Bayram Qənimət oğlu İbrahimov () — Azərbaycan alimi, texnika elmləri doktoru, professor.

Həyatı Bayram Qənimət oğlu İbrahimov 10 noyabr 1957-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1975-ci ildə Gecəgözlü kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olmuşdur. 1980-ci ildə institutun "Avtomatik elektrik rabitəsi" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

Bayram İbrahimov əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Azərbaycan SSR Rabitə Nazirliyinin "Bakı Poçtamtı" müəssisəsində başlamış və burada texniki bölmələrdə müxtəlif mühəndis vəzifələrində üç il çalışmışdır. 1980–1983-cü illərdə eyni zamanda Azərbaycan Politexnik İnstitutunda və Rabitə Texnikumunda assistent kimi pedaqoji fəaliyyət göstərmişdir. 1983-cü ildən Azərbaycan Politexnik İnstitutunun "Elektrik rabitəsi" kafedrasında baş laborant, assistent və baş müəllim, 1994–2009-cu illərdə dosent vəzifəsində işləmişdir. 2009-cu ildən "Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi" kafedrasında tədqiqatçı-professor vəzifəsində çalışır.

1985-ci ildə aspiranturaya daxil olan Bayram İbrahimov 1990-cı ildə 05.13.05 — "Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları" ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2002–2003-cü illərdə Moskva Rabitə və İnformatika Texniki Universitetində İxtisaslaşdırılmış Şuranın elmi seminarından keçmiş, daha sonra Novosibirsk şəhərində yerləşən Sibir Dövlət Rabitə və İnformatika Universitetinin D 219.005.01 Dissertasiya Şurasında 05.12.13 — "Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları" və 05.13.05 — "Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları" ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

1998-ci ildə TACIS proqramı çərçivəsində Böyük Britaniyada yeni telekommunikasiya texnologiyaları üzrə 75 günlük ixtisasartırma kursunda iştirak etmiş, 2009-cu ildə isə ZTE şirkətinin dəvəti ilə Çin Xalq Respublikasında 30 günlük elmi-tədqiqat ezamiyyətində olmuşdur. 2014-cü ildə ABŞ-nin Berkli Kaliforniya UniversitetiNdə 25 günlük elmi ezamiyyətdə olmuş və Lütfi Zadənin laboratoriyasında elmi-tədqiqat işləri aparmışdır.

1996–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin "Elektrotexnika və rabitə" fakültəsində dekan müavini olmuşdur. 2010-cu ildə "Radiotexnika və rabitə" fakültəsinin dekanı seçilmiş və 2017-ci ilədək həmin vəzifədə çalışmışdır. Eyni zamanda 2015–2016-cı illərdə "Çoxkanallı telekommunikasiya sistemləri" kafedrasının müdiri olmuşdur. 2022-ci ildə Azərbaycan Texniki Universitetinin "Radioelektron və aerokosmik sistemlər" kafedrasının müdiri vəzifəsinə seçilmiş və hazırda həmin vəzifədə elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Elmi fəaliyyəti Bayram İbrahimovun elmi fəaliyyəti telekommunikasiya sistemləri və informasiya-kommunikasiya texnologiyalarını əhatə edir. Bayram İbrahimov 15 monoqrafiyanın, ali təhsil müəssisələri üçün nəşr olunmuş 8 dərsliyin, keçmiş SSRİ-də, Rusiya Federasiyasında və Azərbaycan Respublikasında qeydiyyata alınmış 12 ixtiranın, ümumilikdə 675-dən çox elmi və elmi-texniki əsərin müəllifidir.

Bayram İbrahimov beynəlxalq və respublika elmi konfranslarında, simpozium və seminarlarda iştirak etmiş, beynəlxalq elmi-texniki konfranslarda bölmə sədri və proqram komitələrinin üzvü olmuşdur. "T-Comm — Телекоммуникации и транспорт", "Надежность и качество сложных систем" və digər elmi jurnalların redaksiya heyətlərində fəaliyyət göstərmişdir.

Elmi-pedaqoji fəaliyyəti dövründə Bayram İbrahimov 48 texnika üzrə fəlsəfə doktoru və 4 texnika elmləri doktoru dissertasiyasına rəsmi opponent olmuşdur. Onun elmi rəhbərliyi ilə 12 nəfər texnika üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, 8-dən çox doktorantın elmi rəhbəri olmuşdur.

Bayram İbrahimov 1993–1996-cı illərdə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən H.054.04.01, 2004–2014-cü illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda fəaliyyət göstərən D 01.121 İxtisaslaşdırılmış Elmi Şuralarının üzvü və elmi seminarlarının sədri olmuşdur. 2014–2021-ci illərdə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən D 02.031 İxtisaslaşdırılmış Elmi Şurasının üzvü və "Telekommunikasiya texnologiyaları" ixtisası üzrə elmi seminarın sədri olmuşdur. Hazırda İdarəetmə Sistemləri İnstitutunun müvafiq elmi seminarının üzvüdür. 2022-ci ildən etibarən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən ED 2.41 Dissertasiya Şurasının sədridir. Professor Bayram İbrahimov iki dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkşafı Fondunun qrant layihələrinin (2015 və 2026-cı illər) elmi rəhbəri olmuşdur.

Bayram İbrahimov 2008-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının "İnformatika və rabitə" bölməsinin, 2010-cu ildən Beynəlxalq Rabitə Akademiyasının, 2014-cü ildən isə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan Texniki Universitetinin müəllimləri