Ahmet Zahrəddin Səbuhi Ərtegün () — türk-amerikalı iş adamı, mahnı müəllifi, musiqi şirkəti rəhbəri və xeyriyyəçi.
Ərtegün "Atlantic Records" şirkətinin həmtəsisçisi və prezidenti idi. O, bir çox aparıcı R&B və rok musiqiçilərini kəşf etmiş və onlara dəstək olmuşdur. Ərtegün həmçinin klassik blüz və pop mahnıları da yazıb. O, Ohayo ştatının Klivlend şəhərində yerləşən Rok-n-roll Şöhrət Zalı və Muzeyinin sədri vəzifəsində çalışmışdır. Ərtegün "müasir səsyazma sənayesinin ən mühüm simalarından biri" kimi təsvir edilmişdir. 2017-ci ildə musiqi biznesindəki fəaliyyətinə görə adı R&B Musiqi Şöhrət Zalına daxil edildi.
Ərtegün ABŞ ilə doğulduğu Türkiyə arasında əlaqələrin inkişafına kömək edib. O, ölümünə qədər 20 ildən çox Amerika Türkləri Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. O, həmçinin Şimali Amerika Futbol Liqasının (1968-1984) Nyu-York Kosmos futbol komandasının həmtəsisçisi olub.
Həyatı Ahmet Ərtegünün ulu babası İbrahim Edhəm Əfəndi Osmanlı imperiyası dövründə və Türkiyə İstiqlaliyyət müharibəsi zamanı istifadə edilən, İstanbulun mərkəzində yerləşən gizli baza və xəstəxana olan Üsküdar Özbəklər təkyəsinin son şeyxi idi. O, Türkiyə səfiri Münir Ərtegün və Hayrünnisə Rüstəmin ikinci oğlu idi. Atası Münir Ərtegün Milli Mübarizə dövründə əhəmiyyətli vəzifələri icra edən və xidmətləri yerinə yetirən dövlət xadimi idi.
Ahmet Münir Ərtegün 31 iyul 1923-cü ildə İstanbulda anadan olub. Anası Hayrünnisa klavişli musiqi alətlərində və simli alətlərdə ifa edən bacarıqlı bir musiqiçi idi. O, Ahmet və böyük qardaşı Nəsuhinin dinlədiyi o dövrün məşhur vallarını alırdı. Nəsuhi Ahmeti caz musiqisi ilə tanış etmiş və doqquz yaşında ikən onu Londonda Dyuk Ellinqton və Keb Kellovey orkestrlərini izləməyə aparmışdı. 1935-ci ildə Ahmet və ailəsi Türkiyə Respublikasının ABŞ-dəki səfiri təyin olunmuş atası ilə birlikdə ABŞ-ə köçdülər. Ahmet 14 yaşında olanda anası ona val yazan maşın aldı və o, bu maşınla musiqi bəstələməyə, eləcə də instrumental vallara sözlər əlavə etməyə başladı.
Ərtegünün musiqiyə olan sevgisi onu Vaşinqtonun qara icmasının mərkəzinə cəlb edirdi: burada o, Dyuk Ellinqton, Keb Kellovey, Billi Holidey və Lui Armstronq kimi tanınmış ifaçıları tez-tez görürdü. O, Merilend ştatının Betesda şəhərində yerləşən varlı ailələrin oğulları üçün nəzərdə tutulmuş nüfuzlu özəl məktəb olan Landon Məktəbində təhsil almışdır. Ahmet zarafatla deyirdi: "Mən əsl təhsilimi Hovardda almışam"; burada Hovard dedikdə Vaşinqtonda yerləşən tarixi tamaşa məkanı olan Hovard Teatrı nəzərdə tutulurdu. Varlı ailədə böyüməsinə baxmayaraq, Ərtegün varlı həmyaşıdlarından fərqli bir dünya görməyə başladı. Ərtegün sonralar bununla bağlı deyəcəkdi: "Amerikadakı qaradərililərin vəziyyəti haqqında bir az məlumat əldə etməyə başladım və bu cür mənasız ayrı-seçkiliyin qurbanlarına dərhal empatiya hiss etdim; çünki türklər heç vaxt kölə olmasalar da, müsəlman inanclarına görə Avropada düşmən hesab olunurdular."
