Əbu Bəkr Məhəmməd ibn əl-Həsən ibn Düreyd əl-Əzdi əl-Bəsri (; — Ərəb dili alimi, ədib və şair. Bəsrə dilçilik məktəbinin nümayəndəsi.

Həyatı Hicri 223-cü (833, 837 və ya 838) ildə Bəsrədə anadan olmuşdur. "Düreyd" babasının adı olub, "dişləri olmayan" mənasını verən ədrəd sözündən törəmişdir. Əslən Əzd qəbiləsindən olduğu üçün Əzdi nisbəsi ilə də tanınır. Nəsəbi Qəhtana qədər uzanan nəslinin on beşinci halqasını təşkil edən babası Malik ibn Fəhm Omanda məskunlaşmışdı. Babalarından ilk müsəlman olan şəxs Həmamidir. Həmami Məhəmmədin vəfatı zamanı Omandan Mədinəyə gələn yetmiş nəfərlik heyətin tərkibində olmuşdur.

Xəlifə Ömərin dövründə Bəsrədə məskunlaşan zəngin bir ailənin övladı olan İbn Düreydin təhsilini əmisi Hüseyn ibn Düreyd öz öhdəsinə götürmüşdür. İbn Düreyd təhsilini Bəsrədə almış, bəzi mənbələrdə isə onun Omanda yetişdiyi qeyd edilmişdir. İbn Düreydin əmisindən sonra ilk müəllimi Əbu Osman əl-Üşnəndani olmuşdur. O, müəllimindən onun "Kitabü Məaniş-şier" əsərini rəvayət etmişdir. Dil elmlərində ən çox güvəndiyi müəllimi Əbu Hətim əs-Sicistani olmuşdur. Bundan əlavə, əl-Əsmainin bacısı oğlu İbn Əxul-Əsmai, Əbül-Fəzl ər-Riyaşi, Əbül-Abbas Sələb, Abdullah ibn Məhəmməd ət-Təvvazi kimi bir çox alimdən dərs almış və onlardan rəvayətlər nəql etmişdir.

Hicri 257-ci (871) ildə Bəsrədə baş verən Zənci üsyanı zamanı qətliamdan qaçaraq əmisi Hüseynlə birlikdə doğma vətəni Omana getmişdir. Omanda on iki il qaldıqdan sonra İbn Ümarə adasına, daha sonra isə Fars vilayətinə yollanmış və bölgənin idarəsini əlində saxlayan Mikali ailəsinin xidmətinə daxil olmuşdur. Bu ailənin rəğbətini qazanan İbn Düreyd divanın baş katibi vəzifəsinə təyin edilmişdir. "Əl-Cəmhərə" adlı lüğətini burada yazaraq onu Əbül-Abbas İsmayıl ibn Abdullah əl-Mikaliyə ithaf etmişdir. Ən gözəl şeiri hesab olunan "əl-Məqsura"nı da bu ailə üçün yazmışdır.

Mikalilərin hicri 308-ci (920) ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra Bağdada getmişdir. Əli ibn Məhəmməd əl-Hüvari vasitəsilə xəlifə Müqtədir ilə tanış olmaq imkanı əldə etmişdir. Xəlifə onun bacarıqlı və dirayətli bir alim olduğunu anlayaraq ona aylıq 50 dinar maaş vermişdir.

İbn Düreyd, iki il fasilə ilə keçirdiyi iflic tutmalarının ardınca 18 Şaban hicri 321-ci (13 avqust 933) ildə Bağdadda (və ya Qahirədə) vəfat etmişdir. Mötəzilə kəlamçısı Əbu Haşim əl-Cübbəi də həmin gün vəfat etdiyindən, "Artıq dil və kəlam elmləri də öldü" deyilmişdir. Onun vəfatı münasibətilə mərsiyələr yazılmışdır. Bunların ən məşhuru tələbəsi Cəhza əl-Bərməkinin yazdığı mərsiyədir.

İbn Düreydin dözümlü, hikmət sahibi və hətta israf həddinə çatan dərəcədə səxavətli olduğu rəvayət edilir.

Əsərləri İbn Düreyd "əl-Cəmhərə" (və ya "Cəmhərətül-Lüğə"), "əl-İştiqaq", "əl-Məqsurə" və başqa əsərlərin müəllifidir.

İstinadlar Kateqoriya:Əzd qəbilələri Kateqoriya:Hədis alimləri Kateqoriya:X əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri