Züvüc — Azərbaycan Respublikasının Lerik rayonunun Züvüc kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimiyası "Züvüç" sözünün talış sözü olması və "güclü", "qüvvətli" mənasında işlənməsi ehtimal edilir.

Tarixi 8 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmış, Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Züvüc kəndinin tarixi çox qədim zamanlarla səsləşir. Bu kəndin əsasını İrəc adlı şəxs qoymuşdur. Həmin məşhur nəslin davamçılarından hətta qonşu ölkələrdə də yaşayanlar var. 1938-ci ilədək Züvüç kəndi və onunla qonşuluqdakı 11 kənd Vərgədüz (indiki Yardımlı) rayonunun tərkibində olub. Bu kəndlər sonradan məsafə baxımından xeyli uzaq Zuvand (indiki Lerik) rayonuna birləşdirilmiş və beləliklə inzibati ərazi vahidlərinin bölgü prinsipi pozulmuşdur. Züvüc sözü talışca "güclü", "qüvvətlı" mənasını bildirir.

Züvüc Lerik rayonunun abad kəndlərindən sayılır. Çoxsaylı əhalisi olan bu kənd Pornayım adlanan bölgənin əhatə etdiyi yaşayış məntəqələrinin hamısından bir sıra cəhətləri ilə fərqlənir. Kənddə orta məktəb, xəstəxana, kitabxana, rabitə şöbəsi, mədəniyyət evi, məişət və digər xidmət obyektləri fəaliyyət göstərir.

Pornayım bölgəsi tarixən taxılçılıq məskəni, bərəkət, bolluq diyarı olub. "Pornayım" ("pür" farsca "dolu", "çox", "nəim", ərəbcə "nemət", "bolluq" mənasında yozulur) sözü "bolluq diyarı" deməkdir. Bu sözün talış mənşəli olduğu da güman edilir.

Coğrafiyası və infrastrukturu Züvüç kəndi rayon mərkəzindən 32 kilometr şimal–qərbdə, Peştəsər silsiləsinin dağətəyi çökəkliklərinin birində, xüsusi geocoğrafi mövqeyə malik bir məkanda, əyalətin Pornayım bölgəsində yerləşir. Başlanğıcını Kömürgöy və Şahnişin yaylaqlarından götürən Alar çayı Şərətük çayıilə birlikdə bu ərazidən keçərək Viləşçaya qovuşur. Züvüc kəndi həmçinin Yardımlı rayonunun bir sıra kəndləri ilə qonşudur və həmin rayonun 12 kilometrliyindədir yerləşir. Deyilənə görə, keçmişin qanlı müharibələrindən, yadelli işğalçıların hücumlarından qorunmaqda bu ərazinin əlverişli imkanları varmış. Qədim zamanlarda dağ yüksəkliklərində müdafiə məqsədi ilə qazılmış səngərlərin izləri bunu bir daha sübut edir.

Kəndin üstündəki halqavari gədiklər bir növ amfiteatrı xatırladır. Yuxarıdan şiş qayalara söykənmiş, aşağıda dağ çayınadək uzanan yarğanlar boyu salınmış kənd, elə bil, nə vaxtlarsa gədiklərin səviyyəsindən qoparaq ayrılmış və çökəkliyə enmişdir.

Kənddən yuxarı zirvəyə qalxanda xəyalən qarşıdakı dağların o üzündəki qoca Savalanla üz–üzə dayanırsan. Buradan baxanda yaylaqlar bütün əzəməti ilə görünür. Qız və Oğlan qalaları gədiklərdən daha aydın seyr edilir.

