Qurban Baxşəli oğlu Pirimov (Primov) () — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931).

thumbnail|280px|Kərim Kərimov, Xan Şuşinski, Fikrət Əmirov, Qurban Pirimov, Bəhram Mansurov, Mirzə Mansur Mansurov, Yavər Kələntərli, Seyid Şuşinski, Həqiqət Rzayeva, Münəvvər Mansurova. 19 iyun 1963-cü il.

Həyatı və fəaliyyəti Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.

Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.

15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.

Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət etmişdir. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olmuş, tarda ifa etmişdir.

Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak etmişdir. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olmuşdur.

Üzeyir Hacıbəyovla, M. Maqomayevlə, Z. Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q. Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q. Qarayev, T. Quliyev, F. Əmirov, S. İbrahimova kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.

Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, o, 1925-ci ildə Ü. Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak etmişdir. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.

Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şəxsi həyatı Qurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.

İrsi Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Görkəmli musiqişünas Şuşinski xatirələrində belə yad edirdi:

Xalq artisti Canəli Əkbərov tarzən haqqında söyləmişdir:

Canəli Əkbərov sənətkarın həyatında ən maraqlı hadisənin erməni tarzəni ilə yarışması olduğunu qeyd etmişdir:

Canəli Əkbərova ilk dəfə oxuduğu "Çoban bayatısı"nı da tarzənin çalğısı sevdirib. O, qeyd edir ki, bu cazibədə ifanı eşitməsə idi, bəlkə də oxumaq üçün özündə güc tapa bilməzdi:

Qurban Pirimovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun da tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb:

Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1931 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1929 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 17 aprel 1938

Filmoqrafiya Neft və milyonlar səltənətində (film, 1916) (Tammetrajlı Bədii Film) — Tarzən Bakılılar (film, 1938) Üzeyir ömrü (film, 1981) Qızıl fonddan seçmələr (film, 2001)

Mənbə Azərbaycan Milli Konservatoriyası "Gərək hər bir tarzənin öz barmaqları olsun"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XIX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan tarzənləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər