Könüllünün dilemması () — hər bir oyunçunun hamıya fayda verən kiçik bir fədakarlıq edə və ya başqasının fədakarlığından faydalanmaq ümidi ilə gözləyə bildiyi vəziyyəti modelləşdirən oyun.
Buna nümunə olaraq, bütöv bir məhəllədə elektrik enerjisinin kəsildiyi vəziyyəti göstərmək olar. Bütün sakinlər bilirlər ki, ən azı bir nəfər elektrik təchizatı şirkətinə zəng edərək problem barədə məlumat versə, şirkət nasazlığı aradan qaldıracaq. Heç kim könüllü olaraq zəng etməsə, bütün iştirakçılar üçün mümkün olan ən pis nəticə baş verər. Hər hansı bir şəxs zəng etməyi öz üzərinə götürərsə, qalan sakinlər bunu etməməklə fayda əldə edəcək.
İctimai mal yalnız bir nəfər könüllü olaraq müəyyən bir xərc çəkməyə razı olduqda təmin edilir. Bu oyunda müşahidəçilər qrupun xeyrinə fədakarlıq edib-etməmək barədə müstəqil qərar verirlər. Könüllü şəxs özü heç bir fayda əldə etmədiyindən, qrupun xeyrinə fədakarlıq etməkdənsə, başqalarının səylərindən faydalanmağa meyil daha güclü olur. Heç kim könüllü olmadıqda isə hamı zərər görür. Müşahidəçi effekti və məsuliyyətin diffuziyası kimi sosial hadisələr könüllünün dilemması ilə sıx bağlıdır.
İstinadlar
Kateqoriya:Dilemmalar Kateqoriya:Qeyri-kooperativ oyunlar