəndəyə basqın etdilər, xeyli kəndi qarət etsələr də Şahnəzərə qalib gəb bilmədilər. Qış düşdüyü üçün öz mülklərinə çəkilib yazda basqını təkrar etmək qərarına gəldilər. Pənahəli xan Şahnəzərlə əlaqə yaratdı. Şahnəzər xoşluqla Pənahəli xanın hakimiyyətini qəbul etdi və öz qızı Hurizadı xanın oğlu İbrahimxəlil ağaya ərə verdi.Mustafazadə Tofiq. s.33.
Xaçın məlikini aradan götürmək üçün Pənahəli xan Xındırıstan kəndxudası Mirzəxanı çağırıb bildirdi ki, əgər o, Xaçın məliki Allahverdini tutub onlara təhvil versə, əvəzində özü "məlik" rütbəsi ala bilər. Mirzəxan belə də etdi. Beləliklə Xaçın məlikliyi də Qarabağ xanından asılı vəziyyətə düşdü. Dizaq məliki Yeqan da öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərmiş, lakin onların bir hissəsi öldürülmüş, bir hissəsi isə İslam dinini qəbul etmişdi. Çiləbörd məliki Allahqulu Pənahəli xanın təbəəliyini qəbul etdi. Lakin bir müddət sonra yeni Çiləbörd məliki Hətəm Talışda hakimiyyəti ələ keçirmiş məlik Usubla ittifaqa girərək Pənahəli xana qarşı mübarizəyə başladı. Darmadağın olan məliklər məğlubiyyətə uğrayıb Gəncə xanlığına qaçdılar və 7 il Şəmkir mahalında yaşadılar. Yalnız Qarabağ xanına itaət göstərdiklərini bildirdikdən sonra onlara geri qayıtmaq icazəsi verildi.Zemfıra Hacıyeva. s.45–46.
Xarici siyasət Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox ıdi. Buna görə də xanın əmri ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu. Qalanın tikilmə səbəblərindən biri də, Qarabağ ərazisini tam tabe etmək idi. Bu isə Nadir şah zamanında Qarabağa köçmüş Xəmsə məlikliklərini narahat edirdi. Məliklər siyasi cəhətdən müstəqil olmaq istəyirdilər və buna görə də Pənahəli xanın güclənib öz hakimiyyətini bütün Qarabağ ərazisinə yaymasına müqavimət göstərirdilər.
Onlar güclü hərbi qüvvəyə malik Şəki xanı Hacı Çələbini Pənahəli xana qarşı çıxmağa təhrik edə bildilər. Hacı Çələbi Şamaxı (Şirvan) xanı Hacı Məhəmmədəli xan ilə birləşərək Qarabağ xanlığına basqın etdi. Pənahəli xan əvvəlcədən bütün elatı Bayat qalasına toplamışdı. O, hər iki-üç gündən bir atlı dəstə ilə qaladan çıxaraq düşmənə qəfil həmlələr edirdi. Uzun sürən, nəticəsiz mühasirədən sonra Hacı Çələbi və müttəfiqi Şirvan xanı geri çəkildilər. Hacı Çələbi geri dönərkən məşhur olan bu sitatı işlətdi: "Pənahəli xan indiyə kimi sikkəsiz qızıl idi, biz də gəlib sikkə vurduq və geri qayıtdıq".Əmrahov Mais, Çingizoğlu Ənvər, Həsənov Habil. s.66–67.
1748-ci ildə Hacı Çələbinin hücumundan sonra, yaz və yay vaxtı əhali yaylağa getdiyindən Bayat qalasının ətrafında əhali azaldı. Bayatın coğrafi şəraitində yaranmış əlverişizliklərlə əlaqədar olaraq qərara alındı ki, qala həm dağ, həm də aranla əlaqəli olsun. Bu məqsədlə məşvərətdən sonra Ağdamın 5–6 kilometrliyində yerləşən və Şahbulaq adlanan yerdə qala və istehkam düzəltmək qərara alındı. Şahbulaqda inşaat işlərinə başlanıldı və 1749-cu ildə Şahbulaq kiçik qala-şəhər halına salındı. Burada hamam, bazar, məscid və başqa zəruri binalar tikildi. Pənahəli xan Bayatdan və ətraf kəndlərdən öz adamlarını Şahbulaq qalasına köçürdü.Qarabağnamələr. III kitab. s.82.
1749-cu ildə şamaxılı Hacı Məhəmmədəli xan, şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan birlikdə Kartli-Kaxetiyə hücum etmək üçün razılığa gəldilər. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi.Bayramova Nailə. s.44. Həmin ildə ildə Pənahəli xan 4.000 qoşunla İrəvan xanlığına basqın etdi. Qarabağ qoşunları əsasən, "Üç kilsə" monastırının ətrafındakı kəndləri qarət edərək bir çox əsir və qənimətlə geri döndülər.Fuad Əliyev, Urfan Həsənov. s.83.
1749–1750-ci illər arasında Pənahəli xan Gəncəyə hücum edib şəhərin bir hissəsini tutdu. Gəncəli Şahverdi xan şəkili Hacı Çələbi xanı və carlıları köməyə çağırdı. Lakin Pənahəli xan onlarla sövdələşib geri qayıtmalarma nail oldu. Çıxılmaz vəziyyətdə qalan Şahverdi xan gürcü çarları II Teymuraz və II İrakliyə müraciət etdi. Qarabağ xanının Gəncəni tutduqdan sonra gürcülərin zəbt etdikləri Qazax və Borçalını tələb edəcəyindən narahat olan çarlar Şahverdi xanın yardıma gəldilər. Vəziyyətin gərginləşdiyini görən Pənahəli xan Şahverdi xandan 450 tümən bac alıb geri döndü.Zemfıra Hacıyeva. s.44.Бабаев Эльгюн. s.15.