Ətrafındakı qonşu kəndlərlə bitişik halda olan Züvüç, əslində, bu kəndlərlə əzəldən qaynayıb–qarışmış, adamların dərd–səri və xeyir–şəri birlikdə keçmişdir. Bu kəndlərin gözəlliyini və füsunkarlığını artıran o idi ki, Alar çayı ərazini tam ortaya bölür, on iki parça kəndi bir nöqtədə – inzibati ərazinin mərkəzi sayılan Osyodərə kəndində birləşdirirdi. Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəkliklərdən köpüklənə–köpüklənə axıb gedən bu dağ çayı bir neçə yerdə hündür şəlalərdən tökülür, aşağı düşdükcə haray-həşir qoparmadan Qaraçaya və Şərətükə, oradan da Viləşçaya qovuşmağa tələsir. Alar çayının suyunu çay daşları, çınqıllar duruldur və saflaşdırır. Yüzlərlə ailə bu dağ çayının hövzəsində əkib–becərdiyi məhsullar hesabına ruzi əldə edir. Bülüdülün möcüzəli narzan tipli mineral bulağı da əsrarəngiz meşələrin ayağında – iki dağ çayının qovuşduğu yerdədir.

"Pirə Yusub" ərazidə olan tarixi yerlərin, bəlkə də ən qədimidir. Bu müqəddəs ocaqdakı qəbirüstü daşların üzərindəki yazıları indiyədək oxumaq mümkün olmamışdır. Ərazi yüzlərlə hektar meşə faunası: palıd, vələs, fıstıq, göyrüş, azat (nil) və digər ağaclarla zəngindir. Zümrüd meşəliklər bu əraziyə xüsusi bir yaraşıq gətirir. Amma çox təəssüf ki, təbii qazın olmadığı bir şəraitdə dağ kəndlərini yanacaqla təmin edən meşələr ilbəil zənginliyini itirib seyrəkləşir və məhvə doğru gedir.

Züvüç kəndinin müfəssəl tarixini öyrənmək üçün əlimizdə elə bir elmi mənbə yoxdur. Təqribi araşdırmalar, mövcud türbələr, oradakı daş abidələr bizə deməyə əsas verir ki, bu ərazinin digər yaşayış məskənləri kimi, tarixi keçmişi çox qədim zamanlarla bağlıdır.

Kəndin iki qəbiristanlığından biri qədim tarixdən xəbər verir. Köhnə məzarlar islami qaydaları əks etdirir. Qəbirlərin içərisinin dörd tərəfdən daşla hörülməsinin şahidi olursan. Türbə "Qələmə" adı ilə tanınır. Fikrimizcə, "Qələmə" sözü hazırda dilimizdə işlənən "qələmə" sözüylə eyniyyət təşkil etmir. Bu söz, əslində, Azərbaycan türklərinin işlətdiyi "qalamaq" sözünün təhrif olunmuş formasıdır. Yaşlı adamların tez–tez işlətdikləri "yerə qalaram" ifadəsi də buna bir daha aydınlıq gətirir. Yəni "yerə yıxmaq", "torpaq üstə uzatmaq", "torpağa basdırmaq" mənasını bildirən bu söz yerli şivə ilə "qələmə" şəklinə salınmış və beləcə də tələffüz edilmişdir. Arxiv materiallarında Züvüç kəndi barəsində müxtəsər də olsa, məlumat vardır. Bu qeydlər nisbətən yaxın bir dövrə, XlX əsrin ikinci yarısına aiddir.

Züvüç kəndinin əsasını İrəc adlı şəxs qoymuşdur. İrəc, deyilənlərə görə, vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmişdir. Əlbəttə, bu, bir fərziyyədir. Şübhə yoxdur ki, kəndin ilk sakini İrəc olub. Çox sonralar isə bu kəndə müxtəlif tayfalar gəlib məskunlaşmışlar. Güman edilir ki, yayı yaylağa çıxıb, qışı arana enənlər burada maldarlıqla məşğul olmuş, daimi oturaq həyat keçirməmişlər. Ərazidəki əhalinin əksəriyyətinin, habelə aran–yaylaq gəzib köçəri həyat sürənlərin milliyyətcə talışlar olması zənn edilir.

İrəc Züvüç kəndində həmişəlik məskunlaşandan sonra buraya kənardan gələnlərin sayı getdikcə artmış, kənd sürətlə böyümüşdür. Hazırda Züvüç kəndində yaşayan əhalinin əksəriyyətinin ulu babaları sayılan İbrahim və Nurməmməd XIX əsrin ikinci yarısında Cəlilabad (Astraxanbazar) rayonundan köçüb gəlmişlər.