Ərtegün və qardaşı prodüser Milt Geyblerin "Commodore" musiqi mağazasına tez-tez baş çəkirdilər: nəticədə ümumilikdə 15 000-dən çox caz və blüz mahnılarından ibarət 78-lik val kolleksiyası toplamış və Ellinqton, Lina Horn və Celli Roll Morton kimi musiqiçilərlə tanış olmuşdular. Ahmet və Nəsuhi Lester Yanq, Sidney Beşe və digər caz nəhənglərinin konsertlərini təşkil edirdilər. Onlar həmçinin musiqiyə qulaq asmaq və inkişaf edən musiqi zövqlərini dərindən dərk etmək üçün Nyu-Orleana və Harlemə səyahət edirdilər.
Ərtegün 1944-cü ildə Annapolisdəki Müqəddəs Con Kollecini bitirib. Həmin ilin noyabr ayında Münir Ərtegün vəfat etdi. 1946-cı ildə prezident Harri Trumen ABŞ və Türkiyə arasındakı dostluğun nümayişi olaraq USS Missouri döyüş gəmisinə onun cəsədini Türkiyəyə qaytarmağı əmr etdi. Bu dəstək nümayişi Sovet İttifaqının Türkiyəyə qarşı potensial siyasi tələblərinə qarşı çıxmaq üçün nəzərdə tutulmuşdu.
Atasının vəfatı zamanı Ahmet Corctaun Universitetində orta əsr fəlsəfəsi üzrə magistratura kursları keçirdi. Qısa müddət sonra ailənin qalan hissəsi Türkiyəyə daimi olaraq qayıtsa da, Ahmet və Nəsuhi ABŞ-də qaldılar. Nəsuhi Los-Ancelesə köçərkən, Ahmet Vaşinqtonda qalıb kollecdə oxumaq məqsədilə müvəqqəti tədbir olaraq səsyazma biznesinə başlamağa qərar verdi.
Fəaliyyəti
1946-cı ildə Ərtegün stomatologiya tələbəsi və "National Records" şirkətinin artistlər və repertuar üzrə mütəxəssisi Herb Abramson ilə dostlaşdı və onlar qospel, caz və R&B musiqisi üçün yeni müstəqil səsyazma şirkəti yaratmaq qərarına gəldilər. Ailə diş həkimi Vahdi Sabit tərəfindən maliyyələşdirilən Ərtegün və Abramson 1947-ci ilin sentyabr ayında Nyu-York şəhərində "Atlantic Records" şirkətini qurdular. İlk səsyazma sessiyaları həmin ilin noyabr ayında baş tutdu.
1949-cu ildə Professor Lonqheyrin ilk albomları da daxil olmaqla, 22 uğursuz albom buraxılışından sonra "Atlantic" ilk böyük hitini Stik Makginin "Drinkin' Wine Spo-Dee-O-Dee" mahnısı ilə etdi. Şirkət 1950-ci illər ərzində genişləndi; Cerri Veksler, daha sonra isə Ərtegünün qardaşı Nəsuhi şirkətə ortaq oldular. Atlantic-də səs yazdıran hit ifaçılar arasında Rut Braun, Big Co Törner, The Clovers, The Drifters, The Coasters və Rey Çarlz var idi.
