Şahqulu ağa Təkəli üsyanı və ya Şahqulu baba üsyanı — 1511-ci ildə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş üsyan. Bu hərəkat Antalya, Manisa, İzmir, Qaraman, Mərsin, Konya, Qırşəhir, Tokat, Amasya, Yozqat və Çorumda məskunlaşmış ələvilər tərəfindən başlanmışdı. Şahqulu baba üsyanı Anadoluda osmanlılara qarşı dini zəmində baş vermiş ilk böyük üsyanlardan biridir. Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri də var idi.
Belə ki, Şahqulu baba üsyanı Şah İsmayılın təhriki ilə başlayan bir üsyan deyil. Bu üsyan Şah İsmayıla rəğbət bəsləyən qrupların yaşadıqları ağır həyat şəraiti, Osmanlı şiələrinin məskunlaşdığı ərazilərdə vergi siyasətinin sadə insanların marağına cavab verməməsi nəticəsində qiyama qalxmasıdır. 1509-cu il zəlzələsi və II Bəyazidin ölüm xəbərləri üsyanın baş vermə səbəblərindən idi.
Şahqulu baba Təkəli haqqında Şahqulu babanın kimliyi haqqında istər Osmanlı qaynaqlarında istərsə də Səfəvi qaynaqlarında müxtəlif məlumatlar mövcuddur. Şahqulu baba üsyanının mərkəzi Kiçik Asiyanın cənub-qərbində, Aralıq dənizi sahillərində yerləşən Təkə eli idi. Bu üsyanın təşkilatçısı və rəhbəri olan Şahqulu baba bu bölgənin Qorqudeli qəzasının Yanlı (Yalınlı) kəndindən idi və Səfəvi təriqətinə inanclı olan bir ailəyə mənsub idi. Yalınlı kəndi, Antalya ilə Efesi bir-birinə bağlayan əski Roma ticarət yolu üzərindəydi. Bu yol Döşəməaltı civarındakı qışlaqlarıyla Qorqudelinin şimali-şərqində olan Bozmusa dağındakı yaylaqları arasında gedib gəlirlərkən köcəri təkəlilər tərəfindən də işlənilirdi.Osmanlı mənbələrində onun doğum yeri haqqında müxtəlif fikirlər mövcuddur. Osmanlı tarixçisi Gelibolulu Mustafa Əli Şahqulunun doğum yerini Təkəli sancağının Almalı kəndi olduğunu bildirir. Anonim Osmanlı mənbəsi isə onu Təkə elinə bağlı Qızılqaya bölgəsində anadan olduğunu qeyd edir.
Hər iki qaynaqlarda Şahqulunun atasının Qızılbaş Həsən xəlifə adlı şəxs olduğu qeyd olunmuşdur. Həsən xəlifə Səfəvilərin müridlərindən biri idi. O, bir dəfə Şeyx Cüneydin iki dəfə də Şeyx Heydərin xidmətində olmuşdur. Rəvayətə görə, Şeyx Heydər onu qırx dərvişlə çilləxanaya göndərir və qırx günün axırında digər dərvişlər azuqələrini bitirsə də, Həsən xəlifə ərzaqlarına toxunmadan şeyxə qaytarır. Buna görə də Şeyx Heydər ona Təkə elini vermişdi. Həsən xəlifə Təkə elində böyük nüfuz qazanmış, ətrafına çoxlu müridlər toplamışdı. Rumlu bu barədə yazır:
"Mürşidi-kamil ona rüxsət verib Təkkə-eli vilayətinə yolladı. Elə ki o diyara çatdı, öz mənzilində qərar tutdu. Sultan Heydərin sufilərindən biri olan Pirə Sinan məclisdə hazır olanlara dedi: — Həsən xəlifə gəldi, lakin özü ilə birlikdə Təkkə-eli vilayətinə yanar bir atəş də gətirdi. O zaman Allah-taala Şahqulu Babanı Həsən xəlifəyə bəxş etdi. Qış vaxtı təkə-yaxırlu camaatı arasında olurdu və yayı təkərmişlü icmasının arasında keçirirdi. Ondan kəramətlər baş verirdi və adamlar ona tabe olurdular. Qeyd edildiyi kimi, o, Rumda qiyam qaldırdı."
