Martin Lüter Kinq (; ) — 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist. Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır.

Kinq 1955-ci ildə həyata keçirilmiş Montqomeri avtobus boykotunu təşkil etmiş və 1957-ci ildə Cənub Xristianları Liderlik Konfransının ilk prezidenti olmuşdur. Bu təşkilat ilə 1962-ci ildə Corciyanın Albani şəhərində irqi ayrı seçkiliyə qarşı uğursuz mübarizə təşkil etmişdir. 1963-cü il dinc Birminqem etirazlarının təşkilinə kömək etmişdir. 1963-cü il Vaşinqtona yürüşün təşkilatçılarından biri olmuş və orada özünün məşhur "Mənim bir arzum var" nitqini demişdir.

14 oktyabr 1964-cü ildə Kinq irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatını qazanmışdır. 1965-ci ildə Selmadan Montqomeriyə yürüşün təşkilinə kömək etmişdir. Növbəti il, o və təşkilatı hərəkatı şimala — Çikaqoya doğru yönləndirmişdir. Bu illərdə daha çox kasıblığa və Vyetnam müharibəsinə qarşı mübarizəyə fokuslanmışdır. 1967-ci ildə Vyetnam müharibə ilə bağlı etdiyi çıxışdan sonra liberal müttəfiqlərinin əksəriyyəti ilə münasibətləri pozulmuşdu. FTB uzun müddət onun kommunist əlaqələrinin olub-olmamasını araşdırmış və tapa bildikləri bütün informasiyaları hökumətə təqdim etmişdir.

1968-ci ildə "Kasıb xalqın kompaniyası" adını verdiyi və Vaşinqtonu lərzəyə gətirməyi planlayarkən, 4 aprel tarixində Tennessi ştatındakı Memfis şəhərində qətlə yetirilmişdir. Onun qətli ABŞ-nin bir çox şəhərlərində çıxışlara və toqquşmalara səbəb olmuşdu. İddia olunur ki, Kinqin təqsiri sübuta yetirilmiş qatili Ceyms Örl Rey hökumət agentləri ilə əlbir olmuş və onların diktəsi ilə hərəkət etmişdir. Kinqi qətlə yetirdiyinə görə, 99 il həbsə məhrum edilmiş qatil 29 il həbsdə qaldıqdan sonra 1998-ci ildə hepatit xəstəliyindən xəstəxanada vəfat etmişdir. Onun həbs edilərkən 41 yaşı var idi.

Kinq ölümündən sonra "Prezident Azadlıq" medalı və "Konqres Qızıl" medalı ilə mükafatlandırılmışdır. 1971-ci ildən sonra ABŞ-nin müxtəlif şəhər və ştatlarında Martin Lüter Kinq günləri elan edilmiş və bu günlər tətil kimi qəbul edilmişdir. 1986-cı ildə Ronald Reyqanın imzaladığı qanunla bu federal səviyyəyə daşınmışdır. ABŞ-də onun şərəfinə adlandırılmış yüzlərlə küçə var. Vaşinqton şəhərinin bir hissəsinə onun adı verilmişdir. 2011-ci ildə Milli Mallda Martin Lüter Kinq Memorialının açılışı olmuşdur.

Həyatının erkən dövrü və təhsili alt=|thumb|Sonradan afroamerikalı Buker Vaşinqton şərəfinə adlandırılmış və Kinqin oxuduğu orta məktəb.

Kinq 1929-cu ilin 15 yanvarında Corciya ştatının Atlanta şəhərində din xadimi Martin Lüter Kinq Sr. ilə Alberta Vilyams Kinqin ailəsində anadan olmuşdur. Kinqin atasının və özünün anadan olarkən verilən adı Maykl Kinq idi, lakin 1934-cü ildə atası həm özünün, həm də oğlunun adını dəyişdirmişdi. Ata Kinq Almaniyada təşkil edilən Baptizm Dünya Alyansının konfransında iştirak edərkən çox təsirlənmişdi. O, protestant lider Martin Lüterlə əlaqəli yerləri gəzərkən nasizmin yüksəlişini hiss etmişdi. Alyans sonda antisemitizmi qınayan qərar qəbul etmiş və ata Kinq Lüter etirazının gücünə bir daha şahid olmuşdu.

