Xələfli və ya Stansiya Xələfli — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.

Coğrafiyası Qəsəbə Araz çayı sahilində, düzənlikdə, təqribən 248 m hündürlükdə yerləşir. Qəsəbənin Sovet vaxtındakı ərazisinin mühüm hissəsi hal hazırda "Qız Qalası" su anbarının altındadır.

Tarixi Yaşayış məntəqəsi Xələfli kəndindən çıxmış ailələr tərəfindən salınmışdı.

2 dekabr 1918-ci ildə Azərbaycan–Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Xələfli kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar.Mart Soyqırımı, Qarabağda Baş Verənlər

Böyük Vətən müharibəsi illəri ərzində Xudayarlı kəndinin əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə köçmüşdü.

1961-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə Xələfli dəmir yol stansiyası yanında qəsəbə ( — Xələfli d.y. st.-sı yanında qəsəbə) Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində qeyd olunmuşdu.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli qərarına əsasən, Cəbrayıl rayonu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə Xələfli dəmir yol stansiyası yanında qəsəbə Füzuli rayonunun Şahvəlli kənd Sovetinin tərkibində qeyd olunmuşdu.

Yaşayış məntəqəsi 1965-ci ildən qəsəbə adlanır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

17 iyun 1964-cü il tarixində Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu. Azərbaycan SSR-nın həm 1968-ci il üçün, həm 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Xələfli qəsəbəsi Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində qeyd olunmurdu.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsi dövründə 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.

30 oktyabr 2020-ci il tarixində "Xələfli" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun qəsəbələri