Züvüç kəndinin tarixi keçmişindən danışanlar kəndin ətrafının sıx meşəliklər olduğunu da qeyd edirlər. "Kəlalə" adlı yerdə qazıntı zamanı üzə çıxan saxsı qablardan və küp qəbirlərdən məlum olur ki, buralar keçmiş insanların yaşayış məskəni olmuşdur. Kəndlərdəki türbələrdə qəbir daşları ilk yaşayış dövrlərinə aid əyani sübutlardır.

Məskunlaşma dövründə əcdadlarımızın buralarda əkinçilik və heyvandarlıqla, xüsusən çəltik əkib becərməklə məşğul olmaları açıq–aşkar bəlli olur. Ərazidən keçən dağ çayının adı "Şərətük" adlanır. "Şərətük" sözünün tərkibindəki "tuk" talışca "çəltik" mənasını bildirir. Çəltik sahələrinə uzaq məsafələrdən çəkilmiş su arxlarının izi indi də durur.

Züvüç kəndindən dağlara – Semahoniyə sarı qalxarkən yurd yerlərini, düşərgələrin hər birini aydın müşahidə edir, o vaxtlar köçəri həyat sürənlərin aran–yaylaq gəzib güzəran keçirdikləri qənatinə gəlirsən. Yaylaq yolları boyu "Kiçik bazar", "Böyük bazar" deyilən düşərgələrdə dayanıb istər–istəməz keçmiş əsrlərə boylanır, tarixləri nəzərdən keçirərkən açıq–aşkar görürsən ki, Ərdəbil, Təbriz kimi qədim mədəniyyət və ticarət mərkəzlərinə gedən karvan yollarının biri də buralardan keçirmiş. Düşərgələrdə bazar açıb ticarətlə məşğul olanlar, şübhəsiz ki, ikiyə parçalanmış Azərbaycanın deyil, bütöv bir ölkənin övladlarıymışlar.

Lerikin Pornayım deyilən bu ərazisi, fikirmizcə, mərkəz şəhərlərə uzaq olduğuna görə, elmin, mədəniyyətin ziyasından xeyli müddət kənarda qalmış, yüzilliklər ərzində məktəb, elm və mədəniyyət bu yerlərə gec ayaq açmışdır.

Züvüç kəndinin qəbiristanlığında və onunla qonşu olan kəndlərin ərazilərində hələ heç bir kəsin tədqiq etmədiyi müqəddəs tarixi yerlər vardır. "Pirə Movla", "Seyid Xoca", "Qəqə Musa", "Havzava", "Pirə Yusub", "Mukon", "Hind honi" əsrlərin yaddaş kitablarıdır. Onlar yerləşdikləri geofiziki və geocoğrafi quruluşuna və ya tərtibatına görə də diqqəti cəlb edir. Türbələrdəki qoç heykəlləri, qızılbaşları təmsil edən qəbir daşları və daşlar üzərindəki qədim yazılar bir daha sübut edir ki, bu yerlər geniş tədqiqata ehtiyacı olan ərazilərdir və burada kifayət qədər maddi–mədəniyyət nümunələri vardır.

Deyilənə görə, bu ərazidə nə vaxtsa sıldırımlı dağlar arasında iri dəryaça olub. Adamlar qayıqlardan istifadə etmişlər. İndiki "Səpik" adlı yerdə Səpləkəran kəndi varmış. Oradan qayıqla Əvçə kəndinə gedər və geriyə qayıdarmışlar. Qayıqlar hər iki tərəfdə sahilə çıxarkən palıd ağaclarına bağlanarmış. Bir kənddə hadisə baş verəndə digər kəndə şeypur çalmaqla xəbər verərmişlər. Həmin ərazidə "Doribərə" adlı yerdə o vaxtlar dəryaçalar olması və dor ağacı olan qayıq–gəmilərdən istifadə edilməsi kimi faktları təsdiq edən digər mülahizələr fərziyyələri bir daha gerçəkləşdirir (Doribərə və Əvçə vaxtilə kənd olub – R.S.). Dağlara sarı getdikcə çox–çox qədimlərdən soraq verən möhtəşəm qalalar, daş təndirlər, daşlaşmış təndir şişləri, xəmir kündələri, at axurları, atların bağlandığı daşlaşmış mıxlar, daş yataqlar və kahalar sirləri aça bilən dərin ixtisaslı tədqiqatçıların yolunu gözləyir.