Atası sonralar bildirmişdir ki, oğluna Maykl adı qoyulması doğumda iştirak edən həkimin səhvi nəticəsində olmuşdur. Sonralar isə oğlu Martin Lüter Kinq adlandırılması barədə sənəd almışdır. Kinqin valideynlərinin hər ikisi afroamerikalı idi, lakin ata tərəfdən ulu baabsı irland mənşəli idi.

Kinq ortancıl uşaq idi, özündən böyük Kristin Kinq Farris adlı bacısı, A. D. Kinq adlı isə kiçik qardaşı olmuşdur. Kinq "Küləklə sovrulanlar" filminin 1939-cu il versiyasının Atlantadakı təqdimatında kilsə xorunda ifa etmiş, oxumaqdan və musiqidən xoşu gəlmişdir. Gözəl orqan ifaçısı və xor lideri olan anası Kinqi oxumaq üçünj müxtəlif kilsələrə aparmış və onda bu xüsusiyyətlərin inkişafına xüsusi diqqət ayırmışdır. Kinq əsasən "daha çox, daha çox İsa kimi olmaq istəyirəm" xor musiqisini oxumaqdan xüsusi zövq alırmış. O, sonradan öz kilsəsində uşaq xorunun üzvlərindən biri olmuşdur.

Kinq deyirdi ki, atası onu 15 yaşına qədər döymüşdü. Qonşuları atasının Kinqi döyməsini və ona "səni ölümünə döysəm belə, səndən nəsə düzəldəcəm" deməyini eşitmişdi. Kinq atasının ayrı-seçkiliyə qarşı qürurla və qorxusuz formada mübarizə apardığına şahid olmuşdu. O, atasıyla birgə olarkən ona "oğlan" deyə müraciət edən yol polisini, marketə arxadan girməlisən deyə ona irad tutan satıcını diqqətə almadığına dəfələrlə şahidlik etmişdi.

Kinq uşaq olarkən ağdərili bir uşaqla dost olmuşdu. Ağdərili uşağın ailəsinin Kinqin evinin yanında biznesləri var idi. 6 yaşına çatdıqdan sonra Kinq afroamerikalılar üçün ayrılmış məktəbə, dostu isə ağdərililər üçün ayrılmış məktəbə yollandı. O, dostunu itirdi, çünki ağdərili uşağın atası oğlunun afroamerikalı ilə dostluq etməsini istəmirdi.

Kinq həyatının bir çox dönəmində depressiyadan əziyyət çəkmişdir. Yeniyetməlik illərində o, özünün, ailəsinin və qonşularının tez-tez qarşılaşdığı və xüsusən, cənub ştatlarında geniş yayılmış olan irqi ayrı-seçkiliyə görə, ağdərililərə nifrət edirdi. 12 yaşı olarkən, ana nənəsi ölmüş və özünü günahkar hiss edən Kinq intihara cəhd etmişdi.

Kinq ilk dövrlərdə xristianlığın bir çox doktirinasına şübhə ilə yanaşırdı. 13 yaşında bazar günü məktəbində olarkən, İsa peyğəmbərin fiziki olaraq dirilməsini rədd etdiyini bildirmişdi. O, sonradan bildirmişdi ki, bu hadisədən sonra "şübhələr durmadan ortaya çıxmağa başlamışdır", lakin sonra İncilin "heç kimin qaça bilməyəcəyi həqiqətlərə" sahib olduğunu bildirmiş və seminariyaya daxil olmuşdur.

