Faiq Rəfiyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur.

Ailəsi Ailəli idi, iki övladı qalıb.

Döyüşlərdə iştirakı Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir. 10 yanvar 1992-ci ildə Koçbəy kəndinin erməni silahlılarından təmizlənməsi üçün baş tutan əməliyyat zamanı şəhid olmuşdur.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Təltif və mükafatları Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İrsi Lökbatan qəsəbəsindəki 166 saylı lisey-məktəb Faiq Rəfiyevin adını daşıyır.

Həmçinin bax Birinci Qarabağ müharibəsi

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 240.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:SSRİ milisonerləri Kateqoriya:Xocavənddə vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Füzuli rayonunda dəfn olunanlar Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar