Sandnessyöen — Norveçin Nordland əyalətində yerləşən Alstahauq bələdiyyəsinin şəhəri və inzibati mərkəzidir. Sandnessyöenə 1600-cü illərin sonlarında xüsusi ticarət imtiyazları verilsə də, şəhər statusunu yalnız 1999-cu ildə alıb. Sandnessyöen Alsta adasının qərb sahilində, Yeddi bacı dağ silsiləsinin qərbində yerləşir.
Şəhər Helgeland bölgəsinin nəqliyyat qovşağı, həmçinin bölgənin ticarət və biznes mərkəzidir. Sahəsi 4,25 km² olan şəhərin əhalisi 2024-cü ildə 6.056 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.425 nəfər təşkil edib.
Sandnessyöen hava limanı, Stokka şəhərin cənubunda yerləşir. 2011-ci ilin iyun ayının sonlarından etibarən regional aviaşirkət Widerøe yay aylarında Sandnessyöen hava limanı ilə Oslo hava limanı, Qardermoen arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
Tarixi
Sandnessyöen şəhəri 1899–1965-ci illərdə keçmiş Sandnessyöen bələdiyyəsinin inzibati mərkəzi olub. 1948-ci ilə qədər bələdiyyə Stamnes bələdiyyəsi adlanırdı. 1965-ci ildə bələdiyyə ləğv edilərək Alstahauq bələdiyyəsi ilə birləşdirildi.
Helgeland Kammerkor, bölgənin müxtəlif yerlərindən üzvləri olan qarışıq xor kollektivi kimi 1992-ci ildə Sandnessyöendə yaradılıb və burada çoxsaylı konsertlər verib.
Həmçinin bax
Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan
İstinadlar
Xarici keçidlər
"Alstahauqdan şəkillər" — Alstahauq ərazisindən bəzi şəkillər. sandnessjoen.com — Sandnessyöen və Alstahauq üçün yerli portal
Kateqoriya:Norveç şəhərləri