Fərman bəy Nərimanbəyli və ya Yaqub Fərman Nərimanbəyov () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı, Əməkdar energetik.

Birinci Tiflis Kişi Gimnaziyasında təhsil alıb. Azərbaycan Cümhuriyyəti dövründə Dövlət Müdafiə Komitəsinin katibi işləyib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Tuluza Universitetinin energetika fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra Parisdə yaaşyıb və ixtisası üzrə işləyib.

Fərman bəy 1929-cu ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-yə köçüb. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləyib. Azərbaycanda Stalin Repressiyaları dövründə 1938-ci il yanvarın 1-də həbs olunub. Millətçi-burjua təşkilata üzv olmaqda və əks-inqilabi fəaliyyətdə ittiham olunaraq sürgün edilib. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşayıb və Mingəçevir SES-də energetik işləyib. "Azərbaycan SSR-in əməkdar energetiki" fəxri adı alıb.

Azərbaycan Cümhuriyyəti dövründə Bakı şəhərinin general-qubernatoru olmuş Əmir bəy Nərimanbəyovun oğlu, "Azərbaycan SSR əməkdar rəssamı"ları Vidadi Nərimanbəyov və Toğrul Nərimanbəyovun atasıdır.

Həyatı

İlk illəri Fərman bəy Əmir bəy oğlu Nərimanbəyli 1899-cu il iyulun 16-da Şuşa şəhərində anadan olub. Birinci Tiflis Kişi Gimnaziyasında təhsil alıb və oranı 1917-ci ildə bitirib. 180px|thumb|left|1920-ci il Paris.

1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Fərman bəy ailəsi ilə birlikdə Bakıya köçüb. Dördüncü hökumət kabineti dövründə Azərbaycan Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin katibi işləyib.

Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi.

Fərman bəy Nərimanbəyli də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan sənədlər Yaqub bəy Nərimanbəyovun adına rəsmiləşdirilsə də, təhsil almaq üçün xaricə göndərilən şəxs onun qardaşı Fərman bəy Nərimanbəyli olub. Fərman bəy təhsil almağa qardaşının sənədləri ilə getdiyi üçün bir çox sənədlərdə adını "Yaqubfərman" kimi qeyd edib.

Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Fərman bəy Tuluza Universitetinin energetika fakültəsində təhsil alıb. 1927-ci ildə təhsilini bitirdikdən sonra ailəsi ilə birlikdə Parisə köçüb. Burada öz ixtisasi üzrə işləyib.

SSRİ-də 250px|thumb|right|Həbsdə ikən 1938-ci il Fərman bəy 1929-cu ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-yə köçüb. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləyib.

1938-ci il yanvarın 1-də Yeni il gecəsi XDİK tərəfindən həbs olunub. İstintaq işi 1938-ci il aprelin 10-a qədər davam edib. Millətçi-burjua təşkilata üzv olmaqda və əks-inqilabi fəaliyyətdə ittiham olunub. O bu ittihamları qəbul etməsə də 5 illik islah-əmək düşərgəsinə məhkum olunub. 1938-ci ilin 11 sentyabrında cəzasını çəkmək üçün Kolımaya həbs düşərgəsinə aparılıb.

Beş il sonra sürgündən qayıtsa da ona Bakıda yaşamağa icazə verilməyib. Mingəçevir şəhərinə köçüb və Mingəçevir SES-də energetik işləyib. Yaxşı işlədiyi üçün "Azərbaycan SSR-in əməkdar energetiki" fəxri adı alıb. 1956-cı il iyunun 9-da Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası Fərman Nərimanbəylinin ittiham işinə yenidən baxıb və ona bəraət verilib. 1977-ci ilin fevral ayında Mingəçevirdə vəfat edib.

Ailəsi Nərimanbəylilər nəsli öz adını XVIII əsrin sonları — XIX əsrin əvvəllərində Şuşada yaşamış Nəriman bəydən alıb. Nəriman bəy Qarabağ xanı İbrahimxəlil xanın oğlu Əhməd xan Sarıcalı-Cavanşirin məiyyətindən olub və 1822-ci ildə vəfat edib. Onun nəslindən olanlar "Nərimanbəyov" və "Nərimanbəyli" soyadlarını daşıyıblar.

