Birləşmiş Almaniya Kommunist Partiyası (, qısaca: VKPD) — 1920-ci ilin dekabrında Almaniya Kommunist Partiyası (KPD) ilə Almaniyanın Müstəqil Sosial-Demokrat Partiyasının (USPD) sol, inqilabi qanadının birləşməsi nəticəsində təsis olunmuş kütləvi solçu siyasi partiya. Partiya fəaliyyət göstərdiyi qısa dövrdə Kommunist İnternasionalının Almaniyadakı rəsmi seksiyası olmuş və kütləvi fəhlə bazasına sahib ən böyük kommunist partiyasına çevrilmişdir. 1921-ci ildə partiya yenidən öz tarixi "KPD" adını bərpa etmişdir.
Yaranma tarixi
1918-ci il Noyabr inqilabından sonra yaradılmu Almaniya Kommunist Partiyası (KPD) ilk illərində kütləvi seçici bazasına malik deyildi. Digər tərəfdən, müharibə əleyhinə olan Almaniyanın Müstəqil Sosial-Demokrat Partiyası (USPD) 1920-ci il Reyxstaq seçkilərində 5 milyondan çox səs yığaraq nəhəng siyasi qüvvəyə çevrilmişdi.
1920-ci ilin oktyabrında Halle şəhərində keçirilən USPD konqresində Kominternə (Üçüncü İnternasionala) qoşulmaq məsələsi kəskin mübahisələrə səbəb olmuşdur. Qriqori Zinovyevin çıxışından sonra USPD nümayəndələrinin çoхluğu (425 nümayəndədən 237-si) Kominternin 21 şartini qəbul edərək KPD ilə birləşməyin lehinə səs vermişdir.
4–7 dekabr 1920-ci il tarixlərində Berlində keçirilən Birləşmə Konqresində KPD və USPD-nin sol qanadı rəsmən Birləşmiş Almaniya Kommunist Partiyasını (VKPD) yaratmışdır. Partiyanın həmsədrləri Paul Levi (keçmiş KPD) və Ernst Döyziq (keçmiş USPD) seçilmişdilər.
Siyasi çəkisi və fəaliyyəti
Birləşmədən sonra VKPD-nin üzvlərinin sayı təxminən 350.000–400.000 nəfərə çatmışdır. Partiya Reyxstaqda 24 mandata sahib olmuş və nəhəng mətbuat şəbəkəsini (33 gündəlik qəzet) ələ keçirmişdir. Bu, Sovet Rusiyasından kənarda fəaliyyət göstərən ilk kütləvi kommunist partiyası idi.
VKPD daxilində partiyanın gələcək taktikası ilə bağlı iki əsas cərəyan toqquşurdu: Sağ (Mərkəzçi) qanad: Paul Levi və Klara Setkin rəhbərlik edirdi. Onlar kütləvi fəhlə hərəkatına söykənən, sosial-demokratlarla "vahid cəbhə" () taktikasına tərəfdar idilər. Sol (Avantürist) qanad: Moskvadan (Komintern) təlimat alan və dərhal inqilabi silahlı qiyamı müdafiə edən qrup ().
Mart aksiyası (1921) və partiyanın böhranı
1921-ci ilin martında Komintern nümayəndələrinin (xüsusilə Bela Kunun) təzyiqi ilə VKPD Mərkəzi Komitəsi Saksoniyada fəhlələri silahlı qiyama qaldırdı. "Mart aksiyası" () adı ilə məşhurlaşan bu avantürist qiyam cəhdi polis və ordu tərəfindən sürətlə və qanla yatırılmışdı.
Bu müvəffəqiyyətsizlik nəticəsində partiya 100 mindən çox üzvünü itirmişdir. Partiya sədri Paul Levi Mart aksiyasını kəskin tənqid etdiyi və Kominternin müdaxiləsinə etiraz etdiyi üçün VKPD sıralarından qovulmuşdur.
Yenidən KPD adına qayıdış
1921-ci ilin avqustunda keçirilən Yena konqresində partiya rəhbərliyi "VKPD" abreviaturasından imtina edərək yenidən öz tarixi adını — Almaniya Kommunist Partiyası (KPD) adını bərpa etmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:1918-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1920-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1922-ci ildə ləğv olunan təşkilatlar Kateqoriya:1956-cı ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:Müharibələrarası dövr