Həsən xəlifə Təkə elindəki tərəkəmələr arasında səfəvi ocağının təbliğatını aparırdı. Bu barədə Oqtay Əfəndiyev yazır: "Sultan Heydərin bir qızılbaş mürşidi kimi fəaliyyətdə olduğu vaxtlarda Anadoludan Həsən xəlifə adlı bir şəxs iki dəfə İrana getmiş, Sultan Heydərdən "dəsturul-əməl" alaraq Təkə elinə qayıtmışdı. Deyilənə görə, o öz elinə qayıtdıqdan sonra Sultan Heydərin müridlərindən olan Pirə Sənan belə uzaqgörənlik etmişdi: "Həsən xəlifə gəldi, amma o, Təkə elinə yanar bir atəş gətirdi". Doğrudan da, Həsən xəlifənin Təkə elinə apardığı atəş və qan oldu. Onun sonrakı fəliyyəti bu sözlərin doğruluğunu təsdiq etdi".
Atasının Ərdəbil səfərləri ilə əlaqədar olaraq Şahqulu da uzun müddət Səfəvi müridlərinin arasında olmuş və təriqət ruhunda tərbiyələnmişdi. Həsən baba ilə Şahqulu babada Səfəvi təriqətinə mənəvi bağlılıq çox güclü idi. Bunun nəticəsi idi ki, onlar hər ikisi yaşayışlarını tərk edərək bir mağaraya sığınmışdılar və vaxtlarını orada ibadətlə keçiridilər. Etiqad sahibi olmaları, maddi dünyadan uzaq düşmələri onlara qarşı yerli əhalinin hörmət və ehtiramını da artırmışdı. Osmanlı tarixçisi Aşıqpaşazadə yazır ki, hətta onların dərin etiqad sahibi olmaları Sultan II Bəyazidə də çatmış və o da hər il Həsən baba və onun oğluna 6–7 min ağca göndərməyə başlamışdı.Lakin bu məlumata başqa qaynaqda rast gəlinmir. Digər bir türk tarixçi Firidun Əməcən isə bu faktı belə açıqlayır ki, Səfəvi dövlətinin Osmanlı daxilində dini təhdid ünsürü olmasından qabaq II Bəyazid bütün təriqətlərə maddi dəstək verirdi.
Atasının ölümündən sonra onun yerini və məqamını Şahqulu baba tutdu. Əsil adı Qarabığ baba olan Şahqulu baba sonradan özünə bu adı Şah İsmayıla bağlılığının göstəricisi kimi götürmüşdü. Şahqulu baba — Şah İsmayılın qulu anlamında idi və bununla Qarabığ baba Şah İsmayıl ideyalarına necə sədaqətli olmasını göstərmək istəyirdi. Şahqulu və Həsən xəlifənin Səfəvi ordeninə bağlılıqlarına görə Osmanlı mənbələri ümumiyyətlə onlara qarşı mənfi və sərt mövqe nümayiş etdirirlər. Belə ki, Şahqulu Osmanlı qaynaqlarında və arxiv sənədlərində "Sofu, Şeytanqulu, Qarabığoğlu, Mülhid" adları ilə qarşımıza çıxır. Osmanlı tarixçilərindən Xoca Sadəddin , Cəlalzadə Mustafa ondan "Şeytanqulu", Gelibolulu Mustafa Əli "Qarabığoğlu", Münəccimbaşı isə "Mülhim" kimi bəhs edir. Üsyanın və onun iştirakçılarının miqyası nəzərə alındıqda, xüsusilə köçəri türkmən qruplarının nəzərində bu insanların "Şeyx, Sufi, Baba, Xəlifə" kimi mənəvi titullara sahib olması onların xarizmasını gücləndirir. Səfəvi dövrü tarixçisi Həsən bəy Rumlu isə "Əhsən ət-Təvarix" əsərində ondan Şahqulu baba kimi bəhs edir. Rumlunun Şahqulu üçün "ata" mənasını verən "baba" ifadəsindən istifadə etməsi onun tərəfdaşları nəzdində ata obrazı kimi güclü bir nüfuza malik olduğunu göstərir.