Atlantada böyüyən Kinq Kitabçı T. Vaşinqton Orta Məktəbində təhsil almışdır. Burada təhsil alarkən natiqlik bacarığına görə seçilmiş və məktəbin debat komandasının üzvü olmuşdur. 1942-ci ildə, 13 yaşı olarkn Atlanta jurnalının ən gənc satış meneceri köməkçisi olmuş və Neqro Elks Klubu tərəfindən Corciya ştatının Dublin şəhərində keçirilən rotariya yarışında qalıb gəlmişdir. Bu yarışdan qayıdarkən müəllimi ilə avtobusa minmək istəyərkən buna sürücü tərəfindən icazə verilməmişdi. Sürücü onları geri qaytararkən, birinci ağdərili sərnişinlərin əyləşməsinin lazım olduğunu bildirmişdi. Bu Kinqin qəzəbinə səbəb olmuş və o, etiraz etmişdi, lakin müəllimi onu sakitləşdirmiş və ona əgər tabe olmasa qanunları pozacağını bildirmişdi. Kinq sonralar bu hadisəni onu ən çox əsəbləşdirən hadisə kimi qeyd edirdi. Bacarıqlı şagird olan Kinq orta məktəbin IX və XII dərəcələrini keçmişdi.

Morhaus Kolleci Orta məktəbi bitirməsinə bir müddət qalmış tarixi baxımdan görkəmli qaradərili kolleci olan Morhaus Kolleci imtahanları keçə bilən orta məktəb şagirdlərinin orada təhsil ala biləcəklərini elan etdi. İkinci Dünya müharibəsinə görə, kollecin tələbələrinin bir hissəsi təhsillərini dayandırmışdı və kollec öz sinif otaqlarını doldurmaq istəyirdi. 15 yaşlı Kinq imtahanı uğurla keçdi və kollecə daxil oldu. Universiteti bitirməyinə bir il qalmış — 1947-ci ildə, 18 yaşlı Kinq rahib olmaq qərarına gəldi. O, düşünürdü ki, daxilində insanlıa xidmət etmə arzusu var və bu arzunu dini xidmətlə reallaşdıra bilər. Bu səbəbdən o, Baptist kilsəsi ilə "sülh" bağladı. O, rasional rahib ola biləcəyinə və "ideyalara, hətta sosial etirazlara hörmətlə yanaşa biləcəyinə" inanırdı.

Krozer Teologiya Seminariyası alt=A large facade of a building|thumb|Kinqin bitirdiyi Krozer Teologiya Seminariyası (2009).

1948-ci ildə Kinq Morhaus Kollecininin sosiologiya sahəsindən məzun oldu. O, bundan sonra Pensilvaniya ştatının Çester şəhərində yerləşən Krozer Teologiya Seminariyasında təhsilini davam etdirdi. O, burada 1951-ci ilə qədər təhsil aldı. Kinqin atası onun təhsilini davam etdirmək barədə qərarını tamamilə dəstəkləyirdi. O, Kinq üçün Çesterdəki Kalvari Baptist kilsəsində çalışan və ailə dostu olan Pius Barbourla iş görüşməsi təşkil etmişdi. Bundan sonra Kinq "Kalvarinin oğlanları"ndan birinə çevrildi və burada gələcəkdə qaradərili kilsələrinin məşhur natiqlərinə çevriləcək Auqustus Cons və Samuel Proktorla tanış oldu.

Krozerdə təhsil alarkən Morhausdan sinif yoldaşı olan Valter MakKall da ona qoşuldu. Kinq burada tələbə təşkilatının prezidenti seçildi.

Kinq bir dəfə öz otağında pivə gizlədən tələbəni tənbeh etmiş və ona Amerika qaradərililəri olaraq qara irqin nümayəndəsi olmalarının möhnətini çəkdiklərini bildirmişdi. Bu dövrdə o, Valter Rausşenbusş sosiol xütbələrinə maraq salmışdı.

