Seyid Hüseyn Musəvi Təbrizi və ya Seyid Hüseyn Purmirqafari (1947-ci, Təbriz) — Azərbaycan əsilli İran şiə müctəhidi, yazıçı, tədqiqatçı, hakim və siyasətçi.
O, Qum Havza Universitetinin yüksək səviyyəli professorudur.
Erkən həyatı Müsəvi Təbrizi 1947-ci ilin martında Təbrizdə dini ailədə doğulub.
O, ibtidai məktəbi bitirdikdən sonra Təbrizin Talibiyyə mədrəsəsinə daxil olub.
1962-ci ildə dini təhsilini davam etdirmək üçün o, Qum şəhərinə gedib. O, eyni zamanda Pəhləvi sülaləsinə qarşı fəaliyyət göstərən və Seyid Ruhullah Xomeyninin mövqelərini təbliğ edən din xadimlərinin cərgəsinə qoşulub.
1966-cı ildə Nəcəfə, Xomeyninin yanına gedib və 1968-ci ildə İrana qayıdıb. İrana qayıtdıqdan sonra inqilabçılar arasında Hüseyn Musəvi Təbrizi kimi tanınan o, Hüseyn Nuri Həmədaninin qızı ilə ailə qurub.
İnqilab zamanı 1979-cu il İran İslam İnqilabının qələbəsindən sonra Musəvi Təbrizi yeni, sürətlə qurulan hakimiyyət strukturuna daxil oldu. O, 1980-ci ilin martında İslam Şurası Məclisinin birinci çağırış seçkilərində Təbriz seçki dairəsindən namizədliyini irəli sürdü və bu dairədən parlamentə daxil oldu.
O, Mehdi Bazarqanın müxaliflərindən biri idi. Hüseyn Nuri Həmədani bildirmişdi ki, kürəkəni bir dəfə inqilabın ilk dövrlərində Qum şəhərindəki "Feyziyyə" mədrəsəsində keçirilən iclasda Bazsrqana şillə vurmaq istəyib. Lakin Musəvi Təbrizi özü bu rəvayəti təkzib etmişdi.
Əmək fəaliyyəti
Hakimlik Musəvi Təbrizi 1979-cu ildə Şərqi və Qərbi Azərbaycan ostanlarının İslam İnqilabı Məhkəmələrinin başçısı və şəriət hakimi təyin edilib. Onun bu vəzifədəki tədbirlərindən biri İran Musəlman Xalq Respublika Partiyasının Təbrizdəki ofisini ələ keçirmək, bu partiyanın komitə üzvlərini tərksilah etmək və bəzi şəxslərini edam etmək olmuşdur. 1358-ci ilin qışında Təbrizdə Seyid Məhəmməd Kazim Şəriətmədərinin tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar baş verdi. Bu toqquşmalar Musəlman Xalq Respublika Partiyasının geniş şəkildə təzyiqlərə məruz qalması və elə həmin ildə həbs olunanların bir hissəsinin edam edilməsi ilə nəticələndi.
Məhkəmə iclaslarının təcili keçirilməsi və təqsirləndirilən şəxslərin öz seçdikləri vəkillərdən məhrum edilməsi Musəvi Təbrizinin nəzarəti altında keçirilən bu məhkəmə proseslərinin ədalətli mühakimə prinsiplərinə zidd olan nöqsanlarından idi. O, Musəlman Xalq Respublika Partiyasının üzvlərinin sıxışdırılması və edam edilməsi barədə demişdi: "Bu partiya tərəfindən İslam Respublikasına Amerika təhlükəsi yönəlmişdi və Təbriz İnqilab Məhkəməsi bu qəsdi darmadağın etdi".
1980-ci ilin avqust-sentyabr aylarında (1359-cu ilin şəhrivər ayında) Abadandakı "Reks" kinoteatrının yandırılması qurbanlarının ailələrinin etirazı ilə Abadanda Musəvi Təbrizinin sədrliyi ilə xüsusi məhkəmə təşkil olundu. Bu iş üzrə bir nömrəli təqsirləndirilən şəxs Hüseyn Təkbəlizadə, Şəhrbani (polis) və SAVAK-ın bir neçə əməkdaşı ilə birgə edam edildi.