Ərtegünlər kimi, müstəqil lent yazısı şirkətlərinin rəhbərlərinin çoxu, o cümlədən Bihari qardaşları (Macarıstan yəhudiləri) və Çes qardaşları (Polşa yəhudiləri) immiqrant ailələrindən idi. Ərtegün qardaşları onlardan fərqli olaraq caz duyumunu və bir çox caz ifaçısını R&B-yə gətirmiş, ölkənin müxtəlif yerlərindən gələn blüz və caz üslublarını uğurla birləşdirmişdilər. Atlantic yeni istedadları kəşf edərək, inkişaf etdirərək və dəstəkləyərək o dövrün nəhəng leybllərinin hökmranlığına meydan oxumağa kömək etdi. Şirkət bir neçə il ərzində aparıcı R&B leyblinə çevrildi və novator mühəndis-prodüser Tom Daudun köməyi ilə yüksək keyfiyyətli səs yazılarının istehsalında yeni standartlar müəyyənləşdirdi. Atlantic stereo formatında səs yazısı qeydə alan ilk leybllərdən biri idi və 1957-ci ildə 8 kanallı lent maşınından istifadə edən ilk səsyazma şirkəti oldu.
Ərtegünün özü "A. Nugetre" (ingilis dilində "Ertegun" sözünün tərsinə oxunuşu) təxəllüsü ilə "Chains of Love" və "Sweet Sixteen" da daxil olmaqla bir sıra klassik blüz mahnıları yazmışdır. Bu mahnılar ilk dəfə Big Co Törner tərəfindən ifa edilmiş, sonradan B. B. Kinqin repertuarında öz yerini tapmışdır. "Chains of Love" Pet Bunun ifasında populyar bir hit olmuşdu. O, həmçinin "Pinetop's Boogie Woogie" mahnısının sözlərindən ilhamlanaraq Rey Çarlzın böyük uğur qazanmış "Mess Around" mahnısını yazmışdı. Ərtegün titrlərdə qısa müddət "Nuggy" adı ilə göstərilmiş, sonradan bu ad "A. Nugetre" ilə əvəz olunmuşdu. Ərtegün Veksler və mahnı müəllifi Cessi Stoun ilə birlikdə Törnerin "Shake, Rattle and Roll" mahnısında qışqıraraq oxuyan xor qrupunun tərkibində olub. O, həmçinin The Clovers qrupu üçün 1956-cı ildə hit olan "Ting A Ling" mahnısını yazıb, bu mahnı sonradan Baddi Holli tərəfindən də ifa olunub. The Clovers qrupunun başqa bir mahnısı olan "Fool, Fool, Fool" isə Key Starrın ifasında hitə çevrilib. Onun "Don't Play That Song (You Lied)" mahnısını Areta Franklin, Ben Kinq ifa edib, beynəlxalq versiyasını isə Adriano Çelentano səsləndirib.
The Clovers qrupunun "Lovey Dovey" mahnısının beş misrası Stiv Miller tərəfindən özünün "The Joker" hitində istifadə olunub. Nugetrenin digər R&B hitləri arasında The Drifters qrupunun ifasında "What'cha Gonna Do", Rut Braunun ifasında "Wild, Wild Young Men", Rey Çarlzın "Heartbreaker", The Clovers qrupunun ifasında "Middle of the Night", Big Co Törnerin ifasında "Ti-Ri-Lee" və Lavern Beykerin ifasında "Story of My Love" mahnıları var. Bunların hamısı əvvəlcə "Atlantic Records" üçün yazılmışdı. O, həmçinin fin müğənnisi İrina Milan üçün Ahmet Ərtegün adı ilə "Missä Olit Silloin (Ankarada sübh)" mahnısını da yazıb.
1958-ci ildə Ərtegün "Atlantic Records" şirkətinin prezidenti vəzifəsində Abramsonu əvəz etdi, Abramson isə şirkətdəki payını satdıqdan sonra şirkəti tərk etdi.
Şəxsi həyatı Ərtegün 6 yanvar 1953-cü ildə isveçli ABŞ aktrisası, model və dekorator olan, Karl Enstamın qızı və Edvard Volter Ratbanın keçmiş həyat yoldaşı Yan Holm (qızlıq soyadı Enstam) ilə evləndi. Cütlüyün övladı olmayıb və təxminən 1956-cı ildə boşanıblar.
