Mingəçevir yaşayış yerləri — Kür çayı hövzəsində, müasir Mingəçevir şəhəri və Yevlax rayonu ətrafında yerləşən, müxtəlif tarixi dövrləri əhatə edən arxeoloji abidələr qrupu. Abidələr coğrafi cəhətdən Kür çayının hər iki sahilində və Bozdağ silsiləsinin əmələ gətirdiyi vadi ərazisində cəmlənmişdir. Arxeoloji tədqiqatlar nəticəsində ərazidə Eneolit, Tunc, Antik və Orta əsrlərə aid ardıcıl mədəni təbəqələr, yaşayış binalarının qalıqları, müxtəlif tipli qəbir abidələri, dulus kürələri kimi istehsal qurğuları və zəngin maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

Kompleksin strukturunda xronoloji və topoqrafik xüsusiyyətlərinə görə fərqlənən 1, 2, 3 və 4 nömrəli yaşayış yerləri xüsusi elmi əhəmiyyət kəsb edir. Bu yaşayış məskənlərinin öyrənilməsi Kür-Araz ovalığında qədim oturaq həyatın bərqərar olması, region əhalisinin təsərrüfat fəaliyyəti, mənəvi mədəniyyəti, dəfn adətləri və regionlararası ticarət-iqtisadi əlaqələrinin təkamülünü tədqiq etmək baxımından mühüm mənbə rolunu oynayır.

Yerləşmə yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşən arxeoloji abidədir. Yaşayış yeri ilkin olaraq geniş bir sahəni əhatə etmişdir. Lakin Kür çayının məcrasını dəyişməsi nəticəsində yaranmış yarğanlar abidənin sağ sahil hissəsindəki sahənin dağılmasına səbəb olmuş və yaşayış yerinin ərazisi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar günümüzədək gəlib çatmışdır. left|thumb|407x407px|Saleh Qazıyevin "Qədim Mingəçevir" kitabından Mingəçevir və Samux ətrafının sxematik xəritəsi

Tədqiqatlar Abidədə aparılmış arxeoloji qazıntıların ümumi sahəsi 1200 m² olmuşdur. Qazıntı sahəsinin bütün hissələrində təqribən eyni stratiqrafik ardıcıllıq izlənmişdir. Alt təbəqədə, bilavasitə materikin üzərində Kür-Araz mədəniyyətinə aid təbəqə yerləşir. Bunun üzərində inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələr aşkar edilmişdir. Qazıntılar zamanı Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalıqları aşkar edilərək tədqiq edilmişdir. Onların arasında 2 №-li yaşayış binası daha yaxşı vəziyyətdə qalmışdır. 1 nömrəli yaşayış yeri Mingəçevirdə məlum olan ən qədim yaşayış məskəni Kür çayının sağ sahilində, Qazanlıdağın şərq ətəyində yerləşir. Yaşayış məskəninin şimaldan cənuba uzunluğu 1100 m, Kür çayının sahilindən dağın ətəyinə qədər eni isə 350–400 m-dir. Arxeoloji qazıntılar zamanı burada üç mədəni təbəqə müəyyən edilmişdir. Ən qədim təbəqə Eneolit dövrünün son mərhələsinə, başqa sözlə, e.ə. IV minilliyin son rübünə aiddir. Birinci təbəqənin qalıqları üzərində yerləşən ikinci təbəqə Tunc dövrünün inkişaf etmiş və son mərhələlərini, yəni e.ə. XIII–VIII əsrləri əhatə edir. Yaşayış məskəninin ən son mərhələsini isə e.ə. VII–I əsrlərə aid edilən üçüncü mədəni təbəqə təşkil edir. Qazıntı işləri nəticəsində yaşayış yerinin hər üç mədəni təbəqəsindən müxtəlif əmək alətləri, saxsı qab nümunələri, heyvan və balıq sümüklərindən ibarət osteoloji və ixtioloji materiallar, həmçinin az sayda metal əşyalar əldə edilmişdir. Tədqiqatlar zamanı torpaqda qazılmış təsərrüfat məqsədli quyuların, yaşayış tikililərinin və sadə quruluşlu dulus kürələrinin qalıqları da müəyyən edilmişdir. Stratiqrafik məlumatların və aşkar olunan maddi-mədəniyyət nümunələrinin kompleks şəkildə araşdırılması həm ayrı-ayrı mədəni təbəqələrin, həm də yaşayış məskəninin ümumi xronoloji çərçivəsini müəyyənləşdirməyə şərait yaratmışdır.

Yaşayış məskəninin cənub hissəsində təxminən 50 hektar ərazini əhatə edən böyük qəbiristanlıq yerləşir. Qəbiristanlıqda aparılan arxeoloji qazıntılar zamanı yaşayış yerinin mədəni təbəqələri ilə eyni dövrlərə uyğun gələn müxtəlif quruluş və tipə malik qəbirlər aşkar edilmişdir. Qəbirlərin tarixləndirilməsi zamanı əsas meyar kimi onların inventarı, yəni dəfn zamanı istifadə edilmiş əşyalar, eləcə də qəbiristanlığın stratiqrafik xüsusiyyətləri nəzərə alınmışdır.

