Auger (Oje) spektroskopiyası – Auger effekti nəticəsində buraxılan (emissiya edilən) elektronların enerji spektrlərininin tədqiqi ilə məşğul olan elektron spektroskopiyasının bir sahəsi. Auger spektroskopiyasının köməyi ilə maddələrin element tərkibinin analizi və atomlararası qarşılıqlı təsiri öyrənilir. Auger elektronunun enerjisi onu buraxan atomun xüsusiyyətlərindən asılı olduğundan, elektronların energetik spektrində Auger xətlərinin mövqeyinə əsasən tədqiq olunan nümunədə bu və ya digər kimyəvi elementin mövcudluğunu müəyyən etmək olar. Element tərkibinin kəmiyyətcə analizi Auger xətlərinin intensivliyinin etalon spektrlərlə müqayisəsinə əsasən aparılır. Atomlararası qarşılıqlı təsirlərin təzahürləri isə qarşılıqlı təsirdə olan atom sistemlərinin Auger xətlərinin sürüşməsinə və enliləşməsinə əsasən öyrənilir. İlk Auger spektrometrləri 1960-cı illərdə yaradılıb. Lakin o spektrometrlərin əsas texniki problemi ondan ibarət idi ki, elektron spektrində Auger xətlərini ayırd etmək çətin idi. Çətinlik ondan ibarət idi ki, qeyri-elastik səpələnmiş elektronların energetik xətlərinin intensivliyi Auger xətlərinin intensivliyindən 2-3 dəfə yüksək ola bilər. Hal-hazırda bu problem energetik spektrin birinci törəməsinin analizi, yəni spektrin sabit komponentini effektiv şəkildə aradan qaldırmaqla, Auger xətlərini aşkar etmək hesabına həll edilir. Auger spektrometri tədqiq olunan nümunələrin yerləşdiyi hədəf blokundan və buraxılan elektronların analizatoru rolunda çıxış edən elektron spektrometrdən ibarətdir. Tədqiq olunan maddənin atomlarında ilkin daxili vakansiyalar hədəfin rentgen şüaları və ya sürətlənmiş elektron (Elektron topu) və ya ion seli ilə şüalanması nəticəsində yaranır. Hədəf tərəfindən buraxılan Auger elektronlarının enerji spektri elektron spektrometri tərəfindən qeydə alınır və istinad (etalon) spektri ilə müqayisə edilir.

Tədqiqat nümunələri kimi daha çox bərk maddələr və qazlardan istifadə olunur. Bərk cisimlərdə maddə atomları ilə elektronların qeyri-elastik qarşılıqlı təsiri nəticəsində 10-1000 eV enerjili elektronların orta sərbəst qaçış yolu bir neçə atom qatı təşkil edir. Deməli, Auger spektroskopiyası yalnız nümunənin səthinə yaxın olan nazik təbəqəni tədqiq etməyə imkan verir. Bu təbəqənin qalınlığı Auger elektronunun səthə çata biləcəyi və nümunəni tərk edə biləcəyi dərinlik ilə müəyyən edilir. Bəzi hallarda Auger spektri səthin özünün xüsusiyyətləri haqqında informasiya verə bilər. Bu cür tədqiqatlarda adsorbsiya edilmiş qaz təbəqəsinin əmələ gəlməsinin qarşısını almaq üçün hədəf bloku ultra yüksək vakuum şəraitində (10-6-10-8 Pa) yerləşdirmək lazımdır. Qazların analizi üçün nəzərdə tutulmuş Auger spektrometrləri, hədəf blokunda nisbətən yüksək təzyiqin (1-10 Pa) olmasına baxmayaraq, ölçmə kamerasında aşağı təzyiq (10-6 Pa) əldə etməyə imkan verən diferensial nasoslu vakuum sisteminə malikdir. Ölçmə kamerasında aşağı təzyiqin yaradılmasına ehtiyac olduğundan, maye nümunələrinin tədqiqində ciddi problemlər yaranır, çünki maye səthini üzərindəki doymuş buxar təzyiqi 104-105 Pa-a çata bilər. Nanotexnologiyanın inkişafı ilə tədqiq olunan nümunələrin səth strukturu haqqında dəqiq məlumatların əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Nümunənin səthinin kəskin fokuslanmış elektron şüası ilə skan edilməsi, Auger spektroskopiyasından istifadə etməklə, səth təbəqələrinin element tərkibini submikron məkan ayırdetmə səviyyəsində təhlil etməyə imkan verir. Kateqoriya:Spektroskopiya