Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalar. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır."Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh.10.
XVIII əsrdə Hacısamlı nahiyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalna xüsusi diqqət yetirilirdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.
Tarixi
XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin) heç bir xəritədə qeyd edilməməsi olmuşdur."Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh.7.
Qasımuşağı obasına daxil olan kəndlərdə qoyunçuluğun inkişafı ilə əlaqədar yun istehsalı geniş yayılmışdı. Zərif yunlar əsasən yun şal toxumağa seçilirdi. Yun darağı ilə daranan yun iplik edildikdən sonra istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, böcək, bitki kökləri və s.) vasitələrlə rənglənər, hanada toxunar və hətta kişilər üçün çöl və qış paltarları hazırlayırdılar. Yunun nisbətən qaba hissəsi xalça, palaz, gəbə, kilim, cecim, qəlib, nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), xurcun, heybə, örkən, şötük, sicim, çatı, gözək, əlcək və digər məişət əşyaları toxumaq və ya tikmək üçün ayrılırdı.
Qarabağ xalçaları iki əsas hissədə — dağlıq və aran hissədə istehsal olunurdu. XIX əsrdə dağlıq hissənin aparıcı istehsal məntəqələrindən biri olan Qasımuşağı obasının ərazisində qərar tutan kəndlər idi. Burada toxuculuğun digər sahələri ilə yanaşı xalçaçılıq da güclü inkişaf etmişdir. Bu günə qədər qorunub saxlanan və XVII əsrin yadigarı olan "Qasımuşağı tikmələri", "Qasımuşağı xalçaları" Qasımuşağı obasında toxuculuğun və xalçaçılığın yüksək inkişafına ən yaxşı nümunədir.
Şamkənd, Kürdhacı, Çorman, Şəlvə kəndlərinin inzibati ərazi dairəsində yaşayan əhalinin adı ilə bağlanan bu tikmə və xalçalar ümumilikdə Qasımuşağı tayfasının adına uyğun adlandırılmışdır. Bu xalçanın toxunmasında isə bir-biri ilə yaxın qohumluq əlaqələri olan Qasımuşağı tayfasının, Qarabayramlı tayfasının, Əhməduşağı tayfasının çox böyük əməyi olmuşdur.
Qasımuşağı obasına daxil olan kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. Qasımuşağı xalçaları ilə yanaşı Azərbaycan xalçaçılıq məktəblərindən olan digər xalçaların bir çoxu Qasımuşağı obasında toxunurdu. Qasımuşağı xalçası yüksək keyfiyyətli, parlaq, yumuşaq, əl üsulu ilə əyrilən, təbii boyaqlarla boyadılmış yun iplərlə hanada toxunmuşdur.
"Qasımuşağı xalçaları"nın orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçaların mərkəzində haşiyələrlə əhatə olunmuş böyük göl (medalyon) yerləşir. Gölün ortasında dördguşəli xonça (medalyon) olur. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahədə yerləşən medalyonun dörd bir tərəfindən çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "buynuz" olur. Mərkəzi gölün (böyük gölün yuxarı və aşağı hissəsində) ətrafında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran "qollar" yerləşir.Qarabağ xalçaları
XIX əsrin sonlarında Qarabağda – Qasımuşağı obasında xalçaçılıq sənətində yeni süjetlər meydana gəldi. Belə xalçalara "Atlı-itli", "İtli-pişikli", "Maral-ceyran", "Qız" və digər bunlara bənzər çeşnilər aiddir. Bu tipli çeşnilər Rusiyanın manufaktura məhsullarının təsiri altında yaranmışdır. Bu xalçalarda, bir qayda olaraq, eyni səhnəcik və ya şəkil ritmik tərzdə bir neçə dəfə təkrar edilir.
Əsrlər boyu həyat tərzlərini və təsərrüfat fəaliyyətlərini nisbətən sabit, dəyişməz saxlayan, heyvandarlıqla məşğul olub yarıköçəri həyat tərzi sürən əhali tərəfindən hazırlanan toxuculuq məmulatlarının bədii xüsusiyyətləri, naxış və naxış kompozisiyaları, çeşniləri çox səthi dəyişikliklərə məruz qalmışdır.
Etimologiyası
Qasım Hacı Sam oğlu XVIII əsrin ortalarında Qasımuşağı obasında yaşayan hörmətli şəxs olub. Binə qurub, yaşadığı obanın adını isə Qasımuşağı tayfasının adı ilə adlandırıb. Tayfanın ulu babası XV əsrdə yaşamış, əslən tanınmış soylardan olan İraq türkü, yəni kərküklü olan və özlərini "Təkə-türkman" adlandıran Abdulkərim kişinin oğlu Qasım (Qara Qasım) olmuşdur. Qasım Hacı Sam oğlu isə babasının adını əbədiləşdirmək üçün yaşadığı obanı Qasımuşağı obası adlandırmışdır.