Birinci tip qəbirlər Qəbiristanlıqda qeydə alınmış ən qədim dəfn nümunələri Eneolit dövrünün son mərhələsinə aiddir. Bu tip qəbirlər torpaqda qazılmış sadə qəbir çalalarından ibarət olmuş, ölülər isə sağ və ya sol böyrü üzərində, bədəni güclü şəkildə bükülmüş vəziyyətdə dəfn edilmişdir. Dəfn inventarı əsasən şitlərdən və kiçik dərən qulplu saxsı qablardan təşkil olunmuşdur. Zaqafqaziyanın müxtəlif ərazilərində məlum olan Eneolit dövrü abidələrində də oxşar dəfn nümunələrinə rast gəlinir və onlar e.ə. III minilliyin ikinci yarısına aid edilir.

İkinci tip qəbirlər Bu qəbirlər də torpaqda qazılmış qəbir çalalarından ibarətdir. Bu dəfnlərdə ölülər əvvəlki tipdə olduğu kimi, sağ və ya sol böyrü üzərində yerləşdirilərək torpaqda qazılmış qəbirlərdə basdırılmışdır. Eyni tipli qəbir nümunələrinə Azərbaycanın müxtəlif bölgələrində də rast gəlinmiş və onlar arxeoloji tədqiqa

tlarda Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələr sırasında qiymətləndirilmişdir. Mingəçevirdə müəyyən edilmiş və zəngin dəfn avadanlığı ilə seçilən Xocalı-Gədəbəy tipli qəbirlər xronoloji baxımdan e.ə. XI–VIII əsrlərə aid edilir. Qəbiristanlığın tədqiqi zamanı torpaq qəbirləri ilə yanaşı, Tunc dövrünə aid beş kurqan da aşkar edilmiş və arxeoloji baxımdan araşdırılmışdır.

Üçüncü tip qəbirlər Bu qrupa aid qəbirlərdə meyitlər arxası üstə, bədəni tam uzadılmış vəziyyətdə torpaqda qazılmış qəbirə yerləşdirilmişdir. Bu tip dəfnlər e.ə. VII–V əsrlərə, yəni həmin dövrün ikinci yarısının başlanğıc mərhələsinə aid edilir.

Dördüncü tip qəbirlər Bu tip qəbirlərdə meyitlər nisbətən bükülü vəziyyətdə, sağ və ya sol böyrü üzərində torpağa basdırılmışdır. Qəbirlərdən əldə olunan dəfn avadanlıqları əsasən dəmir və tuncdan hazırlanmış bəzək əşyalarından, silahlardan və səthi cilalanmış, qara rəngli zərif saxsı qablardan ibarətdir. Arxeoloji materialların xüsusiyyətlərinə əsasən bu qəbirlər e.ə. IV–II əsrlərə tarixləndirilir.

Qeyd olunan bütün qəbir tipləri xronoloji baxımdan 1 nömrəli yaşayış yerinin müvafiq mədəni təbəqələri ilə uyğunluq təşkil edir. Qəbirlərdən əldə edilmiş maddi-mədəniyyət nümunələrinin bir çoxuna yaşayış məskəninin mədəni təbəqələrində də bütöv və ya fraqment halında rast gəlinməsi bu uyğunluğu təsdiqləyir.

Kür çayının sağ sahilində yerləşən qəbiristanlıqda qeydə alınmış sonuncu qəbir tipi küpqəbirləridir. Bu dəfnlərdə meyit iri küpün daxilində sağ və ya sol böyrü üzərində yerləşdirilmişdir. Dəfn zamanı istifadə olunan əşyaların bir hissəsi, xüsusilə bəzək nümunələri küpün daxilinə, daha iri ölçülü əşyalar isə küpün ətrafına qoyulmuşdur. Küp qəbirlərinə Azərbaycanın düzənlik ərazilərində geniş şəkildə rast gəlinir. Bu qəbirlərdən əldə edilən inventarın, xüsusilə sikkə nümunələrinin tədqiqi onların e.ə. II–I əsrlər və eramızın I–II əsrlərinə aid olduğunu göstərmişdir.

Qəbiristanlıqda aşkar edilmiş bütün dəfnlərdə meyitlərin başı şimal-qərbə, ayaqları isə cənub-şərq istiqamətinə yönəldilmişdir.

Qəbiristanlıq ərazisində qeyd olunan qəbir abidələri ilə yanaşı, həmin dövrə aid 23 dulus kürəsi də aşkar edilmişdir. İkirayuslu və düzbucaqlı formaya malik bu kürələr öz quruluş xüsusiyyətlərinə görə həmin dövrün daha mükəmməl istehsal tikililərindən hesab olunur.