Şahqulu baba atası kimi bir müddət mağara həyatını davam etdirdi və bununla o bir daha dünya malından uzaq olmasını nümayiş etdirdi. Mağara həyatının sürülməsi, günün əksər hissəsinin dua və ibadətdə keçirilməsi təriqət və etiqad əhlinin həyatında xüsusi yer tuturdu. Şahqulu baba da bu yolu davam etdirdi, etiqadı, həyat mövqeyi və savadı ilə ətrafına xeyli mürid toplaya bilmişdi. Şahqulu baba özünün sədaqətli xəlifələrini ətraf bölgələrə, o cümlədən qərbi Anadoluya və Rumeliyə (Avropa ərazilərinə) göndərdi və onların vasitəsilə təriqət təbliğatını genişləndirdi. Bəzi tarixi ədəbiyyatda isə Şahqulu baba xəlifələrinin Osmanlı dövlətinin Avropa ərazislərinə və qərbi Anadoluya göndərilməsi Şah İsmayılın tələbi ilə baş vermişdi.
Üsyanın səbəbləri Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri var idi.
Mərkəzi hakimiyyətin zəifləməsi Osmanlı qaynaqları Şahqulu üsyanı zamanı mövcud siyasi mühitə nəzər saldıqda, sözügedən qiyamın ortaya çıxmasında Osmanlı İmperiyasında hakimiyyət boşluğunun faktorlardan biri olduğunu yazır. Münəccimbaşı "Sahaifu’l- Ahbâr fi Vekayii’l-Asar" əsərində bu barədə yazır ki, şahzadələr arasında taxt döyüşləri, II Bəyazidin səhhətinin yaxşı olmaması səbəbindən, dövlət işləri vəzirlərin əlində idi. İdarəni əlində tutan vəzirlər və dövlət xadimləri təbəələrə qarşı haqsızlığa yol verirdilər. Belə ki, onların əhaliyə münasibəti, rüşvət alması və rüşvətlə timar paylaması nəticəsində mərkəzi hakimiyyət zəifləmiş və bu vəziyyət Şahqulu üsyanına yol açmışdı. Digər bir Osmanlı dövrü tarixçisi Gülibolu Mustafa Əli isə əsərində bu fikri belə izah edir ki, şahzadələrin sancaqlarını tərk etməsi və taxt tac mübahisələri Osmanlıda hakimiyyət boşluğuna səbəb olmuş və bu vəziyyət Şahzadə Qorqudun sancağını tərk etməsi ilə kuliminasiya nöqtəsinə çatmışdı.
Sultanın dövlət işlərindən uzaqlaşması nəticəsində rüşvətxorluq və haqsızlıq get-gedə artmış, təbəələr canlarından bezmişdilər. Bu dövrdə insanların sosial həyatında davamlı tənəzzül müşahidə olunur. Timarların rüşvətlə verilməsi nəticəsində timar sahiblərinin çoxu torpaqsız qaldı və onlar qidalanmaq üçün başqa yollara əl atdılar. Necə ki, timarsız qalan sipahilər dərdlərini dövlətə izah edə bilməyəndə Şahqulu üsyanına qoşularaq qiyamın geniş ərazilərə yayılmasına və xaotik mühitin yaranmasına səbəb oldular.