Şamkənd, Kürdhacı, Çorman, Şəlvə kəndlərinin inzibati ərazi dairəsində və digər adı çəkilməyən kənd və şenliklərin sakinləri Qasımın törəməsi hesab edilirlər. Nəticədə onların məskunlaşdıqları ərazi ümumilikdə Qasımuşağı obası (Qasımuşağı dərəsi) adlandırıldı ki, bu da Qasımın uşaqları, Qasımın nəsilinin məskunlaşdığı yer mənasını daşıyır.Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 221. Elmi ədəbiyyatda və xalq içində Azərbaycan xalçaları ilk toxunduğu yaşayış yerinin (istehsal nöqtəsindən) adına uyğun olaraq adlandırılır. Qasımuşağı obasının kəndlərinin əhalisi tərəfindən toxunan və yerli əhali arasında əvvəlcə "Tikmə gəbə" (yaxud da "Tikmə xalça"), yaxud da "Ağqol gəbə" ("Ağqol xalça") adlandırlan xalçalar elmi ədəbiyyatda və dünyada "Qasımuşağı xalçası" kimi tanınmışdır.
Adətən çeşniyə əsasən xalçanın bədii tərtibatını müəyyənləşdirirlər. İlmə salma işi çeşni tətbiqi ilə eyni vaxta düşür. Belə ki, ilmələr çeşniyə əsasən salınır. Yəni çeşni ortalıqda yoxdursa, ilmə salmaq mümkün deyil.
Qasımuşağı xalçalarının çeşnisi xalq arasında cilalanmış, bəyənilmiş, şöhrət tapmış və xalqdan gələn bir çeşnidir.
"Qasımuşağı xalçaları"nın çeşnisi bir neçə əsr bundan əvvəl tikmə şəklində istifadə edilmiş, bir müddət sonra "Qasımuşağı tikmələri"nin çeşnisindən xalçalara köçürülmüşdür. Bu səbəbdən də yaşlı xalçaçılar və yerli əhali arasında bu xalçalar bu gün də "Tikmə gəbə" (yaxud da "Tikmə xalça") adlandırılır.
Orta sahənin aşağı və yuxarı yanlarından gölün kənarlarına doğru açılmış qola bənzər yerliyi ağ rəngli, yalnız bu xalçalar üçün səciyyəvi olan naxışlar — qollar toxunmuşdur. Bu qollar (naxışlar) quruluşuna görə "Qasımuşağı xalçası"nı xarakterizə edən digər naxış və simvollardan seçilir. Bu səbəbdən də bəzi sənətşünaslar, xalçaçılar, həmçinin yerli əhali arasında bu xalça "Ağqol gəbə" ("Ağqol xalça") kimi də tanınır.
Bədii analiz
"Qasımuşağı xalçaları"nda olan naxış və fiqurlar çox ustalıqla tərtib edilərək toxunmuşdur. Tünd qırmızı yerlikli orta sahəyə boş yer (sahə) saxlanılmadan naxış və fiqurlar toxunmuşdur. Hər bir hissə öz formasına uyğun olan bədii şəkildə uyğunlaşdırılmış və yerində toxunmuş naxışlarla doldurulmuşdur. Hər bir motiv, naxış, fiqur və digər ornamentlərin ayrı-ayrılıqda və yaxud ümumilikdə xalçada yerləşdirilməsi xalçanın ümumi quruluşuna tabe edilmişdir.
"Qasımuşağı xalçaları"nın öz mürəkkəbliyi ilə seçilən orta sahə kompozisiyası müxtəlif detal və elementlərdən ibarətdir və bədii nöqteyi–nəzərdən çox orijinaldır. Kənarları haşiyələnmiş böyük mərkəzi göl, gölün orta hissəsində dördkünclü xonça (medalyon) xırda çiçək formalarıyla sıx naxışlı haşiyəylə dövrəyə alınmışdır.
