Daraba otağı — tırınqı və aşıq məclislərinin keçirilirilməsi üçün nəzərdə tutulmuşdur. Daraba otaq hər bir Ağbaba kəndində vardı. Daraba otağı digər otaqlara nisbətən iri olub, üç tərəfdən bir metrdən bir qədər az taxtlarla əhatə olunmuşdu, ancaq qapı tərəfdə taxt yoxdu. Taxtlar təxminən çarpayı enində, otağın divarları boyunca uzanırdı. Ortaya palaz, cecim, xalça, xalı salınırdı. Burada aşıq, onun şəyirdi dövran edirdilər. Otağın bir küncündə buxarı, ya da soba vardı. Buna görə də otaq həmişə isti olurdu. Daraba otağın tavanına bir neçə sıra çıraq düzülürdü. Onların piltələri mal yağı ilə doldurulduğundan otaqda iy olmurdu, içəri yaxşı işıqlanırdı. Belə işıqlı, isti otaq qış günlərində kara gəlirdi, adamlar böyük həvəs və maraqla el sənətkarlarının şirin ləhcə ilə danışdıqları nağıllara (adətən, el sənətkarları dastana "nağıl" deyirdilər) qulaq asırdılar.Tacir Səmimi. Sözüm-söhbətim Ağbaba. Bakı, UniPrint, 2026.səh.278
Etimologiyası "Daraba" sözü iki hissədən ("dar"+"aba") ibarətdir. Birinci hissə (dar) əslində "tar"dır. Məsələn, toyuq tarı. İkinci hissə ("aba") "əbə" kimi də məlumdur, müraciət forması kimi işlənirdi. Məsələn: Aşıq Qənbərə həmkəndliləri "əbə" deyirdilər. Kəndlərdə "əbə", "aba" "ata", bəzən də "ana" mənası bildirirdi. Məlumat üçün qeyd edək ki, Qafanın Acıbac kəndinin yaxınlığında bir neçə dərəni birləşdirən böyük dərə Əbədərə adlanırdı. Buradan "daraba" "böyük taxtı olan" anlamında olduğu qənaətinə gəlmək olur. Daraba otaqlar həm də ağbabalıların yüksək mədəniyyətindən və qədim gələnəklərindən soraq verməkdədir. Demək olar ki, hər bir kənddə azı iki daraba otaq vardı. Daraba otaq o biri otaqlara nisbətən iri olurdu. Belə otaqların hər birinin uzunluğu 11–12 m, eni 7–8 m olub, üç tərəfdə divar boyunca taxtlar qurulmuşdu, ancaq qapı olan divarda taxt kəsilmirdi. Taxtların eni 1,8–2 m olub, təxminən 70–80 sm hündürlüyündə dirəklər üzərində qurulurdu. Taxtın üstünə nimdərlər və mütəkkələr düzülürdü. Bir küncdə soba və ya ocaq (buna az təsadüf olunurdu), buxarı yerləşirdi. Sobada kərmə yanacaq kimi istifadə edilirdi (30, 76). Ortalığa palaz, həsir, xalça, xalı salınırdı. Qeyd edək ki, belə otaqlar ancaq Çıldır-Qars tərəfdə rastlanırdı. Üstəlik, bu otaqlar çoxsaylı lampalarla işıqlandırılırdı. Qışda daraba otaqlar həm isti, həm də işıqlı idi deyə aşıq məclisləri və digər yığıncaqlar burada keçirilirdi. Adətən bu məclislərdə qadınlar, uşaqlar iştirak edə bilməzdilər. Daraba otağın tavanına, ağaclara naxış və bəzəklər vurulmuşdu. Bu, tilsim kimi ailəni, onun üzvlərini qada-bəladan qoruyurdu – ağbabalılar belə də düşünürdülər.
İstinadlar
Kateqoriya:Ağbaba mahalı