1961-ci ildə Ərtegün Ştefan Qreçanunun keçmiş həyat yoldaşı və rumıniyalı həkim və dövlət xadimi Yorge Banunun qızı olan Yoana Mariya Mika Qreçanu ilə evləndi. Mika sonradan tanınmış interyer dizayneri oldu və "MAC II" dekorasiya firmasının həmtəsisçisi kimi tanındı. Cütlüyün övladı olmamışdır.
Sonrakı illərdə fəaliyyəti 1960-cı illərdə "Atlantic" tez-tez Memfis şəhərindəki "Stax Records" kimi yerli leybllərlə əməkdaşlıq edərək Ben Kinq, Solomon Börk, Otis Reddinq, Sem və Deyv, Persi Slec, Areta Franklin və Vilson Pikett kimi ifaçılarla birlikdə soul musiqisinin inkişafına kömək etdi. Ərtegün 1965-ci ildə Nyu-Yorkun Vesthempton qəsəbəsindəki bir gecə klubunda The Rascals qrupunu kəşf edib onları "Atlantic" ilə müqavilə bağlamağa dəvət etməklə, Amerikanı bu qrupla tanış etdi. Onlar birlikdə dörd il ərzində Top 40 siyahısına 13 sinql daxil etdilər və 1997-ci ildə R&B Musiqi Şöhrət Zalına seçildilər. Led Zeppelin qrupunun demosunu dinləyən Ərtegün ilk bir neçə mahnını eşitdikdən sonra onların uğur qazanacağına əmin oldu, buna görə də tez bir zamanda qrupla müqavilə bağladı. Diskonun məşhur olduğu 1970-ci illərin sonunda Ərtegün prodüser Silvio Tankredi ilə "Atlantic Records" üçün müqavilə imzaladı. "Atlantic Records" eyni zamanda Stiven Stilzin səs yazılarına münasibətdə hüquqlara malik idi. Devid Geffen ilə danışıqlar apardıqdan sonra — o da öz növbəsində "Columbia Records" şirkətindən Klayv Devis ilə Devid Krosbi və Qrem Neşin hüquqlarının "Atlantic Records" şirkətinə keçirilməsi barədə danışıqlar aparırdı — Ərtegün "Crosby, Stills and Nash" qrupu ilə müqavilə bağladı və üçlüyü inandırdı ki, Nil Yanqın onların bir turnesində özlərinə qoşulmasına icazə versinlər; bununla da "Crosby, Stills, Nash and Young" qrupunun əsasını qoydu.
Ərtegünün əvvəllər "Atlantic"-i satmaq niyəti olmasa da, tərəfdaşı Cerri Veksler leyblin gələcəyi barədə narahat idi. O, Ərtegünün qardaşı Nəsuhini öz mövqeyinə inandırdıqdan sonra, Ərtegün sonda razılaşdı və onlar 1967-ci ildə "Atlantic"-i "Warner Bros.-Seven Arts"-a 17 milyon dollarlıq səhm müqabilində satdılar. Bununla belə, Veksler sonradan etiraf etdi ki, "Vudstok" filminin və filmə aid albomun hüquqları da daxil olmaqla bütün aktivləri nəzərə aldıqda, bu sövdələşmə nəticəsində onlara leyblin əsl dəyərinin yarısından az bir məbləğ ödənildi. Veksler R&B janrının populyarlığının azalması ilə 1950-ci illərin digər müstəqil lent şirkətlərinin bağlandığını görmüş və bildirmişdi ki, yalnız Ərtegünün ağdərili rok musiqiçiləri ilə müqavilə bağlamaq kimi uzaqgörən siyasəti "Atlantic"-in davamlı uğurunun əsasına çevrildi."Atlantic Records; The House That Ahmet Built" Rhino DVD, 2007. Dörd il sonra Ərtegün qardaşları pulun bir hissəsini götürüb Şimali Amerika Futbol Liqasının Nyu-York Kosmos futbol komandasının həmtəsisçisi oldular. Onlar Pele, Karlos Alberto Torres və Frans Bekkenbauer kimi məşhur futbolçuların kluba gətirilməsində mühüm rol oynadılar.