Mərkəzi gölün içərisi müxtəlif naxış və detallar toxunmuş "böyük hörümçək" adlanan naxışla bəzədilmişdir. Ağ rəngli ipliklə toxunmuş hörümçəyin "qarmaqşəkilli buynuzları" da zərif ağ yunla toxunmuş, onlar yanlarından hər tərəfə çıxmaqla qara və ya göy ipliklərlə haşiyəyə alınmışdır. Hörümçəyin ağ bədəni tünd göy və qırmızı yundan müxtəlif qarmaqşəkilli elementlərdən təşkil edilmiş naxışla örtülmüşdür. Həmahəng ornament naxışına və mərkəzi medalyonun rəng izahına uyğun və medalyonun vertikal tərəflərini tutmuş zoomorfik (totemik) miflərə aid naxış — "qısqac" şəklində fiqurlar toxunmuşdur. Onların fonunun ağ rəngi hörümçəyin özünün ağ rəngli ipliklərlə toxunması ilə üst-üstə düşür, sanki, onlar medalyonu düşmənlərdən qoruyur.Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 222–223.
Ağ rəngli yerliyi olan qolların daxilində toxunmuş əjdahalar hörümçəyin motivlərinə uyğun şəkildə toxunmuşdur. "Qasımuşağı xalçaları"na məxsus əjdaha təsvirlərı Xətai-əjdahalı adlanan xalçalardan köçürülmüş və bu təsvirlər öz ilkin formasını zaman ötdükcə dəyişmişdir. Xalçanın hər küncündə toxunmuş naxışların çeşnisi isə bir-birinin eynidir.
Çox ustalıqla toxunmuş "Qasımuşağı xalçaları"nın haşiyələri müxtəlif motiv və ornamentlərlə toxunmuş naxış və zolaqlardan — əsasən də iki kiçik haşiyə və bir orta haşiyədən ibarətdir. Kiçik haşiyələrin əsas bəzəyini təşkil edən element bitki motivləridir. Yarpağa bənzər bu elementlər müxtəlif rəngli ipliklərlə toxunmuşdur.
"Qasımuşağı xalçaları" təkcə adıçəkilən ərazidə yox, Qarabağın bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçaçılıq məntəqələri arasında Ağcabədidə və Şuşada toxunan xalçalar keyfiyyət baxımından başqalarını xeyli üstələyirdi".
Qasımuşağı xalçalarında simvolizm
Azərbaycan xalçalarında rast gəlinən naxışların və simvolların hər birinin öz mənşəyi, mənası və yaranma səbəbi olduğu kimi "Qasımuşağı xalçaları"nda hər bir naxışın özünəməxsus mənası, adı və yaranma səbəbi olmuşdur. "Qasımuşağı xalçaları"nda bu xalçalara məxsus "S" hərfinə bənzər naxışlar xalçanın hər dörd küncündə aralıq sahədə yerləşdirilmişdir. "Əjdaha", "dovaq", "hərsin", "Qıvrım" ("qarmaqlı çiçək") motivləri, həmçinin digər naxışlar ustalıqla əvvəlcə "Qasımuşağı tikmələri"ndə, sonra isə "Qasımuşağı xalçaları"nda təsvir edilmişdir.
Xalçaçılıqda öz məzmun mahiyyətinə görə zoomorfik (totemik) miflərə aid naxışlar olduqca sadə quruluşa malik olur. Qasımuşağı xalçalarına məxsus zoomorfik naxışlar çox sadə mifik heyvan cizgilərilə təqdim olunmuşdur. Bu naxışlardan ən əsası əjdaha təsviridir.
Əjdaha mənəviyyat və maddiyyat arasında münaqişə simvolu olmaqla bolluq rəmzi kimi, eləcə də evin, ailənin, qəbilənin qoruyucusu kimi tanınırdı. Eyni zamanda qədim dövrlərdə şər qüvvələrin rəmzi də sayılmışdır. İlk motiv Çin, Türküstan parçalarında meydana gəlib. Teymurilər, Türkmənlər və Səfəvi dövrlərinin rəssamları tərəfindən təsvir edilmişdir. XVI–XVII əsr Təbriz xalçalarında bu təsvirlər yeni üslubda əks olunmaqla yanaşı Qasımuşağı tikmələrində və "Qasımuşağı xalçaları"nda da təsvir edilmişdir.Видади Мурадов. Ковры.
"Qasımuşağı xalçaları"nda zoomorfik miflərə aid olan motiv və naxışlarla yanaşı qadınların məişətdə istifadə etdikləri məişət əşyaları da simvollara çevrilərək xalçalara köçürülmüşdür. Xalçanın aşağı və yuxarı hissələrində, mərkəzi gölün ətrafında yerləşən bolluq, xeyir-bərəkət rəmzi olan dovaq, orta sahədə yerləşən medalyonun hər iki başlığına yerləşdirilmiş, paylaşmaq rəmzi olan ərsin olduqca gözəl, tərtibata uyğun şəkildə toxunmuşdur."Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh. 14.