Kimyəvi fizika — kimyəvi prosesləri fiziki baxımdan öyrənən fizika sahəsidir. Bu sahə fizika və kimya prinsiplərindən istifadə etməklə kimyəvi sistemlərin fiziki xassələrini və davranışını anlamağa yönəlmişdir. Kimyəvi fizika fiziki-kimyəvi hadisələri atom və molekul fizikası və kondensə olunmuş maddə fizikası sahələrinin metodları ilə araşdırır.
ABŞ Təhsil Departamenti kimyəvi fizikanı belə müəyyən edir: “Fiziki kimya və atom/molekul fizikası fənlərini birləşdirən struktur hadisələrinin elmi tədqiqinə yönəlmiş proqram. Buraya heterogen strukturlar, oriyentasiya və səth hadisələri, kvant nəzəriyyəsi, riyazi fizika, statistik və klassik mexanika, kimyəvi kinetika və lazer fizikası üzrə tədris daxildir”.
Kimyəvi fizika ilə fiziki kimya arasındakı fərq
Kimyəvi fizika fizika ilə kimyanın kəsişməsində yerləşsə də, fiziki kimyadan fərqlənir. Kimyəvi fizika kimyəvi hadisələri mikroskopik səviyyədə anlamaq və izah etmək üçün kvant mexanikası, statistik mexanika və molekulyar dinamika kimi fiziki nəzəriyyələrdən istifadəyə daha çox diqqət yetirir. Fiziki kimya isə kimyəvi proseslərin fiziki mahiyyətini öyrənmək üçün termodinamika və kinetika kimi daha geniş metodlar toplusundan istifadə edir.
Fiziki kimya kimyəvi reaksiyalar zamanı maddənin fiziki xassələrini və davranışını araşdırır. Bu sahə termodinamika, kinetika və spektroskopiya kimi daha geniş mövzuları əhatə edir, həmçinin kimyəvi sistemlərin makroskopik və mikroskopik davranışları arasında əlaqə yaradır.
Hər iki sahənin ortaq cəhətləri olduğundan onların arasındakı fərq hələ də tam dəqiqləşdirilməyib. İstifadə olunan mövzular və texnikalar əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü üçün alimlər tədqiqatları zamanı çox vaxt hər iki sahədə çalışırlar. PCCP (Physical Chemistry Chemical Physics) kimi elmi jurnallar hər iki sahədəki tədqiqatları dərc edərək onların qarşılıqlı əlaqəsini nümayiş etdirir.
Tarix
“Kimyəvi fizika” termini müasir mənasında ilk dəfə 1930-cu ildə Kimyəvi fizikaya giriş adlı əsərini nəşr etdirən alman alimi A. Oyken tərəfindən işlədilmişdir. Bundan əvvəl, 1927-ci ildə V. N. Kondratyev, N. N. Semyonov və Y. B. Xaritonun nəşr etdirdikləri Elektron kimyası əsərinin adı “kimyəvi fizika” anlayışının məzmununa işarə edirdi. SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutu 1931-ci ildə yaradılmışdır. ABŞ-da isə The Journal of Chemical Physics jurnalı 1933-cü ildən nəşr olunur.
1964-cü ildə General Electric Fondu kimyəvi fizika sahəsindəki görkəmli nailiyyətləri mükafatlandırmaq məqsədilə Kimyəvi Fizika üzrə İrvinq Lenqmür mükafatını təsis etmişdir. Nobel mükafatı laureatı İrvinq Lenqmürun şərəfinə adlandırılan bu mükafat fizika prinsipləri vasitəsilə kimyəvi hadisələrin anlaşılmasına mühüm töhfələr verən alimlərə təqdim olunur. Bu töhfələr səth kimyası və kvant mexanikası kimi sahələrə təsir göstərir.
Kimyəvi fiziklər nə ilə məşğul olurlar
Kimyəvi fiziklər ionların, sərbəst radikalların, polimerlərin, klasterlərin və molekulların quruluşunu və dinamikasını araşdırırlar. Onların tədqiqatlarına kimyəvi reaksiyaların kvant-mexaniki aspektlərinin, solvatlaşma proseslərinin, molekulların daxilində və molekullar arasında enerji axınının, eləcə də kvant nöqtələri kimi nanomaterialların öyrənilməsi daxildir.
Kimyəvi fizikada eksperimentlər adətən hidrogen rabitəsi, elektron köçürülməsi, kimyəvi rabitələrin yaranması və qırılması, kimyəvi reaksiyalar və nanohissəciklərin əmələ gəlməsi proseslərini anlamaq üçün spektroskopik metodlardan istifadə edilməklə aparılır.
Kimyəvi fizikanın nəzəri istiqamətində tədqiqatların məqsədi kimyəvi strukturların və reaksiyaların kvant-mexaniki səviyyədə necə işlədiyini anlamaqdır. Bu sahə həmçinin qaz fazasında ionların və radikalların davranışını və reaksiyalarını aydınlaşdırmağa, kimyəvi hadisələrin fizikasını hesablamağı sadələşdirən dəqiq yaxınlaşdırma üsulları hazırlamağa çalışır.
Kimyəvi fiziklər aşağıdakı suallara cavab axtarırlar:
Sadə molekulların vibrasiya və fırlanma hərəkətləri haqqında kvant-mexaniki proqnozları eksperimental olaraq yoxlamaq mümkündürmü? Bəs zülallar kimi mürəkkəb molekullar haqqında necə? Molekulların elektron quruluşunu və xassələrini hesablamaq üçün daha dəqiq metodlar hazırlaya bilərikmi? Kimyəvi reaksiyaları ilkin prinsiplər əsasında anlaya bilərikmi? Fotonları udduqdan sonra kvant nöqtələri nə üçün yanıb-sönməyə başlayır? Bu davranış fraktal kinetika ilə əlaqəli qanunauyğunluq nümayiş etdirə bilər. Kimyəvi reaksiyalar əslində necə baş verir? Təcrid olunmuş molekulun solvatlaşması zamanı hansı mərhələlər baş verir? Bəs bütöv molekullar toplusu solvatlaşdıqda? Mənfi ionların xassələrindən molekulyar quruluşları müəyyənləşdirmək, kimyəvi reaksiyaların dinamikasını anlamaq və ya fotodissosiasiyanı izah etmək üçün istifadə edə bilərikmi? Yumşaq rentgen şüaları ksenon klasterindəki atomlardan kifayət qədər elektronu necə qoparır ki, nəticədə klaster partlayır?
Jurnallar
The Journal of Chemical Physics Journal of Physical Chemistry Letters Journal of Physical Chemistry A Journal of Physical Chemistry B Journal of Physical Chemistry C Physical Chemistry Chemical Physics Chemical Physics Letters Chemical Physics ChemPhysChem Molecular Physics
Həmçinin bax
Molekullararası qüvvə Molekulyar dinamika Kvant kimyası Bərk cisimlər fizikası və ya Kondensə olunmuş maddə fizikası Səth elmi Van der Vaals molekulu
İstinadlar
Kateqoriya:Fiziki kimya Kateqoriya:Kimyəvi fizika