thumb|250 px|Arıçılıq Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya qulluq, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir.
Arıçılıq haqqında məlumat Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;
Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;
Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);
Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;
Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;
Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);
Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;
Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;
Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;
Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;
Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;
Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul.
Arıçılıq təbabətdə Arıçılıqla təbabəti bir — birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları, həm də təbabət işçilərini çox maraqlandırır.
Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır.
Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.
İşçi arının ömrü 40 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir.
Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verə bilir. Bu zaman bütün arılar həmin yerə uçurlar.
Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.
Onların əmələ gətirdikləri bal faydalı qidadır.
Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Bundan başqa ana arının genetik proqramına kodlanmış informasiya ilə sintezlənən bəzi xüsusi kimyəvi maddələr də mövcuddur. Bu qoxular vasitəsilə də işçi arıların yumurtalıqlarının böyüməsinə mane olunur. Törəmə qabiliyyəti olmayan bu işçilərə sadəcə pətəyin içində və xaricindəki fəaliyyətləri yerinə yetirmə vəzifəsi tapşırılır.
Arıçılığın xalq təsərrüfatında rolu Arılar müxtəlif çiçəklərdən qida maddəsi toplayıb onları orqanizmində yenidən işləyərək qiymətli məhsullara: bal, mum, vərəmum, arı südü və s. çevirirlər.
Bal qiymətli qida məhsulu olmaqla yanaşı, həm də insanların xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir.
Mum sənayenin 40-dan artıq sahəsi: o cümlədən, metallurgiya, radiotexnika, avtomobil, aviasiya, kimya və s.üçün qiymətli xammaldır. Mum təbabətdə müxtəlif məlhəmlərin, plastırların və s.hazırlanmasında, mumdakı efir yağları ətriyyat sənayesində tətbiq olunur.
Vərəmum (yaxud arı yapışqanı) bir çox lakların istehsalında əvəzedilməz xammaldır. Son vaxtlar vərəmum təbabətdə geniş işlədilir. Arıların çiçəklərdən topladığı çiçək tozu zülal və vitaminlərlə zəngin olduğundan ondan pəhriz və bioloji stimullaşdırıcı kimi istifadə edilir. Çiçək tozunun tərkibində çoxlu miqdarda protein, sulu karbonlar, antibiotiklər, karotin, C vitamini, B, D, E vitaminlər qrupu və s.vardır. Bunlardan əlavə çiçək tozunun tərkibində fosfor, kalsium, maqnezium, dəmir və başqa mikroelementlər vardır.
Arı südü təbabətdə işlədilir. O, maddələr mübadiləsini və qan dövranını normallaşdırır. İnsan orqanizminə daxil olan arı südü ona gümrahlıq verir, iştahı artırır və orqanizmdəki nasazlıqları aradan qaldırır.
Arı zəhərindən revmatizmin, infeksion poliartritlərin, sinir sistemi xəstəliklərinin müalicəsi üçün dərman preparatları hazırlanır. Arıların entomofil (həşəratla tozlanan) bitkiləri tozlandırmaqla verdiyi xeyiri pulla hesabladıqda arıxananın mövsüm ərzində hasil etdiyi bütün məhsulların (bal, mum, vərəmum, çiçək tozu, arı südü və arı zəhəri) dəyərindən bir neçə dəfə çox olur. Bitki toxumçuluğunda, meyvə və giləmeyvə bitkilərinin, istixanada yetişdirilən tərəvəzliklərin tozlandırılmasında arılardan istifadə edilmədən yüksək və keyfiyyətli məhsul almaq mümkün deyildir.
Arı cinsləri Arı ailəsində bütün arıların işi var. Tək istisna erkək arılardı. Erkək arılar nə pətəyin qorunmasinda, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından, sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.
Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.
Ümumiyyətlə bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir.
Arı ailəsi Bal arıları ailə halında yaşayırlar. Onların ayrı-ayrı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyillər. Buna görə də bal arıları üçün "ailə" bioloği təsərrüfat vahididir. Arı ailəsi bir ana arıdan, minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yazın axırlarında əmələ gələn erkək arılar yayın axırınadək yaşadıqdan sonra ölürlər. Qışlamaya yalnız ana və işçi arılar qalırlar.
Ana arı öz böyüklüyü ilə başqalarından seçilir. Onun uzunluğu 20–25 mm, çəkisi isə 200 mq-dan artıq olur. Ana arı böyüklüyündən başqa, xarici görünüşü ilə də fərqlənir.
Cavan mayalanmış ananın qarıncığı yuxarıdan yoğun, aşağıdan isə nazik, qanadları qarıncığından gödək olur. İşçi arının qanadları qarıncığını tam örtür, erkək arının qanadları isə bədənindən uzun olur. Ana arının yumurtadan tam inkişaf dövrü 16 gün çəkir. Ana arının işçi arıdan fərqi orasındadır ki, onun cinsiyyət orqanı tam inkişaf etdikdən sonra erkək arı ilə mayalanma qabiliyyətinə malikdir.
Erkək arı ilə cütləşmiş ana mayalanmış ana adlanır. Mayalanmış ana iki cüt yumurta qoyur: mayalanmış və mayalanmamış. Mayalanmış yumurtadan ana və işçi arılar, mayalanmamış yumurtadan isə erkək arılar çıxır.