Fərman bəyin atası Əmir bəy Nərimanbəyov 1871-ci ildə Şuşada anadan olub. Xarkov Universitetinin Hüquq fakültəsində təhsil alıb. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra əvvəlcə Naxçıvanın general-qubernatoru təyin olunub. 1919-cu il sentyabrın 2-də Bakı şəhərinin general-qubernatoru vəzifəsinə təyin olunub. O, Rəhim bəy Behbudovun qızı Nəstərən bəyimlə ailə qurub. Bu evlilikdən Fərman bəy, Yaqub bəy, Asif bəy, Arif bəy və İldırım bəy adlı övladları dünyaya gəlib. 1930-cu ildə vəfat edib. 180px|thumb|left|Fərman bəyin həyat yoldaşı İrma xanım, Vidadi və Toğrul Nərimanbəyovla birlikdə. Fərman bəy təhsil aldığı müddətdə əslən Qaskoniyadan olan İrma Larude ilə tanış olub və 1924-cü ildə onunla ailə qurub. Fərman bəy sürgün olunduqdan sonra həyat yoldaşı İrma xanım da övladı Toğrulla birlikdə həbs olunub. Onlar bir müddət Keşlə həbsxanasında saxlanılıblar. 1941-ci ildə İrma xanım əvvəlcə Qazaxıstana daha sonra isə Özbəkistana sürgün olunub. 1961-ci ilə qədər Səmərqənddə yaşayıb. Daha sonra isə Bakıya qayıdıb. 99 yaşında Bakıda vəfat edib.

Fərman bəy sürgündə olduğu müddətdə Nataliya Şışkina adlı bir xanımla ailə qurub. Nataliya Şışkina Mingəçevir şəhər sovetinin deputatı olub. Bu evlilikdə onların övladları olmayıb.

1926-cı il iyulun 13-də Kann şəhərində Fərman bəyin oğlu Vidadi Nərimanbəyov dünyaya gəlib. O, Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində və Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. 1977-ci ildə "Azərbaycan SSR əməkdar rəssamı", 1982-ci ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb. 2001-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub. 2001-ci il dekabrın 13-də Bakıda vəfat edib.

1930-cu il avqustun 7-də Bakı şəhərində Fərman bəyin oğlu Toğrul Nərimanbəyov anadan olub. 1937-ci ildə atası sürgün olunduqdan sonra anası ilə birlikdə Keşlə həbsxanasında saxlanılıb. Toğrul bəy bir müddət ibtidai təhsilini də həbsxanada alıb. 1941-ci ildə anası sürgün edildikdən sonra 1947-ci ilə qədər əvvəllər dayələri olmuş əslən polyak olan Anna Andreyevananın himayəsində olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Litva İncəsənət İnstitutunda təhsil alıb. "SSRİ xalq rəssamı", "Azərbaycan SSR əməkdar rəssamı", "Azərbaycan SSR xalq rəssamı" adları alıb. Fəaliyyətinə görə "Qırmızı əmək bayrağı" ordeni, "İstiqlal" ordeni və "Şərəf" ordeni ilə təltif olunub.

Fərman bəy Nərimanbəylinin əmisioğlu Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşada anadan olub. İrəvan Kişi Gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin fizika-riyaziyyat, sonra isə Xarkov Universitetinin hüquq fakültələrində təhsil alıb. 1917-ci ildə Müsavat Partiyasına üzv olub. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olub. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin dövlət nəzarəti naziri seçilib. Aprel işğalından sonra Azərbaycanda qalıb və müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi fəaliyyət göstərib. Cümhuriyyət xadimi olduğu üçün daim təqiblərə məruz qalıb. 1923-cü ildə iki dəfə, 1925-ci ildə isə bir dəfə həbs olunub. 1937-ci ildə Azərbaycanda Stalin Repressiyaları dövründə dördüncü dəfə həbs olunub 1938-ci il yanvarın 14-də güllələnib.

Həmçinin bax Nərimanbəylilər Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Nərimanbəylilər Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Mingəçevirdə vəfat edənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:Azərbaycan energetikləri Kateqoriya:Birinci Tiflis gimnaziyasının məzunları