Hövsan Yarış Kompleksi — Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən, FIFA-nın tələblərinə və standartlarına uyğun şəkildə inşa edilmiş müasir idman qurğusu. Kompleks əsasən uşaq və yeniyetmə futbolunun inkişafına xidmət etmək, həmçinin beynəlxalq səviyyəli turnirlərə ev sahibliyi etmək məqsədilə yaradılmışdır.
Tarix
Kompleksin inşası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı və tapşırıqları əsasında həyata keçirilmişdir. Layihənin həyata keçirilməsində AFFA rəhbərliyi, o cümlədən qurumun rəhbəri Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayevin tapşırıqları mühüm rol oynamış, həmçinin dövlət nümayəndələri prosesə dəstək göstərmişlər. Tikinti prosesində baş podratçı qismində SOCAR-ın "Neftqaztikinti" Tresti çıxış etmişdir. Layihə üzrə görülən işlərə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında başlanılmış, tikinti zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin texnika və mexanizmlərindən geniş istifadə olunmuşdur. Xüsusi və spesifik işlərin yerinə yetirilməsi üçün isə tender yolu ilə müəyyənləşdirilmiş subpodratçı təşkilatlar prosesə cəlb edilmişdir.
Kompleksin tikintisi başa çatmaq üzrə olarkən FIFA prezidenti Canni İnfantino əraziyə baş çəkmiş, görülən işlərin keyfiyyətini və sürətini yüksək qiymətləndirmişdir. 8 oktyabr 2026-cı il tarixində kompleksin ərazisində media nümayəndələri üçün tanışlıq məqsədli media turu təşkil olunmuş və 30-dan çox KİV nümayəndəsi iştirak etmişdir. Tədbirdə AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov və "Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev media nümayəndələrinin suallarını cavablandırmışlar.
İnfrastrukturu və sahəsi Hövsan Yarış Kompleksi ümumilikdə iki hissədən — əsas (daimi) və köməkçi sahələrdən ibarətdir. Əsas daimi ərazi 12 hektar sahəni əhatə edir. 480 metr uzunluğunda və 250 metr enində olan bu ərazidə ümumilikdə 10 ədəd müasir futbol meydançası layihələndirilmiş və inşa edilmişdir. Bütün meydançalarda eyni standartlara cavab verən şərait yaradılmışdır. Meydançaların ot örtüyü FIFA tərəfindən təsdiqlənmiş ən yüksək keyfiyyət standartlarına cavab verir. Oyunlar zamanı ot örtüyünün keyfiyyətini qorumaq üçün podratçı şirkətin mütəxəssisləri və texniki heyəti turnir boyunca xidmət göstərərək matçlardan sonra profilaktik bərpa işləri aparırlar. Kompleksin əsas hissəsində ehtiyat oyunçular üçün oturacaqların quraşdırılması, ara torların asılması, küləkdən qorunmaq üçün tentlərin çəkilməsi, tribunalarda oturacaqların hazırlanması və proyektor dayaqlarının quraşdırılması işləri görülmüşdür. Meydançaya daxil olan azarkeşlər mühafizə yoxlamasından keçdikdən sonra xüsusi bəclərlə təmin olunurlar.
Kompleksin köməkçi sahəsi 6,6 hektar təşkil edir. 440 metr uzunluğunda və 150 metr enində olan bu sahədə müxtəlif ölçülü 23 çadır quraşdırılmışdır. Çadırlar media qrupları, xidmət göstərən personal və işçi heyətin ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuşdur. Bu zonada qidalanma, sanitar qovşaqlar, yuyunma və soyunub-geyinmə məntəqələri yerləşdirilmişdir. Turnir zamanı idmançıların Atletlər kəndindən kompleksə daşınması AFFA-nın tədbirlər proqramı çərçivəsində xüsusi nəzarət altında olan avtobuslarla təmin olunur.
Əhəmiyyəti Kompleks 22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etmək üçün inşa olunmuşdur. Turnir çərçivəsində dünyanın 190-a yaxın ölkəsindən rəsmi nümayəndə heyətlərinin, minlərlə gənc futbolçu və məşqçinin Azərbaycana gəlişi nəzərdə tutulmuşdur.
Yarışlar başa çatdıqdan sonra Hövsan Yarış Kompleksinin özəlləşdirilməsi və ya başqasına təhvil verilməsi nəzərdə tutulmur və qurğu birbaşa AFFA-nın balansında qalacaqdır. Kompleks gələcəkdə Azərbaycan futbolunun, xüsusilə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edən idman bazası kimi fəaliyyət göstərəcək, müxtəlif yaş qrupları üzrə milli komandaların və futbol akademiyalarının hazırlıq prosesində istifadə olunacaqdır.
Qalereya
İstinadlar
Kateqoriya:Azərbaycan futbol stadionları Kateqoriya:2026-cı ildə yarananlar