Musəvi Təbrizi İran Xalq Mücahidləri Təşkilatının yüksək rütbəli üzvlərindən biri olan Məhəmmədrza Səadəti casusluq ittihamı ilə həbs etdi və daha sonra edam etdirdi.
Prokurorluq Müsavi Təbrizi Seyid Ruhollah Xomeyninin rəhbərliyi dövründə 1981-1983-cü illərdə İnqilabın baş prokuroru və İslam Məşvərət Məclisinin birinci və üçüncü dövrlərinin nümayəndəsi olub.
O, İnqilabın Baş Prokuroru kimi siyasi müxaliflərə təzyiqlərin göstərilməsində əsas rol oynayırdı və bir çox ağır məhkəmə hökmləri, o cümlədən edamlar elə bu struktur daxilində çıxarılırdı.
O, 18 sentyabr 1981-ci ildə (27 şəhrivər 1360) İran televiziyasına verdiyi müsahibədə bildirmişdi: "Əlinə kokteyl molotov alıb İslam Respublikası quruluşuna qarşı duran hər kəs elə oradaca mühakimə olundu... Onların hökmü edamdır... Əsirini öldürmək, yaralısını isə ölsün deyə daha da ağır yaralamaq lazımdır".
Həmçinin 1981-ci ilin oktyabrında (1360-cı ilin mehr ayı) keçirilən mətbuat konfransında Amnesty International daxil olmaqla, insan hüquqları təşkilatlarının İİR-dəki məhkəmə proseslərinə dair etirazlarını rədd edərək demişdi: "İran məhkəmələri hazırda yüz faiz islamidir... Bizim mövqeyimiz elə rəhbərin mövqeyidir. Bu Beynəlxalq Əfv Təşkilatı Qərbin fövqəlgücünün tapşırığı ilə hərəkət edir və onun göstərişi ilə də dayanır".
Musəvi Təbrizi İran Xalq Mücahidləri Təşkilatının üzvlərinə qarşı təzyiqlərin şiddətinə yönələn tənqidlərə cavab olaraq da bildirmişdi: "Edam edilənlərin sayı terror və təxribatların sayından azdır və edamlar o zaman bitəcək ki, terror və təxribatlar da bitsin".
1982-ci ildə (1361) Musəvi Təbrizi ilə xüsusilə Məhkəmə Ali Şurası və Əsədullah Lacivərdi arasında ixtilaflar yarandıqda, Ruhullah Xomeyni Məhkəmə Ali Şurasına ünvanladığı məktubda Hüseyn Musəvi Təbriziyə İnqilabın Baş Prokuroru kimi səlahiyyətlərin verilməsini vurğulamışdı. Buna baxmayaraq, ixtilaflar həll olunmadı və nəticədə 1984-cü ildə (1363) Baş Prokurorluq ilə İnqilab Prokurorluğunun birləşdirilməsi ilə Musəvi Təbrizi vəzifəsindən kənarlaşdırıldı.
Müsavi Təbrizi istefa verərkən Ruhullah Xomeyni "münafiq və digər əks-inqilabçılarla mübarizəyə görə" ona təşəkkür etdi. Lakin, məhkəmə sistemindəki bəzi həmkarları və müxalifləri Təbrizini mənəvi korrupsiyada ittiham etdilər.
O, ən çox 1981-ci ildə Tehran Bəhailərinin Yerli Ruhani Məclisinin üzvlərinin ölüm hökmlərini imzalaması ilə tanınır. Onlar qaçırılaraq, işgəncəyə məruz qoyulub, nəhayət, sırf dini əsaslarla edam edilmişdilər.
Hüseyn Musəvi Təbrizi İranda bəhailərə təzyiq göstərilməsində mərkəzi rol oynayıb. 1979-cu ildən etibarən, əvvəlcə Şərqi və Qərbi Azərbaycan İnqilab Məhkəməsinin rəhbəri, daha sonra isə İnqilabın Baş Prokuroru kimi, onlarla Bəhai dininə sitayiş edən şəxslərin həbsinə, dindirilməsinə və edamına nəzarət edib. Beynəlxalq Bəhai Birliyinin məlumatına görə, onun hakimiyyəti dövründə 1981-1983-cü illər arasında ən azı 68 bəhai öldürülüb və ya edam edilib.