2 nömrəli yaşayış yeri Bu yaşayış məskəni Kür çayının sol sahilində, Bozdağ keçidinin başlanğıc hissəsində yerləşir. Ərazi Kür çayına doğru 10–15° meyillənən alçaq təpəliklərdən ibarətdir. Yaşayış yerinin şimaldan cənuba uzunluğu təxminən 500 m, şərqdən qərbə eni isə 250–300 m təşkil edir və ümumilikdə 14 hektara yaxın sahəni əhatə edir.

Məskənin şərq hissəsi Kür çayının hər iki sahili boyunca uzanan Kür-Araz dərələri ilə, şimal tərəfi kiçik bir dərə ilə, cənub hissəsi isə düzənlik ərazi ilə əlaqələnir. Arxeoloji tədqiqatlar zamanı burada yaşayış tikililərinin, məbəd qalıqlarının, metaləritmə ocaqları və dulus kürələrinin, qəbiristanlıqların izləri, həmçinin müxtəlif mədəni təbəqələrdən çoxsaylı istehsal alətləri, epiqrafik nümunələr və gündəlik məişətdə istifadə olunan müxtəlif arxeoloji materiallar aşkar edilmişdir.

3 nömrəli yaşayış yeri Bu yaşayış məskəni 2 nömrəli yaşayış yerindən təxminən 2,5–3 km şimalda, Kür çayının Samux meşəsindən çıxaraq Bozdağ silsiləsində yaratdığı keçidin başlanğıc hissəsində yerləşən iri təpənin üzərində salınmışdır (1-ci şəklə bax). Oval formalı olan təpənin şərqdən qərbə uzunluğu 300 m, şimaldan cənuba eni isə 150–200 m arasında dəyişir.

2 nömrəli yaşayış yeri ilə müqayisədə bu məskən yerləşdiyi mövqeyə görə daha əlverişli strateji əhəmiyyət daşıyır. Təpənin şimal və qərb tərəfləri Kür çayı, cənub və şərq hissələri isə düzənlik ərazi ilə əhatələnmişdir. Yaşayış məskəni təxminən 5 hektar sahəni tutur. Ərazi Kür çayının səviyyəsindən 15–20 m, digər tərəfdən isə 8–10 m yüksəklikdə yerləşir. Arxeoloji baxımdan burada əsasən yaşayış tikililərinin qalıqları, müxtəlif mədəni təbəqələrdən əldə edilmiş istehsal alətləri və digər maddi-mədəniyyət nümunələri qeydə alınmışdır.

4 nömrəli yaşayış yeri Kür çayının sağ sahilində, Qazanlıdağdan təqribən 3–4 km cənub istiqamətində yerləşən bu yaşayış məskəni 40–50 hektara yaxın ərazini tutur. Hazırda ərazinin böyük bir hissəsi kol-kos örtüyü ilə örtülmüşdür. Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən burada sistemli və müntəzəm qazıntı işləri aparılmamışdır. Bununla belə, su-elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən torpaq işləri və aparılan təsadüfi arxeoloji kəşfiyyatlar zamanı yaşayış məskəninə dair bir sıra maddi-mədəniyyət nümunələri əldə edilmişdir. Aşkar olunan materiallar, xüsusilə şirli saxsı qab fraqmentləri, azsaylı metal əşyalar, bişmiş və çiy kərpicdən inşa edilmiş tikililərin qalıqları əsasında yaşayış məskəninin XIV–XVII əsrlərə aid olduğu müəyyən edilmişdir.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbinin qeydlərində Kür çayının sağ sahilində Mingəçevir adlı yaşayış məntəqəsinin mövcudluğu haqqında məlumat verilir. Onun yazdığına görə, Mingəçevir həmin dövrdə ipək parça toxuyan emalatxanaları, məscidi və hamamı olan böyük yaşayış məskəni olmuşdur. Övliya Çələbinin təsvir etdiyi yaşayış məntəqəsi 4 nömrəli yaşayış yeri ilə əlaqələndirilə bilər. 4 nömrəli yaşayış yerinin əhəmiyyətini şərtləndirən əsas amillərdən biri onun mühüm ticarət yollarının üzərində yerləşməsi olmuşdur. Mingəçevir Tiflis, Gəncə, Şamaxı, Bakı və Dərbənd kimi şəhərləri birləşdirən əsas ticarət marşrutlarından birinin üzərində, həmçinin Kür çayının keçid üçün əlverişli hissəsində yerləşdiyindən XVIII–XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində də strateji və iqtisadi əhəmiyyətini qoruyub saxlamışdır. Arxeoloji araşdırmalar zamanı Kür çayı üzərində son dövrlərdə istifadə olunmuş körpü, bərə və bəndlərlə əlaqəli tikililərin qalıqları da aşkar edilmişdir.

Həmçinin bax

Kür-Araz mədəniyyəti Mingəçevir arxeoloji kompleksi

Ədəbiyyat

İstinadlar Kateqoriya:Mingəçevirin qədim yaşayış yerləri