Sosial-iqtisadi səbəblər Təkə, İstanos və Almalu kimi bölgələrdən ibarət olan Təkə sancağında XVI əsrdə yarı köçəri türkmən əhalisinin bütün əhaliyə nisbəti %40–50 idi. Hələ XV əsrin II yarısında Osmanlı İmperiyasında yaşayan türkmən zümrələrində başlayan mərkəzləşmə prosesi ilə paralel sosial-iqtisadi problemlər meydana çıxmışdı. Bu barədə türk müəlliflər yazırlar ki, mərkəzi hakimiyyətin bu qrupları oturaq həyata keçməyə məcbur edərək daha çox vergi toplamaq cəhdləri və bu məqsədlə təyin edilmiş qismən devşirmə mənşəli yerli idarəçilərin barışmaz rəftarları, görünür, onlarla dövlət arasında uçurum yaratmaq üçün kifayət etmişdi. Bu idarəçilərin əksəriyyəti öz maraqlarını təmin etdikləri bu qrupların həyat tərzlərini, adət-ənənələrini və inanclarını xor görürdülər. Əli ibn Əbdülkərimin Xəlifə Yavuz Sultan Səlimə təqdim etdiyi və II Bəyazidin dövründə yaşanan problemlərin əsaslarına işarə edən hesabatda yazır ki, hakimlər yoxsulların haqqını əllərindən almağa başlayıb, mərhum bir adamın sərvəti hakimlər, naiblər, mütəseyidlər arasında talan edilir. Cəmiyyətdə tarazlıq pozulub, bir tərəfdən yoxsulluqdan əziyyət çəkən insanlar kütləsi, digər tərəfdən isə çox firavan bir təbəqə yaranıb. Əli ibn Əbdülkərim xəlifə öz hesabatında təbəələrin bu vəziyyətini belə izah etmişdir; "…biri toxluqdan ölür, o biri yoxluqdan…". Bundan əlavə o yazır ki, II Bəyazid yalnız İstanbul və Ədirnədəki alim və fikir sahiblərinə əhəmiyyət verirdi. Anadolu ilə maraqlanmadığı üçün orada yaranan sosial-iqtisadi problemlərdən xəbərsiz qalmışdı. Yenə hesabatda o, II Bəyazidi tənqid edərək, sanki yalnız İstanbul və Ədirnə sultanı kimi davrandığını söyləyir.
Dövrün qaynaqlarından da göründüyü kimi, sosial-iqtisadi problemlər səbəbindən mərkəzi hakimiyyətin etdiyi təzyiqlərə müqavimət göstərən qruplar təkcə Qızılbaş türkmənləri deyil, həm də sünni kəndliləri və timar sahibi sipahilər idi. O zaman demək olar ki, qızılbaşlarla sünniləri bu üsyanda bir araya gətirən ortaq səbəb sosial-iqtisadi amildir. Arxiv sənədlərində qeyd olunur ki, rəiyyət qızılbaşlardan deyil, torpaqsız qalan sipahilərdən zərər çəkmişdilər. Şahqulu üsyanının qısa müddətdə genişlənməsi və Anadolunu təhdid etməsində timarı əllərindən alınan təkəli sipahiləri böyük rol oynadılar. Təkəli sipahilərin Şahqulunun tərəfinə keçməsi Osmanlı arxiv sənədlərində belə öz əksini tapmışdır:
"…hətta Təkkə əyalətinin süvarilərinin əksəriyyəti onlara tabe oldu və keçmişdə bir-iki min bədxah bir yerə toplaşdı və onların başçısı Şahqulu idi."
Dini səbəblər Şahqulu baba üsyanının baş verməsində Səfəvi təriqəti təəssübkeşlərinin təbliğat təsiri sözsüz ki, istisna deyildi. Səfəvi təriqətinin təbliği yerlərə göndərilmiş Səfəvi xəlifələrinin qarşısında dayanan başlıca vəzifə idi. Bu təriqətin dəyərlərini təbliğ etməklə xəlifələr sufilərin saylarını artırmağa çalışırdılar. Sufilərin sayının artırılması, tərəfdaşların sıralarının genişləndirilməsi xəlifələrin həm də dini vəzifəsi idi. Eyni zamanda Şeyx Səfi xanəgahından da təriqət təbliğatçıları öz səfərləri zamanı təriqətin təbliğinə və onun sıralarının artırılmasına səy göstərirdilər. Əslində, təriqət daxilində təriqət dəyərlərinin təbliği və öyrədilməsi üçün işlək bir sistem yaradılmışdı və ona görə də Osmanlı şiələri və qeyri-şiələri, Səfəvi hərəkatı ilə sıx əlaqələri olan türk boyları arasında Şah İsmayılın mürşidi olduğu Səfəvi təriqət ideyalarının təbliği geniş xarakter almışdı. Lakin bu məqamın özünün də bir çaları odan ibarət idi ki, ağır dolanışıq şəraiti və mürəkkəb ictimai-siyasi vəziyyət Osmanlı şiələrini Şah İsmayıl hərəkatına çıxış yolu kimi baxmağa və Səfəvi təriqəti ətrafında daha sıx toplaşmağa sövq edirdi.