Ana arı ailəsinin şahı sayılır. Ana arı yetişib qovuqcuqdan çıxdıqdan 3–4 gün sonra erkək arı ilə cütləşir (mayalanır). Ana arı ilə erkək arının cütləşməsi havada uçuş vaxtı baş verir. Ana mayalandıqdan 3–5 gün sonra hər hazır şan qovuqcuğuna bir yumurta qoymağa başlayır. Buna arıçılar ananın yumurta qoyması, el arasında isə "ananın qurd qoyması" deyirlər. Beləliklə, bir dəqiqədə yaxşı hazırlanmış şanda ana arı 4–5 yumurta qoyur. Ana arı 20–25 dəqiqə belə işlədikdən sonra 5–7 dəqiqə dincəlir. İstirahət müddətində ana yemləyici arılardan qida qəbul edir. Cavan sağlam ana normal şəraitdə, yaz-yay aylarında gün ərzində inkişafın ən yüksək dövründə 1500–2000 və daha çox, mövsüm ərzində isə 200 mindən artıq yumurta qoya bilir. Ana arı müəyyən vaxtlarda bir gün ərzində öz çəkisi ağırlığında yumurta qoyur. Ana yumurta qoyanda yemləyici arılar onu yüksək keyfiyyətli qida ilə – arı südü ilə yemləyirlər. Arı südü yemləyici arıların baş hissəsində yerləşən xüsusi vəzilərdə ifraz olunur.
Arı ailəsində əsasən bir ana olur, bəzən də iki anaya təsadüf edilir. Belə vəziyyətdə analar bir-biri ilə qarşılaşanda ölüm-dirim mübarizəsinə çıxırlar. Ana zəhər aparatından, neştərdən yalnız bu zaman istifadə edir. Bu döyüşdə iki ananın biri, zəifi ölür və ailədə bir ana qalır. Ana arı adamı həmişə sancmır, buna görə də arıçı onu əlinə rahatlıqla götürür. Ana arının döşündən və qanadlarından tutmaq olar, lakin onun qarın hissəsinə toxunulmamalıdır. Ana arının qəflətən itməsi arıların böyük həyəcanına səbəb olur. Arılar narahat halda uçuş taxtasının üzəri və pətəyin divarları ilə hərəkət edirlər, bir qrup arı isə pətəkdən çıxaraq qısa müddətdə dövrə vurub yenidən qayıdırlar. Ana tapıldıqda onlar daha uzağa uçurlar. Bu vaxt pətəyin qapağını açıb onlara diqqətlə qulaq asdıqda orada ümumi qığıltıdan başqa (normal haldan fərqli olaraq) uğultulu səs də eşidilir.
İşçi arılar qanadlar vasitəsilə titrəyici hərəkətlər edirlər. Bu hal anası itmiş ailə üçün səciyyəvi əlamətdir. Ana arının vəzifəsi ailədə yalnız yumurta qoymaqdan ibarətdir. Ona görə də ana arının xarici və daxili orqanlarında müəyyən dəyişiklər vardır. Ana arının süfrəni yemləmə, bitki şirəsi, yaxud çiçək tozu gətirmək qabiliyyəti yoxdur. Yazın axırı və yaxud yayda pətəkdə şanın üzərində ağır-ağır hərəkət edən yumru gövdəli, uzun qanadlı erkək arılara rast gəlirik.
Erkək arıların başı başqa arılara nisbətən böyük olur. Başın yan tərəfində qabarmış iri gözlər yerləşir. Onun döşü həcmli olub, inkişaf etmiş əzələlərdən ibarətdir. Erkək arı işçi arıdan böyük, ana arıdan isə kiçik olur. Onun bədənin uzunluğu 15–17 mm, çəkisi 200 mq- dır. Erkək arı ailədə heç bir iş görmür.yalnız ana arının mayalanmasında iştirak edir. Onların təbiətdə müstəqil yem toplamaq qabiliyyəti yoxdur. Erkək arıların yaxşı inkişaf etmiş iri gözləri ona cütləşmə uçuşu zamanı cavan ananı axtarıb tapmaq, qüvvətli qanadları isə sürətlə uçub ona çatmaq imkanı verir. Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı uçuş zamanı çoxlu enerji sərf edir. Ona görə də onun yemə ehtiyacı çox olur. Müəyyən edilmişdir ki, 1 kq erkək arının əmələ gəlməsinə və onun 2–3 ay yaşamasına 15–20 kq bal lazımdır. Bundan əlavə hər bir erkək arının yetişməsi üçün sərf edilən yem işçi arının yetişməsi üçün sərf edilən yemdən 4 dəfə artıqdır. Buna görə də arıçılar erkək arının yetişməsini məhdudlaşdırmaq və ya onları məhv etmək üçün ciddi tədbirlər görürlər. Pətəkdə ailənin əsas sakinləri işçi arılardır. Onların miqdarı hər arı ailəsində eyni olmur. Erkən yazda qışdan çıxmış orta qüvvəli ailələrdə onların sayı 14–18 minə, yayda əsas bal yığımına yaxın qüvvəli ailədə işçi arıların sayı 30–40 və hətta 60–70 minə çatır.