Əfsanələrdə söylənilir ki, axurlarda bağlanan "Dədə Qorqud"dakı boynu uzun bədöy atlar susayan zaman boğazlarını uzadıb aşağıdakı Sorsçayın suyundan içərmişlər.

Qız və Oğlan qalaları Lerikin bu bölgəsinin qədimliyinə dəlalət edən ən gözəl faktdır. Sərt keçidləri, aşırımları və zəhmli görkəmi olan daş qalalar bir–birindən müəyyən məsafələrdə yerləşir.

Qalalar barədə çoxdan bəri dildə–ağızda gəzib dolaşan maraqlı əfsanə danışırlar. İki sevişən gənc qız və oğlan öz məmləkətlərini qoruyan igid sərkərdələr olublar. Onlar qabaqcadan mərcləşib qalalar tikdirir, özlərinin qüvvətli və cəsur olmalarını qalaların möhkəmliyində sınayırlar. Kim kəmənd atıb əks tərəfdəki qalanın bürcünü uçura bilsə, o, yarışda qalib sayılmalı idi. Püşk atılır, birincilik oğlana düşür. O, Qız qalasına kəmənd atır, bürcü dağıda bilmir. Sonra növbə qıza yetişir. O, kəmənd ataraq oğlan qalasının bürcünü qoparıb yerə salır. Oğlan mərcdə uduzur. Qız oğlana xəcalət verməmək və izi azdırmaq üçün atını tərsinə nallatdırıb oradan gecə ikən cənub tərəfə çapır. Bir müddət keçir, oğlana məktub yazır: "Ərdəyəm, bil". Deyirlər, Ərdəbil sözü də o vaxtdan beləcə yaranmışdır. Biz yuxarıda "Pornayım" bölgəsinin təsadüfi olaraq "bolluq diyarı", "bərəkətli yer" olduğunu qeyd etməmişdik. Lerikin bir sıra ərazilərində yerin təkindən müalicə suları çıxır. Amma Bülüdül kəndinin yaxınlığındakı bulağın özgə hüsnü var. Onun suyu narzan tiplidir. Min dərdə dərman sayılan və hələ ovaxtkı sovetlər məkanında 72 məşhur şəfaverici ceşmə içərisində müstəsna keyfiyyətləri ilə seçilən, dünyada məşhur Karlovı–Varı suyundan müalicə əhəmiyyətinə görə heç də geri qalmayan (bu barədə respublikanın geologiya–mineralogiya ixtisaslı alimlərin sənədli rəyi var – R.S.) bu çeşmə barəsində maraqlı əfsanə söyləyirlər. Deyilənə görə, qədim zamanlarda bu sudan içilməz, keyfiyyətsiz bulaq hesab edilərmiş. Bir dəfə dağlarda qoyun otaran bir çoban görür ki, ilan ağzında ölmüş başqa bir ilanı gətirib həmin bulağın içərisinə atır. Bir qədər vaxt keçəndən sonra ölmüş ilan dirilib gedir. Bu hikmətli əhvalatdan sonra şəfa suyutək ondan müntəzəm istifadə etməyə başlayırlar. Həmin mineral su mədə–bağırsaq, ürək–damar, əsəb xəstəliklərinin dərmanıdır. Təəssüf ki, bu sudan sənaye üsulu ilə istifadə olunmur, milyonlarla dəyəri olan sərvət havayı yerə axıb gedir.