Burada təhsil aldığı ilk 3 il ərzində o, müəssisənin kafesində işləyən və alman mənşəli miqrantın qızı ilə romantik münasibətdə idi. Kinq bu qızla evlənmək fikrində idi, lakin dostları onu bu fikirdən yayındırmağa çalışırdılar. Çünki, onlar hesab edirdilər ki, iki ayrı-ayrı irqin nümayəndəsinin bir-biri ilə evlənməsi onlara qarşı hər iki irqin düşmənçiliyinə səbəb olardı. Həmçinin, ağdərili qadınla evlənməsi Kinqin ABŞ-nin cənub ştatlarına rahib kimi təyinat almasına və işləməsinə də mane ola bilərdi. Kinq öz dostuna bu məsələ barədə "anasının evliliklə bağlı acılarına dözə bilmədiyini və 6 ay sonra münasibətinə son qoyduğunu" bildirmişdi, lakin ondan ayrıldıqdan sonra belə həmin qadına qarşı hissləri qalmışdı. Bir dostu bu barədə "o, heç vaxt sağalmadı" sözlərini işlətmişdi.

Kinq 1953-cü ildə valideynlərinin Alabama ştatının Heyberger şəhərində yerləşən evində Koretta Skottla ailə həyatı qurmuşdur. Bu cütlüyün 4 övladı dünyaya gəlmişdir: Yolanda Kinq (1955–2007), Martin Lüter Kinq III (d.1957), Dekster Skott Kinq (d.1961) və Bernis Kinq (1963). Kinq evlilikləri müddətində Korettaya insan haqları hərəkatına aktiv formada qoşulmasına mane olmuş, ondan evdar qadın və ana olmasını istəmişdir.

1954-cü ildə, 25 yaşı olarkən Alabama ştatının Montqomeri şəhərinin Dekster Prospekti Batist Kilsəsində rahib kimi çalışmağa başlamışdır.

Doktorantura araşdırmaları Kinq doktorantura təhsilini Boston Universitetində sistematik teologiya üzrə almışdır. O, bu təhsilini 1955-ci ildə tamamlamışdır. Rəhbərləri isə Edqar Braytmən və Lotan Harold Devolf idi. Onun doktorantura araşdırma mövzusu "Paul Tiliç və Nelson Viemanın düşüncələrindəki Allah konsepsiyasının müqayisəsi" adlanırdı.Radin, Charles A. (October 11, 1991). "Panel Confirms Plagiarism by King at BU". The Boston Globe. p. 1. Doktorantura təhsilini alarkən atasının yaxın dostu Uilyam Hanter Hesterin köməkçisi kimi Bostonun tarixi On İkinci Baptist Kilsəsində çalışmışdır. Onun Kinqin düşüncələrinin formalaşmasında mühüm rolu olmuşdur.

Yeni İngiltərə Musiqi Konservatoriyasında təhsil alan tanışı Mari Povelə münasib bir cənublu qızla tanış olmaq istədiyini bildirdikdən sonra, Mari onu Koretta ilə tanış etmişdir. İlk əvvəllər Koretta bunda maraqsız olsa da, Marinin təkidi və zamin durmasından sonra fikrini dəyişdirmişdir. Elə ilk görüşlərdən sonra Kinq Korettada öz həyat yoldaşında görmək istədiyi keyfiyyətlərin olduğunu hiss etmişdi. Atasının onun Atlantanın məşhur ailələrindən olan Dobb ailəsindən bir nəfərlə evlənəcəyini gözləməsinə baxmayaraq, Kinq Koretta ilə ailə həyatı qurmuşdur.

Kinq Bostonda yaşıdları olan rahiblərin kiçik çevrəsi ilə dostlaşmışdı. Onlar tez-tez bir-birilərini öz kilsələrində qonaq edirdi. Bu rahiblərin sırasına Roksburidəki On İkinci Baptist Kilsəsinin rahibi Maykl Hayns (caz musiqiçisi Roy Haynsın kiçik qardaşı) da daxil idi. Gənc rahiblər görüşərək teologiyanı, xütbə vermə üsullarını, sosial məsələləri müzakirə edirdilər.

Uzun müddət keçdikdən sonra, 1991-ci ilin oktyabr ayında Kinqin doktorantura işində müəyyən plagiatların və digər uyğunsuz faktların olduğu üzə çıxdı. Lakin bunu müzakirə etmək üçün qurulan komitə Kinqin elmi dərəcəsini geri almadı və bu işin hələ də gərəkli olduğunu bildirdi.