29 avqust 1983-cü ildə o, Bəhai dini və inzibati qurumlarını qanunsuz, üzvlərini "cinayətkar" və "Allahın düşməni" elan edib. Bu fətva yüzlərlə bəhainin həbsinə səbəb olub və İran Bəhai icmasına təsirləri bu günə qədər davam edir.
İranın təcrübəli kəşfiyyat və məhkəmə rəsmilərindən olan Əli Razini bildirib ki, Musəvi Təbrizinin İnqilab Prokurorluğundan getməsinin səbəbi onun çox arzuolunmaz bir ittihamla üzləşməsi idi. Razini bu məsələni izah edərkən demişdi: "Məhkəmə sisteminin başında duran bir şəxsin həbsə məkum edilmiş bir təqsirləndirilən şəxslə evlənmək istəməsi münasib bir hal deyil. Bundan da pisi odur ki, həmin şəxs həbsə məkum edilsin və müsbət cavab verdiyi üçün həbs hökmü icra olunmasın".
Millət vəkilliyi (deputatlığı) Musəvi Təbrizi birinçi və üçüncü çağırışlarda İslam Şurası Məclisində Təbrizin nümayəndəsi olub. Onun iki qardaşı — Seyid Həsən Purmirqəffari və Seyid Möhsün Musəvi Təbrizi də İslam Şurası Məclisinin birinci çağırışında Həştrud və Təbriz seçki dairələrindən parlament nümayəndəsi idilər. 1979-cu il (1357) inqilabı dövründə məhkəmə hakimi də olmuş Musəvi Təbrizi Hüseyn Təkbəlizadənin edam hökmünü çıxarmışdı. O, 1981-ci ildə (1360) ölkənin Baş Prokuroru olduğu zaman verdiyi müsahibədə İslam Respublikasının müxalifləri haqqında rəvayətlərə istinadən demişdi: "Yaralılarını daha da ağır yaralamaq, əsirlərini isə öldürmək lazımdır." Məclis çağırışıSəs sayıSəs faiziBirinci116 43962.40%Üçüncü54 21040.20%
İslahatçılara meyil 1997-ci ildə (1376) Musəvi Təbrizi Məhəmməd Xatəminin prezident seçkilərindəki namizədliyini dəstəklədi və Xatəminin qələbəsindən sonra tərəfdarı olan bir qrup din xadimi ilə birgə Qum Elmi Hövzəsinin Müdərrislər və Tədqiqatçılar Məcmaını təsis etdi. O, ömrünün sonuna qədər bu birliyin baş katibi vəzifəsini tutdu. Zaman keçdikcə Musəvi Təbrizinin İslam Respublikasına qarşı mövqeyi tənqidi xarakter aldı. 2009-cu il (1388) seçki etirazları zamanı o bildirmişdi: "Nəzarət Şurası seçki nəticələrini araşdırmaqda tərəfsiz deyil və seçkinin nəticələrinə etiraz edənlərin nümayiş keçirmək hüququ var."
O, 1 aprel 2010-cu ildə (12 fərvərdin 1389) inqilabın əvvəlində keçirilən İslam Respublikası referendumunun ildönümü münasibətilə İLNA xəbər agentliyinə müsahibəsində deyib: "Bəzilərinin referendum məsələsini qaldırmasından qorxmamalıyıq və ya referendum təklif edənləri xain, zalım adlandırmamalıyıq. Məncə, hətta dövlətin canıyananları da referendum ideyasını irəli sürə bilərlər."
Elmi fəaliyyəti Musəvi Təbrizinin ən mühüm siyasi vəzifələri Qum Seminariyası Alimləri və Tədqiqatçıları Məclisinin katibi, İran Partiyaları Palatasının rəhbəri və İslahatçıların Geniş Koalisiyasının vitse-prezidentidir.
2004-cü ildə o, Qum Seminariyası Alimləri və Tədqiqatçıları Məclisinin ikinci baş katibi olub.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Musəvilər Kateqoriya:1947-ci ildə doğulanlar