“Gündəlik Teleqraf” media qrupu — 2012-ci ildə fəaliyyətə başlamış dövlət/hökumət nəzarətində olan hakimiyyətyönümlü Azərbaycanda media qrupu. Təsisçisi və rəhbəri Aynur Camalqızıdır. Qrupa “Gündəlik Teleqraf” qəzeti (2 il), Teleqraf.com (sonradan Teleqraf İA), "Publika.az" və "Axar.az" xəbər saytları daxildir.
Tarixi
Yaranması
“Gündəlik Teleqraf” qəzetinin ilk nömrəsi 2012-ci il martın 1-də nəşr olunub. Ardınca həmin il qrupun tərkibində "Teleqraf.com" və "Publika.az" xəbər saytları fəaliyyətə başlayıb.
"Axar.az" xəbər saytı isə 2013-cü il oktyabrın 19-da “Teleqraf” Media Qrupunun tərkibində fəaliyyətə başlayıb. Xəbər saytı Azərbaycan, ingilis, rus, və fars dillərində 4 versiyada işləyir. Ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
İnformasiya agentliyinin yaradılması
2025-ci il fevralın 7-də “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb. Agentlik “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında yaradılıb.
Fəaliyyəti
Qrupun nəşrlərində siyasət, iqtisadiyyat, cəmiyyət, beynəlxalq münasibətlər, Qarabağ, mədəniyyət və idman mövzularında materiallar dərc olunub. Teleqraf.com müsahibələr və xüsusi layihələr də yayımlayır.
Rəhbərlik
Azərbaycanlı jurnalist Aynur Camalqızı “Gündəlik Teleqraf” MMC-nin təsisçisi və rəhbəridir.
Tənqidlər və mübahisələr
Siyasi mövqe və redaksiya müstəqilliyi
“Gündəlik Teleqraf” media qrupunun siyasi mövqeyi ilə bağlı qrupun rəhbəri Aynur Camalqızı 15 fevral 2021-ci ildə Meydan TV-yə verdiyi müsahibədə Prezident İlham Əliyevi dəstəklədiyini açıq şəkildə bildirib və rəhbərlik etdiyi media qrupunda da bu mövqeyin əks olunduğunu qeyd edib.
Dövlət qurumundan ödəniş
Meydan TV-nin 2021-ci ildə Aynur Camalqızı ilə müsahibəsində Dövlət Gömrük Komitəsinin “Gündəlik Teleqraf” MMC-yə 12.000 manat ödəniş etməsi barədə sual qaldırılıb. Müsahibədə bu ödənişin media qurumunun müstəqilliyinə mümkün təsiri müzakirə edilib. Camalqızı isə müxalifətlə bağlı materialların sifarişlə hazırlanması ehtimalını rədd edib və yazıların özünün mövqeyini əks etdirdiyini bildirib.
Kəramət Böyükçölün Xəlil Rza Ulutürk haqqında paylaşımı
2018-ci ilin yanvarında media qrupun əməkdaşı Kəramət Böyükçölün Facebook-da Xəlil Rza Ulutürk haqqında tənqidi və təhqiredici hesab edilən paylaşımı ictimai mübahisəyə səbəb olub. Mətbuatda yayılan məlumatlara görə, paylaşım sosial şəbəkə istifadəçilərinin və digər şəxslərin etirazı ilə qarşılanıb.
“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı paylaşımı pisləyərək, Kəramət Böyükçölün fikirləri ilə razı olmadığını bildirib. O, yazıçının paylaşımını gec gördüyünü və belə bir mətnin yazılmamalı olduğunu qeyd edib.
Məsələ ilə bağlı müzakirələrdə fərdi əməkdaşın sosial şəbəkədəki paylaşımına görə media qurumunun məsuliyyəti də gündəmə gəlib. Camalqızı isə qrupda çoxsaylı jurnalistin çalışdığını və onların sosial şəbəkələrdəki bütün fəaliyyətini davamlı izləməyin mümkün olmadığını bildirib.
Həmçinin bax
Global Media Group Səs Media Qrupu Yeni Çağ Xalq Cəbhəsi Modern Media Qrupu Day (media-şirkət) Liatris Holding
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan kütləvi informasiya vasitələri Kateqoriya:Azərbaycan xəbər veb-saytları Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar