Dariya Yevgenovna Boharne (; ) — VI Loyxtenberq hersoqu Ejen Maksimilyanoviçin qızı.

12 mart 1870-ci ildə Sankt-Peterburqda nənəsi Mariya Nikolayevnanın sarayında dünyaya gəldi. Atası VI Loyxtenberq hersoqu Ejen Maksimilyanoviç, anası isə rus generalı Mixail Kutuzovun nəvəsi Dariya Konstantinovnadır. Doğulduğu əsnada anası vəfat etdi. 19 martda vəftiz edildi. Paris və Karlsruedə təhsil aldı. Alman, ingilis, rus, fransız və italyan dillərini sərbəst öyrəndi.

7 sentyabr 1893-cü ildə Baden-Badendə Lev Mixailoviç Koçubəylə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, 1910-cu ildə boşandılar.

Yevgen (1894-1951), Yelena (1898-?) Nataliya (1899-1979), katolikliyə keçdi və Sofiya adını alaraq rahibə oldu.

İkinci evliliyi 1911-ci ildə Vladimir Yevgeniviç Qrevenitslə baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı və 1913-cü ildə boşandılar.

Üçüncü evliliyi isə Viktor Aleksandroviç Markezetti ilə baş tutdu. Ancaq bu evlilik gizli idi və bu nigahdan da övladı olmadı.

Birinci Dünya müharibəsi illərində şəxsi tibbi alayıyla birlikdə arxa cəbhədə xidmət etdi. Fevral inqilabının ardından Bavariyaya getdi və burada vətəndaşlıq aldı. Ancaq çox keçmədən 1918-ci ilin oktyabrında yenidən vətənə qayıtdı. 1927-ci ildə SSRİ vətəndaşlığına keçdi və kitabxanada çalışmağa başladı. 10 sentyabr 1937-ci ildə əriylə birgə həbs olundular. 5 noyabrda güllələndi. 1989-cu ilin mayında bəraət qazandılar.

İstinadlar